“Minaların təmizlənməsi ilə bağlı xərclənən vəsait açıqlanmır”

Foto: Report

“100 milyon manata yaxın vəsait nəzərdə tutulsa da…”

Aprelin 14-dək azad edilmiş 8 372.9 ha ərazi minalardan təmizlənib.

Ümumi 30 572 ədəd mina və PHS tapılıb.

Aprelin 1-dən 14-dək olan 2 həftə ərzində minalardan 506.4 ha ərazi təmizlənib, 595 ədəd mina və PHS zərərsizləşdirlib.

İşğaldan azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılan İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun hesabatından belə məlum olur.

Hesabatda bildirilir ki, apreldə Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbçi mina partlayışından xəsarət alıb.

“Müdafiə Nazirliyinin mühəndis qoşunlarının xüsusi bölmələri Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizləyib. Bu zaman 71 PHS aşkar edilib”, – hesabatda deyilir.

Mənbə: ANAMA

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları nəticəsində Ağdam və Füzuli rayonları istiqamətində 1 014 872 kv.m ərazi təmizlənib. Nəticədə 4097 ədəd mina və partlamamış hərbi sursat aşkar tapılıb.

“Ərazilərin minalardan təmizlənməsi işinə 50 nəfərdən ibarət FHN minaaxtaran bölmələri cəlb edilib”, – deyə hesabatda qeyd olunur.

Apreldə Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi minatəmizləmə əməliyyatlarında 69 ha ərazi təmizlənib. 38 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

ANAMA isə süni intellekt vasitəsilə keçən il ərzində Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazini təhlil edib.

İqtisadçı Qubad İbadoğlu deyir ki, məcburi köçkünlər diqqətlə baxsınlar və görsünlər ki, Qarabağın işğaldan azad olunan ərazilərində minalardan təmizləmə işi hansı səviyyədədir:

“Bundan özləri nəticə çıxarsın ki, belə gedişlə tam təmizləmə neçə il davam edə bilər. Minatəmizləmə işləri ilə ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi məşğuldur. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulsa da, indiyə kimi bu məqsədlə nə qədər vəsait xərclənməsi barədə məlumat açıqlanmır”.

İqtisadçının sözlərinə görə, bəlli olan odur ki, ANAMA tərəfindən 2021-ci ildə 6777,6 hektar ərazi minalardan təmizlənib. Minadan təmizlənmiş ümumi ərazinin 32 faizi kənd təsərrüfatı, 24 faizi nəqliyyat infrastruktur sahəsi, 20 faizi yaşayış massivi, 11 faizi enerji xətti, 13 faizi isə digər təyinatlı olub.

Qubad İbadoğlu düşünür ki, ayrılan vəsait və işə cəlb olunan qurumlara baxanda işin çox ləng getdiyini görmək olur.

Qubad İbadoğlu: Foto: Meydan TV

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəİqtisadiyyat“Minaların təmizlənməsi ilə bağlı xərclənən vəsait açıqlanmır”