Hikmət Hacızadə: “”Dostluq” ordeninin təltifində böyük plan, yaxud qəsd görmürəm”
Ərəstun Oruclu: “Görünür, Kreml onların irəli çəkilməsində maraqlı olması mesajını verir”
Azər Rəşidoğlu: “Son təltiflər Azərbaycan hakimiyyətindəki “5-ci kalon”un rəhbərlərinin adının açıqlanması anlamına gəlmir”
Rusiya prezidenti Vladimir Putin martın 8-də xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan prezidentinin ictima-siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilib.
Fərmanda göstərilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilirlər.
Fərman barədə məlumat yayılan gün Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanovun “Tribune-Review” qəzetinə müsahibəsində “Ermənistan iqtisadiyyatına yatırmağa kifayət qədər pulumuz var” fikri də diqqətdən kənar qalmadı.
Hər iki olay Azərbaycan mediasının və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Həm sıravi vətəndaşlar, həm jurnalistlər, həm də siyasilər münasibət bildirirlər.
Meydan TV məsələ ilə bağlı politoloqlara müraciət etdi.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə “Dostluq” ordeninin təltifində böyük plan, yaxud qəsd görmədiyini dedi: “İkitərəfli münasibətlərdə dövlət məmurları başqa dövlət tərəfindən mükafatlandırılır, belə şeylər olur. Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti Rusiya hakimiyyəti ilə yaxın dostdur”.
Hikmət Hacızadənin fikrincə, Elin Süleymanovun dedikləri Azərbaycanın Qarabağ problemi ilə bağlı sülh planının tərkib hissəsidir və yeni məsələ deyil: “Vaxtilə İlham Əliyev də bu barədə danışıb. Ancaq Ermənistan müstəqil deyil, orda hər şeyi Rusiya həll edir. Dünya siyasi tarixində belə hallar olub və bəzi ölkələr buna gedib”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu Rusiya prezidentinin Ramiz Mehdiyevi də “Dostluq” ordeni ilə təltif etdiyini xatırladaraq bildirdi ki, administrasiya rəhbərinin son ilyarımdakı fəaliyyəti açıq Moskvapərəst siyasət olub: “Həm də cənab Mehdiyev son 12 ildə Azərbaycan hakimiyyətində siyasi proseslərə təsiri olan məmurlardandır. Təbii ki, Mehdiyev Azərbaycanda anti-Qərb mövqeyinin formalaşmasında böyük rol oynayıb və son 2 ildə anti-Amerika kampaniyasına şəxsən rəhbərlik edib, heç mövqeyini də gizlətməyib. Görünür, Rusiya bu siyasətin davamında və Azərbaycanla mənafelərinin yaxınlaşmasında maraqlıdır. Bu səbəbdən orden mükafatlandırmasını təkrar həyata keçirdi, amma indiki zamanda iki yüksək dövlət rəsmisinə ordenləri verir. Onlardan biri hakimiyyətdə de-yure üçüncü şəxsdir, söhbət Oqtay Əsədovdan gedir. O biri isə son təyinatdan sonra Mehdiyevin yerinə ən real namizədlədən biri kimi ictimaiyyət tərəfindən müzakirə olunan Əli Həsənovdur. Görünür, Kreml onların irəli çəkilməsində maraqlı olması mesajını verir. Əlbəttə, Rusiyanın onları hansı postda görmək istədiyini söyləmirik, bu, ehtimaldır”.
Politoloq fikrini əsaslandırmaq üçün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Rusiya prezidenti Putin bir neçə vəzifəyə onun istədiyi adamları təyin etməyi tələb etmişdi” – xatırlatdı. “Mən Putinin bu cür davranışı Azərbaycana münasibətdə də rəva görməsini istisna etmirəm. İstənilən halda xarici dövlətin Azərbaycan rəsmilərinə xüsusi diqqət göstərməsi heç də yaxşı hal deyil. Çünki bu faktiki olaraq ölkənin daxili işlərinə müdaxilə və təzyiqdir. Baxın, Oqtay Əsədov dəfələrlə Milli Məclisdə Qərb əleyhinə fikirlər səsləndirib, amma deputatların Rusiya əleyhinə danışmasına imkan verməyərək, onların kobud və təhqiramiz şəkildə susdurub. Söhbət Rusiyanın Azərbaycandakı tərəfdaşlarına dəstək verməsidir, bunu açıq demək lazımdır. Bu mənada İlham Əliyevin müstəqil siyasət fikrinə açıq müdaxilə kimi görünür. Ola bilər bu, sadəcə, orden verməkdir və Novruz Məmmədova da vaxtilə Fransa Legionu ordeni verilib, deyə iddiada ortaya qoymaq olar. Amma Parislə Moskvanın Bakıya münasibətinin müqayisə olunmazlığını nəzərə alanda fərq görünür”.
Ə.Oruclu səfir Süleymanovun açıqlamasına iki tərəfdən yanaşır: “Müsahibəsində ABŞ-Azərbaycan münasibətinin müttəfiqlik səviyyəsinə qaytarılmasını təklif edir. Güman edirəm ki, Azərbaycan tərəfi ABŞ-la əvvəlki münasibətlərin bərpa oluması naminə hətta Ermənistana bu cür güzəştlərə getməsini təklif edir. Yəni bir növ mübadilə təklifi. Hakimiyyətin müstəsna prioriteti daha çox özünü qorumaq olduğunu nəzərə aldıqda, o zaman səfirin açıqlamasını Bakının Vaşinqtondan əvvəlki, Buş dövründə olan dəstəyə ehtiyacı olduğunu umduğunu demək olar. Buş administrasiyası o zaman qanunların ayaq altına atılmasına baxmayaraq, Əliyev hakimiyyətini dəstəkləyirdi. Çox yüksək ehtimalla bu açıqlamanın davamı da olacaq. Hakimiyyətə Rusiyanın təzyiqindən qorunmaq üçün yeganə tərəfdaş Vaşinqton ola bilər, ona görə Bakı əvvəlki münasibətlərin bərpasına can atır. Səfir özbaşına belə açıqlama verməz, rəsmi Bakıdan verilən tapşırıqdır. Məsələ ondadır ki, son aylar lobbiçilik fəaliyyətinin ciddi effekti olmadığından belə açıqlama verilib. Faktiki olaraq, iki ölkə münasibətləri yetərincə zədələnib”.
Siyasi icmalçı Azər Rəşidoğlu güman etmir ki, son təltiflər Azərbaycan hakimiyyətindəki “5-ci kalon”un rəhbərlərinin adının açıqlanması anlamına gəlmir. Azərbaycanda Rusiyaya doğru reveranslar edilir, amma xarici siyasətdəki dönüşün müəllifi ölkənin prezidentidir. Əslində, Mehdiyevi, Əsədovu və Həsənovu Rusiyameylli məmur kimi hədəfə çıxartmaq dövlət başçısını bu hədəfdən yayındırmağa xidmət edir. Bir daha deyirəm, Azərbaycanın İran, Rusiya və Qərb ölkələri ilə münasibətlərin necə qurulmasını prezident müəyyənləşdirir. Bu mənada Həsənovun və Əsədovun təltif olunması onların birinin administrasiya rəhbəri, o birinin baş nazir olması mesajına gəlmir. Bu cür niyyətlər olduqda, açıq şəkildə yox, bağlı qapılar arxasında danışıqlarda ortaya qoyulur. Vəziyyət göründüyü qədər sadə deyil.
Azər Rəşidoğlu hesab edir ki, hakimiyyətin daxili siyasətdə Rusiyapərəst görünməyinə baxmayaraq, bütün taleyi Qərblə əməkdaşlıqdan asılıdır: “Hakimiyyət enerji daşıyıcıları ilə bağlı Qəblə anlaşmaya gedəndə, özünün təhlükəsizliyini sığorta etmişdi. Bu baxımdan hakimiyyətin pulu və dəstəyi Rusiyadan yox, məhz Vaşinqtondan və Avropa ölkələrindən gəlir. Ona görə hakimiyyətin zaman-zaman Qərbə qarşı çıxması danışılmış oyuna bənzəyir. Yəni “bizim qonşularımız İran və Rusiyadır, bizə təzyiqlər edirlər və Qərbə qarşı çıxmağa məhkumuq” tezisini verməklə, diplomatik gediş edir”.
“Azərbaycanda demokratiyanın boğulub, korrupsiyanın çiçəklənməsinin bir memarı var, o da ABŞ başda olmaqla Qərbdir. Rusiya heç vaxt niyyətini gizlətmədiyindən daha səmimi görünür. Moskva açıq bəyan edib ki, postsovet məkanı onların nəzarətində olmalıdır. Bu baxımdan Kremli Ağ Evdən daha səmimi hesab edirəm. Son 20 ildə Ağ Ev və Avropa ölkələri demokratiya dəyənəyindən istifadə edərək, özlərinə lazım olan imtiyazları alaraq, demokratiyanı məhv ediblər. Baxın, Qərb dəyərlərini daşıyan insanlar həbsdədir, Azadlıq Radiosu qapadılıb, BBC və “Amerikanın Səsi” radiolarının tezliyi alınıb. Bu mənada Azərbaycan hakimiyyətində kimlərinsə Rusiyanın adamı olması barədə fikirlər rəsmi Bakının maraqlarına cavab verir. Bu gün hakimiyyət ideoloqları müxtəlif cəbhələrdə var, müxalifətdə, politoloqlar arasında, mediada, onlar kimlərisə hədəfə çıxarıb, bu adamların Rusiyapərəst olduğunu deməklə ssenarini pozmaqla məşğuldurlar. Axı Mehdiyev, Əsədov və Həsənov o qədər önəmli şəxslər deyil ki, xarici siyasəti müəyyənləşdirsinlər. Artıq “o idarə etmir, kimlərsə idarə edir” yalanı işləmir. Əliyev çox gözəl idarə edir və bütün siyasətin memarı odur”,- Rəşidoğlu belə deyib.
Səfir Elin Süleymanovun dediklərinə gəlincə, siyasi icmalçı bildirdi ki, bu gün ölkədə mətbuat sıradan çıxarılıb, müstəqil telekanal və qəzet yoxdur, QHT sektoru, müxalif düşərgə darmadağın edilib. Bütün bunlar Qərbin susqunluğu ilə həyata keçirilib: “Əgər ABŞ Azadlıq Radiosunu qoruya bilmirsə, yaxud İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı həyata keçmirsə, bu, Azərbaycanda hansı dəyişikliyə nail ola bilər? Qərbə Azərbaycanda korrupsioner rejimin olması daha maraqlıdır. Çünki belə rejimlə şantaj dilində danışmaq və istədiyi imtiyazı əldə etmək daha asandır. Qərb Ukrayna və Gürcüstanda etdiyi Azərbaycanda müşahidə olunmadı. Adi bir misal, həmin ölkələrdə gənclər təşkilatının yaradılmasına verilən dəstəklə NİDA-ya verilən dəstəyi müqayisə etsəniz, hər şey aydın olar. Görünən odur ki, Qərb Azərbaycanın Yaxın Şərq modeli üzrə inkişafında maraqlıdır”.