Üçtərəfli bəyanatın icrası da müzakirə olunub
Avqustun 29-da Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bildirilir ki, dövlət başçıları ölkələrarası münasibətləri və gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, tərəflərin Qarabağdakı vəziyyətə də toxunduğu bildirilir:
“Onlar 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini vurğulayıblar”.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələri sıradan çıxarmaqda günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.