Politoloqlar Putinin sözlərini siqnal kimi qəbul edirlər
Rusiya Prezidenti Vladimir Putinin Valday forumunda Azərbaycan-Ermənistan münasibətlərinə dair bildirdiyi fikirlər hər iki ölkədə müzakirələrə səbəb olub.
Belə ki, Vladimir Putin erməni ekspertin sualını cavablandırarkən, Rusiyanın Ermənistana Qərbdən daha məqbul təklif verdiyini deyib.
O bildirib ki, Vaşinqtonun təklif etdiyi sülh paketində Azərbaycanın Qarabağ üzərində tam suverenliyi var və əgər erməni cəmiyyəti bunu istəyirsə, buyursun.
Rusiya prezidentinin məhz bu sözü Azərbaycanda birmənalı qarşılanmayıb, belə ki, bu fikrin tamamı kimi, ABŞ-dan fərqli olaraq Rusiya Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin əleyhinədir kimi anlaşılıb.
Bundan başqa, Kreml sahibi Ermənistana işğal altında olan beş rayonu qaytarıb, Kəlbəcər, Laçın rayonlarını, Laçın dəhlizini nəzarət altında saxlamağı təklif etdiyini deyib.
“Hazırki balanslaşdırılmış siyasət davam etdirilməlidir”
Vladimir Putinin sözlərini Meydan TV üçün şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, əslində həm Rusiya, həm də Qərb eyni mövqedədirlər.
“Sadəcə, Putin onu göstərmək istəyir ki, Ermənistanda və Azərbaycanda Rusiyaya qarşı tənqid əsaslı deyil. Çünki Qərb və Rusiya eyni mövqedədir. İkincisi, Rusiya hazırda Qərblə bu məsələdə tərəfdaşlığı bərpa etməyin tərəfdarıdır. Yəni qismən də olsa, beynəlxalq təcriddən çıxsın. Əminəm ki, Fransanın fəallığı Rusiya ilə hansısa razılaşma əsasında baş verir”, – sabiq nazir deyib.
O hesab edir ki, Qərb və Rusiya münaqişənin davam etdirilməsində məqsədlidirlər, onlar bölgəni daha 30 il bununla təsir dairələrində saxlamaq istəyirlər.
Politoloqun fikrincə, Qərb və Rusiya hər-hansı bir statusun müzakirəsində maraqlıdırlar, amma bu isə nəticəsiz və sonsuz danışıqlar deməkdir.
“Çünki danışıqlarla bu məsələni həll etmək mümkün deyil. Azərbaycan statusun həll edildiyini hesab edir, yəni bölgədə yaşayan ermənilərə vətəndaşlıq verməklə. Amma Qərb və Rusiya Gürcüstanda yanaşı işlədikləri kimi bölgəyə hansısa missiyaları gətirmək niyyəti güdürlər”, – Tofiq Zülfüqarov deyb.
Bununla yanaşı sabiq XİN rəhbəri Putinin 5 rayonun qaytarılması barədə dediklərinə münasibət bildirərək, qeyd edib ki, bu, Minsk Qrupunun Madrid Planı idi və hamısı eyni mövqedəydi.
“Madrid Planına baxsanız görərsiniz ki, əvvəl 5 rayon, sonra status barədə danışıqlar davam etdikcə, 2 rayonun boşaldılması nəzərdə tutulur. Daha doğrusu, nəzərdə tutulmurdu, çünki status məsələsində hamı qane olmayacaqdı, 30 ilin danışıqları dediklərimi təsdiqləyir. O zaman Minsk Qrupunun planı ondan ibarətd idi ki, Şuşa, Laçın və Kəlbəcər ermənilərin nəzarətində qalsın. Ona görə 2020-ci ilin savaşını böyük qələbə kimi qiymətləndirməliyik. Çünki Azərbaycan ordusu ərazilərimizi azad etməklə status-kvonu dağıdıb”, – o deyib.
Rəsmi Bakının bundan sonrakı addımlarına gəldikdə isə, Tofiq Zülfüqarov hesab edir ki, hazırki balanslaşdırılmış siyasət davam etdirilməlidir.
“Bakının siyasəti həmişə belə olub ki, Qərblə Rusiya arasında manevr etməklə iddialarını reallaşdırsın. Bu mənada Azərbaycan balanslaşdırma siyasətini davam etdirməlidir. Təbii ki, maraqlarımızı müdafiə etməklə məqsədlərə nail olmalıyıq”, – sabiq nazir bəyan edib.
“Rusiya postsovet məkanında olan hər hansı dövlətin suverenliyini tanımaq istəmir”
İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov Vladimir Putinin sözlərinə münasibət bildirərkən deyib ki, ümumiyyətlə, Rusiya postsovet məkanında olan hər hansı dövlətin suverenliyini tanımaq istəmir.
“Vladimir Putinin bu barədə kifayət qədər də bəyanatları var. Məsələn, o deyirdi ki, müttəfiq respublikaların SSRİ tərkibindən çıxması beynəlxalq hüquq normaları baxımından mümkün deyil. İkincisi, o postsovet ölkələri barədə söyləyirdi ki, getdilər, cəhənnəmə getsinlər, amma Rusiyadan aldıqları torpaqları qaytarsınlar. Bunlar Putinin ən azı qonşu ölkələrin ərazi bütövlüyünü tanımaması idi”, – politoloq deyib.
Rauf Mirqədirov hesab edir ki, Putinin bəyanatı bir tərəfdən Rusiyanın Dağlıq Qarabağ ermənilərinin taleyi ilə bağlı məsələlərin bu gün həll edilməsində maraqlı olmadığını göstərdi, digər tərəfdən isə həmin bəyanatla Putin Ermənistanın Baş nazirini təhdid etdi.
“Rusiya qoşunları Qarabağı tərk etməzdən əvvəl Xocalı faciəsinin baş verməsində fəal iştirak edib. Bununla Putin Paşinyana mesaj verir ki, bu dəfə eyni ssenari ermənilər üçün təkrarlana bilər. Rusiya o dövlətdir ki, dinc şəraitdə qala bilmir. Son 15-17 ildə Rusiya kəşfiyyat Londonda 2 dəfə sui-qəsd həyata keçirib, bir dəfə Litvinenkonu öldürüblər, ikinci dəfə polkovnik Skripala qarşı kimyəvi silahdan istifadə ediblər. Yəni belə dövlətin başçısının tərəf müqabillərinə qarşı suverenlik anlayışı olmur”, – o bəyan edib.
Onun fikrincə, rəsmi Bakının siyasi oriyentirlərinin dəyişib-dəyişməyəcəyi Rusiyanın nə qədər zəifləyəcəyindən asılıdır.
“Əslində, Vaşinqton üçün münaqişənin hansı formatda həllinin elə bir əhəmiyyəti yoxdur. ABŞ münaqişənin həllini və gələcək üçün sülhə təhdid ola biləcək məqamların qalmamasını istəyir, vəssalam. Onlar bugünün reallıqları baxımından anlayırlar ki, Azərbaycan öz ərazisini itirəcək hər hansı sülh sazişinə imza atmayacaq. 44 günlük müharibədən əvvəl başqa reallıq vardı, indi isə başqa gerçəklikdir və Vaşinqton da buna uyğun müəyyən təkliflərini irəli sürür. Sözsüz ki, Vaşinqton da, Berlin də, London da Azərbaycanın müstəqilliyinin tərəfdarıdırlar, hətta bizdən xoşu gəlməyən, qeyri-obyektib mövqe tutan Fransa da”, – Rauf Mirqədirov vurğulayıb.
Politoloq qeyd edib ki, bu fonda Bakı siyasətini necə qurmalıdır bir variantdır, amma Bakı siyasətini necə quracaq digər variantdır.
“Məncə, Bakı siyasətini geosiyasi qarşıdurmanın nəticələri məlum olana qədər balanslaşdırılmış şəkildə quracaq. Bu, o deməkdir ki, KİV-də Rusiya tənqid edilə bilər, Qərblə əməkdaşlıq genişləndirilə bilər. O cümlədən, Putinə təzyiq üçün Türkiyə amilindən də istifadə mümkündür. Çünki Moskva bir sıra məsələlərdə Ankaradan asılıdır. Ancaq qlobal qarşıdurmanın nəticələr məlum olmayana qədər Bakının tamamilə Moskvaya arxa çevirəcəyini düşünmürəm”, – o deyib.
“Putinin bu sözləri bizə siqnal olmalıdır”
“Atlas” Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə isə Putinin cavabından aydın olur ki, Rusiya başçısı Azərbaycanın Qarabağ üzərində suverenliyini istəmir.
“Halbuki, iki dövlət arasında fevral ayında 44 bənddən ibarət müttəfiqlik sazişi imzalanmışdı. Deməli, bu sazişə zidd olaraq Putin Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək fikrində deyil”, – o bildirib.
Mərkəz rəhbəri qeyd edib ki, Putinin çıxışından aydın olur ki, ABŞ Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, sadəcə, hansısa formada muxtariyyat verilməsini istəyir.
“Amma bu mümkün deyil, çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın fikri budur ki, heç bir muxtariyyat verilə bilməz. Görünən odur ki, ABŞ-ın mövqeyi Rusiyanın mövqeyindən daha pozitivdir”, – Elxan Şahinoğlu deyib.
Bununla belə, Şahin Elxanoğlu hesab edir ki, Rusiya istəməzdi ki, Azərbaycan Qarabağı tam azad etsin.
“2020-ci ilin oktyabrında Putin çalışırdı ki, Azərbaycan Şuşanı azad etməsin, Paşinyanı razı salsın. Ancaq Paşinyan razı olmadığından Azərbaycan ordusu müharibəni davam etdirdi. Bununla da Putin göstərdi ki, Azərbaycan ordusunun Dağlıq Qarabağın içərilərinə doğru hərəkət etməsini istəmirdi”, – o deyib.
Mərkəz rəhbərinin fikrincə, Putinin bu sözləri bizə siqnal olmalıdır ki, Rusiya prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir, Qarabağı mübahisəli ərazi sayır.
“Deməli, biz buna uyğun da siyasətimizi müəyənləşdirməliyik. Bazar ertəsi Soçidə üçtərəfli görüş olmalıdır, Putinin “Valday” açıqlamasından sonra bu görüşdən real nəticələr gözləməyə dəyməz”, – Elxan Şahinoğlu bəyan edib.