Putin Ermənistanı seçdi

Elxan Şahinoğlu: “Əgər Putin Ankara və Bakını strateji tərəfdaş adlandırırsa, 24 aprel uydurma soyqırım ziyarətinin Azərbaycan və Türkiyə ictimaiyyətində xoş qarşılanmayacağını da bilməli idi”

Source:


Elxan Şahinoğlu: “Əgər Putin Ankara və Bakını strateji tərəfdaş adlandırırsa, 24 aprel uydurma soyqırım ziyarətinin Azərbaycan və Türkiyə ictimaiyyətində xoş qarşılanmayacağını da bilməli idi”

Rusiya prezidenti Vladimir Putin “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 24-də Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında həyata keçiriləcək.

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşdə prezidentlər iki ölkə arasında gündəmdə olan məsələləri, regional və beynəlxalq mövzuları müzakirə edəcəklər”, – deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan təntənəli tədbir keçiriləcək. Rusiyanı həmin tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.

Maraqlıdır ki, Rusiya prezidentinin 24 aprel “erməni qoyqırımı” tədbirinə qatılacağı  barədə informasiyalar son bir neçə gündə təsdiq-təkzib müstəvisindəydi. Putin sanki gözləmə mövqeyi tuturdu. Amma artıq səfərin gerçəkləşəcəyi tədbirə 4 gün qalmış təsdiqləndi.

Rusiya prezidentinin İrəvan səfərini Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, o, belə də olacağını proqnozlaşdırmışdı: “Çünki vaxtilə Putin Sərkisyana Avropa Birliyi Assosiativ Sazişi yox, Gömrük Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması üçün təzyiqlər etmişdi. Ermənistan prezidenti məcburiyyət qarşısında Putinin dediyini etdi və bunun qarşılığında onu 24 apreldə İrəvana dəvət etdi”.

Politoloq Vladimir Putinin seçiminin olduğunu da dedi: “Əgər Putin Ankara və Bakını strateji tərəfdaş adlandırırsa, 24 aprel uydurma soyqırım ziyarətinin Azərbaycan və Türkiyə ictimaiyyətində xoş qarşılanmayacağını da bilməli idi. Yəni öz yerinə baş nazir Medvedevi göndərə bilərdi. O halda isə Ermənistanla münasibətlərdə soyuqluq yaranacaqdı, ermənilər deyəcəkdi ki, Rusiyadan tam asılıdırlar, vassal halına gəliblər, amma Putin 24 apreldə gəlmədi. Putin isə Ermənistanı seçdi, bir daha deyirəm, başqa bir seçim də vardı. Məsələn, Fransa prezidenti 24 apreldə İrəvana gələcək, balansı pozmamaq üçün növbəti gün isə Bakıya səfər edəcək. Fransa ermənipərəst dövlət adlandırılsa da, iqtisadi münasibətləri daha çox Azərbaycanladır”.

24 apreldə İrəvanda “soyqırım”, Ankara da isə Çanaqala Zəfəri keçirilir. “Dünya güclərinə bu tədbirlərin hər hansı təsiri olacaqmı” sualına Elxan Şahinoğlu cavab verdi ki, prezident Ərdoğan aylar öncəsi ağıllı gediş etdi: “O, Ermənistanın 24 aprelə ciddi hazırlaşdığını və bütün dünya ölkələrinin liderlərini İrəvana dəvət edəcəyini bilirdi. Həm də beynəlxalq təşkilatların və bir sıra şəxslərin açıqlamalar verəcəyini də sezmişdi. Halbuki, Avropa Parlamentinin belə bir açıqlama verməsiunə ehtiyac yox idi, çünki 1987-ci ildə tanıdıqları haqda qətnamə qəbul ediblər. Elə Roma Papası da illər öncəsi belə açıqlama vermişdi. Ümumiyyətlə, bu qətnamələrin  hüquqi qüvvəsi olmadığından Türkiyə üçün məcburiyyət xarakteri daşımır. Ona görə Ərdoğan dünya liderlərini seçim qarşısında qoydu, ya Ermənistana, ya da bizim tədbirlərə gəlin, dedi. Bu, çox çətin seçim idi. Hətta Putin üçün də, çünki Rusiya Ermənistandan iqtisadi baxımdan nə ala bilər, sadəcə, forpost kimi hesab edirlər. Amma Türkiyə və Azərbaycanla ticarət dövriyyəsinə baxmaq kifayətdir. Artıq Avstraliyanın baş naziri Çanaqqala tədbirinə qatılacağınmı söylədi”.

Ana səhifəXəbərlərPutin Ermənistanı seçdi