“Əvvəl yalnız bulvarda pedallayırdıq. Bu dəfə şəhər turu etdik. Məqsəd velosipedi cəmiyyətin diqqətinə çatdırmaq idi. Velosiped həm ekoloji təmiz nəqliyyat vasitəsidir, həm də sağlamlıqdır, idmandır” – deyir, Səhər Mehman.
8 Martla bağlı Bakıda qadınların iştirakı ilə veloyürüş keçirilib.
Tədbiri “Velo Təlim Səhərlə” və “Cyclemania Lady” qrupları təşkil edib. Tura Azərbaycan Velosiped İdmanı Federasiyası da dəstək verib.
“Turun bir məqsədi də velosipedi cəmiyyətin gözündə oyuncaq olmaqdan xilas edib, nəqliyyat vasitəsi kimi göstərməkdir”, – deyə bildirir tur iştirakçıları.
Veloyürüşdə 50-dən çox xanım iştirak edib. İştirakçılardan Cəlalə Osmanlı tura 2 yaşlı qızı Eliflə qatılıb. Bu, onun Eliflə qatıldığı ilk turdur:
“Həmişə fikirləşirdim ki, Elif böyüyəndən sonra tura qatılaram. Düşünürdüm ki, onunla mümkün olmaz. Risk edib qatıldım. Düzdür, yolda müəyyən çətinliklər oldu, ancaq ümumilikdə yaxşı keçdi”.