Prokurorluq: “Laçında fəhlə minaya düşüb”

Mənbə: “Bizim Yol”

Pərvin Salahovun ağır xəsarət aldığı bildirilir

Aprelin 29-da Laçının işğaldan azad edilən Səfiyan kəndi ərazisində çalışan 30 yaşlı fəhlə Pərvin Salahov piyada əleyhinə minaya düşüb.

Laçın Rayon Prokurorluğunun məlumatında belə deyilir.

Bildirilir ki, Pərvin Salahov ağır dərəcəli bədən xəsarətləri alıb.

İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun ən son açıqladığı məlumata görə, azad edilmiş 8 372.9 ha ərazi minalardan təmizlənib.

Ümumi 30 572 ədəd mina və PHS tapılıb.

Aprelin 1-dən 14-dək olan 2 həftə ərzində minalardan 506.4 ha ərazi təmizlənib, 595 ədəd mina və PHS zərərsizləşdirilib.

Apreldə Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbçi mina partlayışından xəsarət alıb.

Müdafiə Nazirliyinin mühəndis qoşunlarının xüsusi bölmələri Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizləyib. Bu zaman 71 PHS aşkar edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları nəticəsində Ağdam və Füzuli rayonları istiqamətində 1 014 872 kv.m ərazi təmizlənib. Nəticədə 4097 ədəd mina və partlamamış hərbi sursat aşkar tapılıb.

Apreldə Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi minatəmizləmə əməliyyatlarında 69 ha ərazi təmizlənib. 38 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

ANAMA isə süni intellekt vasitəsilə keçən il ərzində Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazini təhlil edib.

Bundan əlavə, rəsmi məlumatlara görə, 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub. 150-dən çox insan isə yaralanıb. Onların arasında hərbi qulluqçular da var.

2020-ci ildə 44 gün çəkən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəXəbərlərProkurorluq: “Laçında fəhlə minaya düşüb”