Qadağan olunmuş şəkillər

İmkan verin, dostlarımızı özümüz seçək!

Source:

Şəkillər qadağandır. Dostluq qadağandır. Birlikdə yaşamaq qadağandır. Bir mövzunun üç tərkib hissəsidir bunlar. Bizim qarışıq, konfliktlərlə dolu regionumuz barədə çoxdandır ki, yazmaq istəyirdim.

İndi konfliktlərin özünü təsvir və izah etmək fikrindən uzağam. Amma bir şeyi bilirəm: tərəflərin hamısın öz həqiqəti, itkisi, öz ağrısı və sevməmək haqqı var. Bununla belə, hər bir tərəfin də dostluq, ünsiyyət və sevgi üçün şəxsi hüquqları, haqqları var.

Mən bunları demək, yazmaq ehtiyacını ona görə hiss elədim ki, siyasətin və bəzi KİV-lərin baxışlarının insanların həyatlarını necə korladıqlarını görürəm. Adları çəkilənlər elə yerdə, elə söhbətərdə peyda olurlar ki, o yerlərlərdə çağrılmamış qonaqdırlar.

Əgər sən ermənisənsə, azərbaycanlıları və türkləri sevmək haqqın yoxdur, azərbaycanlı ya türkənsə, ermənilərə nifrət eləmək sənin müqəddəs borcundur. Abxazlar və osetinlər gürcülərlə ya gürcülər abxaz və osetinlərlər dost ola bilməzlər. Yox, axı bu nifrət doktrinası ilə hec cür uyuşmur, axı düşmənlər dost olsa, sadə vətəndaşları necə qorxudacaqlar?

Əlbəttə, siz etiraz edə bilərsiniz. Deyə bilərsiniz ki, həmişə belə deyil. Amma razılaşaq ki, adətən belə olur. Xüsusilə sosial şəbəkələrdə bunu açıq-aşkar hiss etmək olar. “Düşmən” xalqların övladları dostlaşanda belə, birlikdə şəkil çəkdirməkdən, bir-birini dostluğa əlavə etməkdən, bir-birinə şərh yazmaqdan çəkinir, qorxurlar. Axı yerin də qulağı var, lazımi yerlərə çatdırarlar, adamı xalq düşməni edərlər! Ən azından di gəl, yaxınlarına, dostlarına cavab ver. Sənə sübut etməyə çalışacaqlar ki “düşmən”lə dost olmaq mümkün deyil, başına dost qəhətdir, özümüzünkülərə nə olub, get, gül kimi öz xalqının nümayəndələri ilə dost ol! Yaddan, üstəlik, düşməndən nə dost?

Şəkillər isə bir ayrı dərddir. “Düşmənlərin” birlikdə dayandığı şəkilləri heç vaxt paylaşmaq olmaz! Birincisi, heç sizin dost olduğunuzu bilməsələr yaxşıdır, o ki qaldı, şəkil ola. Onilliklərdir nifrətin davam elədiyi yerdə təsəvvür edin “düşmən”lərin birlikdə şəklini.

Amma bunu da təsəvvür edin ki, bütün bu nifrətə, qorxuya baxmayaraq, “düşmən”lə dostluq etməyi bacaran adamlar var.

Dəfələrlə görmüşəm ki,”düşmən” xalqların necəsə dostlaşan övladları birlikdə şəkil çəkdirir, sonra o şəkillər itib-batır. O şəkillər siz heç vaxt sosial şəbəkılərdə görə bilməzsiniz. Məsələ intimlikdən getmir. Real qorxudan gedir. O adam bir şəklə görə onu gözləyən problemlərdən xəbərdardır. Dəfələrlə şahidi olmuşam ki, belə adamlardan biri düşünmədən şəkli sosial şəbəkələrdə paylaşır, sonra ya özünü, ya dostunu nələrin gözlədiyini düşünərək, silir.

Belə şeylər müxtəlif vəziyyətlərdə baş verir. Daha çox isə bu hallara treninq və seminarlarda rast gəlirik. O dəqiqə qarşı tərəfdən olanlar deyir ki, burda olanları açıb-ağartmayaq, nə olsun seminar açıqdır, axı vəziyyəti bilirsiniz. Bununla belə, hər iki  tərəf bir-birinə sübut eləməyə çalışır ki, ölkələrində demokratiya yönündə quruculuq işləri gedir. Mənə maraqlı olur ki, bu adamlar ümumiyyətlə, o sözün fərqinə varırlarmı? Seçmək azadlığı varsa, bəs sənin dostluq edəndə seçmək azadlığın hanı? Öz qərarın, öz mövqeyin hanı?

Özüm də bu vəziyyətə düşmüşəm. Elə şəkillərim olub ki, sonra o şəkildəki adamlara görə dostlarımla mübahisə eləməli, çoxları ilə münasibətimi korlamalı, haqlı olduğumu sübut etməli olmuşam. O qədər şəkillərim var ki, bilirəm, onları heç kimə göstərməyəcəm. Çünki, həmin adamlara problem yaratmaq istəmirəm.

Bilrisiniz, o şəkillərdə nə var? Orda dostluq var, normal insani münasibətlər var, gülüş, rəqslər, sevinc var. “Düşmən” xalqların övladları isə bu hissləri birlikdə yaşaya bilməzlər.

Dostluq, sevinc, şəkillər, azad həyat qeyri-rəsmi şəkildə qadağan olunub bizə.

Axı biz hansı millətin övladı olaraq doğulmağımızı özümüz seçmirik. Ata-anamızı, qohumlarımızı özümüz seçmirik.

Heç olmasa, imkan verin, dostlarımızı özümüz seçək!

Mənbə: http://women-peace.net/neglasnyj-zapret-druzhbu/


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəQadağan olunmuş şəkillər