İlham İsmayıl: ”Başqa dövlətin vətəndaşını o dövlətin qarşısında göstərdiyi xidmətlərə görə təltif edə bilər”
Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Şərəf” ordeni ilə mükafatlandırıb.
Mükafatlandırma aprelin 26-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərliyi ilə Soçidə keçirilən 9-cu beynəlxalq görüşü çərçivəsində gerçəkləşib.
Tədbirdə Ramiz Mehdiyev “Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü” mövzusunda çıxış edib. Ramiz Mehdiyev beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.
Ramiz Mehdiyevi aprelin 16-da 80 illiyi münasibəti ilə prezident İlham Əliyev “Şöhrət” ordeni ilə təltif
etmişdi
.
Müsavat Partiyasnının başqanı Arif Hacılı Meydan TV-yə bildirib ki, Rusiya prezidentinin Azərbaycanın yüksək vəzifəli dövlət məmurlarını orden və medallarla təltif etməsi ilk hadisə deyil.
Başqan sərəncamı anormal və absurd adlandırıb:
“Çünki Rusiya başqa və dost olmayan dövlət olduğundan Azərbaycanın yüksək vəzifəli şəxslərinə orden verməsinin anlamı yoxdur. Azərbaycanın ərazilərinin işğal altında saxlanmasının səbəbkarı olan dövlətin rəhbərinin yüksək vəzifəli şəxslərə orden və medallar verməsi ağlasığmaz absurd bir hadisədir”.
Təhükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Rusiya prezidentinin sərəncamını Ramiz Mehdiyevin yubileyi əlaqələndirmir:
“Ramiz Mehdiyev keçmiş SSRİ-də partiya funksioneri olub. Rusiya ordeni Ramiz Mehdiyevin xidmətlərinə görə verib. Amma hansı xidmətləri olduğunu bilmirəm”.
İlham İsmayıl deyir ki, bir dövlət qarşısında hansısa formada xidmət göstərməsən, nəyisə yerinə yetirməsən, orden verməzlər:
“Heç kəsə 80 yaşına görə orden verməzlər. Bir dövlət başqa dövlətin vətəndaşını o dövlətin qarşısında göstərdiyi hansısa xidmətlərə görə təltif edə bilər. Sabah ABŞ Azərbaycan hakimiyyətinin hansısa məmurunu təltif etsə, Vaşinqton qarşısında xidmətlərə görə bunu edəcək”.
İlham İsmayılın sözlərinə görə, Azərbaycan hakimiyyətinin yüksək çinli məmurlarının Rusiya tərəfindən təltiflənməsi Putin iqtidara gələndən sonra oldu: “Putin hakimiyyətə gələndən sonra Azərbaycanla isti münasibətlər yarandı, amma bu isti münasibətlərin bizim bir nömrəli problemimizə-Dağlıq Qartabağ məsələsinin həllinə müsbət təsiri olmadı”.
Ramiz Mehdiyev 1995-ci ildən Prezidentinin Administrasiyasının rəhbəridir. O, 2008-ci ildə “İstiqlal”, 2013-cü ildə “Şərəf” , 2018-ci ildə “Şöhrət” ordeniləri ilə təltif edilib.
Rusiya prezidenti Vladimir
Putin
2015-ci ilin martın 8-də prezidentin köməkçisi Əli Həsənovu, Milli Məclisin sədri Oqtay Əsədovu, 2016-cı ilin martında baş nazirin birinci müavini Yaqub Eyyubovu “Dostluq” ordeni ilə təltif edib.