”MTN işi”ndə şahidlər ifadə verib
İyulun 21-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və onunla birlikdə mühakimə edilən Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin növbəti məhkəmə iclası olub.
Meydan TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Zərərçəkmiş şəxslərdən Xəzər rayon İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Ələkbər Heydərovun epizodu üzrə ifadə verən ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq əməkdaşı Fuad Fətəliyev deyib ki, bütün qərarları həbsdə intihar edən MTN polkovniki İlqar Əliyev verib. Yalnız verilən tapşırıqları yerinə yetirdiyini deyən F. Fətəliyevin sözlərinə görə, Ələkbər Heydərovun saxta sənədlər verməsinə görə, həbs olunması ilə bağlı əməliyyatının istintaqını aparıb:
“Mən Ələkbər Heydərovdan izahat alıb, sərbəst buraxmışam. Ələkbər Heydərovdan İlqar Əliyevin pul aldığını eşitmişəm, lakin ətraflı məlumatım yoxdur”.
Ələkbər Heydərov isə şahidi tanımadığını, ondan bu şəxsin izahat almadığını deyib.
Bu zaman təqsirləndirilən Elçin Quliyev Ələkbər Heydərovdan pul almadığını, lakin buna görə ona ittiham verildiyini deyib.
Ələkbər Heydərov da Elçin Quliyevə pul vermədiyini bildirib: “Mən bilirəm ki, orda bütün işlərə siz rəhbərlik etmisiniz. Pul alınması da sizin rəhbərliyiniz vasitəsilə həyata keçirilib. Sizin xəbəriniz olub. Mənim həbsim barədə tapşırığı da siz vermisiniz”.
İclasda şahid qismində dindirilən Aydın Allahverdiyev isə deyib ki, ona məxsus torpaq sahəsi Heydər adlı şəxs vasitəsilə satılıb. O, zərərçəkmiş Ələsgər Əliyevin MTN əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı barədə məlumatının olduğunu deyib.
Elçin Quliyev isə ona “Sizin başınıza tapança dirəyən olub?”, – deyə sual edib.
“Əslində zərərçəkmiş bizik. Ələsgər saxta sənədlə bizə torpaq sataraq 80 min manata yaxın pulumuzu ələ keçirib. Ona demişik ki, pulu qaytarmasan səni tutduracağıq. Bəs siz bizim yerimizdə olsanız, sizə qarşı dələduzluq edən şəxs haqqında şikayət etməzdiniz? Nə olsun ki, belə vəzifəmiz var. Bu adam bizə qarşı konkret dələduzluq edib. Biz pulumuzu tələb etmişik və yerimizə kim olsaydı, belə edərdi”.
Növbəti məhkəmə iclası avqustun 4-də keçiriləcək.
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.