Qadir İbrahimli: ”Yaxın həftələrdə əməkhaqlarının artımını real saymıram”

“Novruz Bayramına qədər proses tam yekunlaşacaq”

Source:


“Novruz Bayramına qədər proses tam yekunlaşacaq”

Prezident İlham Əliyev başda olmaqla müvafiq nazirliklərin rəhbərləri Mərkəz Bankın 21 dekabr qərarından sonra start götürən süni qiymət artımına qarşı sərt tədbirlər görəcəklərini bəyan ediblər. Bununla belə, bir sıra ərzaq məhsulları və dərmanlar maya dəyərindən daha baha satılır.

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə açıqlamasında bu barədə fərqli düşündüyünü bildirib: “Əgər hökumət sünü qiymət artımından danışırsa, deməli, ölkədə rəqabət mühitinin olmadığını etiraf edib. Bu, o deməkdir ki, biznes mühiti inhisarçıların nəzarətindədir. Çünki ancaq monopoliya şəraitində süni qiymət artımına rəvac verilir. Yəni inhisarçılar bazarda rəqiblərinin olmamasından istifadə edərək süni qiymət artımları yaradırlar. Ona görə hökumətin inzibati yolla problemi tənzimləmə imkanları məhduddur. Əgər rəqabət mühiti olsaydı, süni qiymət artımından da söhbət gedə bilməzdi. İkincisi, hökumət “süni” adlandırdığı qiymət artımının qarşısını necə ala bilər ki, 48 faiz devalvasiya qərarı verilib və ərzaq bazarının 70-75 faizi idxal məhsullarından ibarətdir. Belə bir şəraitdə qiymət artımı təbiidir. Hətta sağlam biznes mühiti olsaydı da, 48 faizlik devalvasiya şəraitində qiymət artımı qaçılmazdır. Üçüncüsü, hökumətin bəyanatlarına baxmayaraq, qiymət artımı var və bu, devalvasiya faizlərinə uyğun həyata keçirilir. Əks təqdirdə, məhsul gətirən şirkətlər müflis olub bazardan çıxacaqlar”.

İqtisadçı hesab edir ki, hökumət “süni” dediyi qiymət artımının qarşısını almaq istəyirsə, zəhmət çəkib gömrük mühitini şəffaflaşdırmalıdır: “Birinci növbədə, gömrük mühiti sadələşdirilməlidir ki, ölkəyə gətirilən məhsullara problemlər yaradılmasın. Bilrsiniz ki, gömrük sərhəddində inhisarçıların nümayəndələri oturub, onlar qanunun tələblərini kənara qoyub ölkəyə gətirilən məhsullara nəzarət edirlər. Əgər inhisarçıların maraqlarına zidd məhsul gətirilirsə, onu buraxmırlar. Faktiki olaraq ölkədə idxal mafiyası var, yalnız bu şəbəkəni dağıtmaqla özbaşınalığı müəyyən qədər aradan qaldırmaq olar. Konkret olaraq, gömrükdə yüklərin bəyan edilməsi sistemini ASAN-Xidmət rejiminə keçirmək lazımdır”.

Qadir İbrahimlinin fikrincə,  21 dekabr qərarından sonra idxal məhsulları birbaşa, yerli məhsullar isə dolayı ilə bahalaşmaya məhkumdur: “Bu, təbii prosesdir. Çünki yerli məhsullar indiki qiymətdə qalsa, bir il sonra rəqabətə davam gətirməyəcəklər. Həm də bir sıra yerli məhsulların müəyyən xammalı və avadanlıqları xaricdən gətirilir”.

İqtisadçı yeni qiymətlərin oturuşma prosesinin 2-3 ay davam edəcəyini düşünür: “Novruz Bayramına qədər proses tam yekunlaşacaq. Ən pisi odur ki, qiymət artımının fonunda əməkhaqqı və pensiyalar artırılmır. İnanmayın ki, dövlətin əməkhaqlarını devalvasiya templərinə adekvat olaraq artırsın, adətən, Azərbaycanda maaş artımı 48 yox. 10-15 faiz olur. Ən əsası büdcədə maaş artımı üçün vəsait də yoxdur.  Ona görə yaxın həftələrdə əməkhaqlarının artımını real saymıram, olsa belə, simvolik olacaq. Bu da əhalinin devalvasiyadan aldığını zərbəni aradan qaldırmayacaq”.

Ana səhifəXəbərlərQadir İbrahimli: ”Yaxın həftələrdə əməkhaqlarının artımını real saymıram”