Azərbaycan futbolu üçün tarixi məqam
Azərbaycan futbolu yeni dönəmə qədəm qoyub. Əslində, bunu əski dönəmə qayıdış da hesab etmək olar. Ölkədə yaşanan ciddi maliyyə sıxıntısı futbol təsərrüfatına da sirayət edib. Oliqarxlar təhkim olunduqları komandaları maliyyələşdirmək üçün vəsait tapa bilmirlər. Bir çoxu pulsuzluğun onsuz da yaxşı durumda olmayan futbol təsərrüfatına ciddi zərbə vuracağını düşünür. Ancaq Azərbaycan futbolunun kasıblıq və yağ-bal içində yaşadığı dönəmləri saf-çürük edərkən, ciddi narahatlığa əsas olmadığı görünür.
Ortada Cahangir Hacıyevlə bağlı fakt var
Pul Azərbaycan futbolunda intibaha səbəb olmadı. Nə ayrı-ayrı futbolçular, nə də klublar Avropada ortabab hesab olunacaq səviyyəyə belə çatmadı. Azərbaycan futbolunun pulsuz dönəmində yetişən futbolçular rahatlıqla Rusiya, Ukrayna, Türkiyə elitasında oynaya bilirdilər. Pullu dönəmdə yetişən futbolçuların gücü isə heç Türkiyənin 2-ci liqasında ayaq atmağa yetmir. Pul Azərbaycan futboluna peşəkarlıq gətirmədi. Futbol təsərrüfatına külli miqdarda maliyyə axdıqca, bura dələduzların, fırıldaqçıların da axını başladı. Nəticədə futbol təsərrüfatı futbolun imkişafını yox, “çirkli vəsait”in yuyulmasını reallaşdıran şəxslərin monopoliyasına keçdi. Ortada Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin sahibi olduğu “İnter”lə bağlı fakt var. Hacıyev uzun illər bu komandaya milyonlarla dollar vəsait xərclədi. Ancaq “İnter”in gücü avrokuboklarda yalnız bir mərhələ keçməyə yetdi. 2014/15 mövsümünün sonunda Cahangir Hacıyevin üzləşdiyi problemlər ucbatından “İnter” klubu buraxıldı. AFFA avrokuboklara vəsiqə qazanmış klubun beynəlxalq arenada oynaması üçün cüzi vəsait ayırdı. İki həftə ərzində ordan-burdan futbolçu toplamaqla, komanda formalaşdırıldı. İnanılmaz da olsa faktdı, bu komanda Cahangir Hacıyevin milyonçu komandasının bacarmadığını etdi: avrokuboklarda 2 mərhələ adladı.
Azərbaycan futbolunda pul olanda, qorxmaq lazımdı
Belə aydın oldu ki, avrokuboklarda 2 mərhələ adlaya biləcək komanda formalaşdırmaq üçün 10 milyonluq yox, 250 min dollarlıq büdcə bəs edirmiş. Azərbaycan futbolunda pul olanda, qorxmaq lazımdı. Qorxmaq lazımdı ki, inkişaf olmayacaq. “Pul olan yerdə iş görülməyəcək” deyimi Azərbaycanın futbol təsərrüfatında aksioma xarakteri daşıyır. Pulsuzluqdan isə qorxmağa dəyməz. Pul yoxdursa, klub rəhbərləri işlə-futbolla məşğul olacaqlar. Azərbaycan futbolu yeni dönəmə qədəm qoyub. İndi AFFA rəhbərliyi bu tarixi məqamdan yararlanmalıdı. Futbolun inkişafını əngəlləyən ən böyük maneələrdən biri aradan qaldırmalıdı. Bu maneə legionerlərə tətbiq olunan limitdi.
Türkiyə ləğv etdi, Putin də başa düşəcək…
Azərbaycanda limit 6+5 həddindədi. Yəni, çempionatda iştirak edən komandaların heyətində meydana 6 legioner, 5 yerli futbolçu çıxmalıdı. Dəfələrlə vurğulanıb ki, limit tətbiqi klub futbolunun inkişafına öldürücü zərbə vurur. Limit tətbiqi edən bütün ölkələr bunun ziyanını görüblər. Tükiyədə 6+5 sistemi bu mövsümdən tamamilə aradan qaldırıldı. Elə Rusiya Futbol İttifaqı da bununla bağlı qərar verdi. Ancaq Rusiya hakimiyyəti buna qarşı çıxdı. Gec-tez, Vladimir Putin də “yerli futbolçulara oynamaq imkanının yaradılması onların inkişafını şərtləndirmir” deyimini qəbul etməli olacaq.
Limitin tətbiqi rəqabət imkanını aradan qaldırır. Oynamaq şansı qazanan yerli futbolçu əsas heyətdə yerinin itirilməsi təhlükəsinin olmadığını anlayınca, motivasiyanı tamamilə itirir. Üstəlik, daxili bazarda onların qiyməti də fantastik surətdə artır. Bir il əvvələ qədər, klublar pula pul deməyəndə, yerli futbolçular bir illik müqavilə üçün yarım milyon dollar tələb edirdi.
Pulu “təmizləməyin” rahat yolunu tapmışdılar
Mütəxəssislər limitin ləğvi məsələsini qabardınca, AFFA rəhbərliyi “yerli futbolçuların oynamaq imkanları azalacaq” deyərək, buna qarşı çıxırdı. Digər bir problem də sırf klublardakı “işbazlar”a görə yaranırdı. Klub rəhbərləri pulu təmizləməyin rahat yolunu tapmışdılar. Hər altı aydan bir heyətdəki legionerlər göndərilir, yeniləri gətirilirdi. Yenə də Cahangir Hacıyevin himayəsində olan klublardan misal çəkək. Hər transfer pəncərəsi dönəmində “İnter” və “Simurq”dan 20 legioner göndərilir, bir o qədər də əcnəbi futbolçu heyətə cəlb edilirdi. Artıq klubların belə maxinasiyalara əl atmaq imkanı yoxdu. Niyə? Çünki pul yoxdu. Pul yoxdursa, onlar nəyi təmizləyəcəklər? İndi komandalar elə büdcəyə sahibdirlər ki, əcnəbi futbolçu dəvət etmək imkanında deyillər. Pulun azalması daha bir faktı ortaya çıxardı. Hazırda pulsuz klubların heyətində ötən mövsüm komandada oynamış legionerlər var. Onların aylıq məvacibi 2-3 min dollar civarındadı. Amma ötən mövsümə qədər onlar ayda 30-40 min dollar məvacib alırdılar. Əslində o futbolçuların əməyinin real qiyməti elə 2-3 min dollardı. Sadəcə, onlar 30-40 min dollar məvacib alıb, onun müəyyən qismini klub rəhbərliyinə qaytarırdı. Nəticədə, klub rəhbərləri qorxusuz-hürküsüz “çirkli vəsait”i yuyurdular. Əcnəbi futbolçu da razı qalırdı – layiq olmadığı şəkildə varlanması ilə. İndi məvacib azalsa da, o əcnəbilərin bir neçəsi hələ də AZAL-ın, “İnter”in, “Xəzər Lənkəran”ın, “Sumqayıt”ın heyətindədi. Çünki yaxşı bilirlər ki, başqa ölkədə onlara heç ayda 2-3 min dollar da verən olmayacaq. İndi tarixi məqamdı. Həm yerli futbolçular, həm də AFFA üçün. Bu məqamın detalları barədə isə növbəti yazımızda…