”Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi nə üçün Aynur Qənbərovanın ölkədən çıxışına məhdudiyyət qoyduğunu izah etməlidir”
Jurnalist Aynur Qənbərovanın (Elgünəş) ölkədən çıxışına Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən qanunsuz olaraq qadağa qoyulub. O, Meydan Tv-nin işi ilə bağlı istintaqa cəlb olunub.
Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.
Vəkil deyib ki, qadağanın qanunsuz hesab edilməsi və ləğv edilməsi tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət ediblər.
“Aprelin 12-də Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyiylə növbəti iclas təyin edilmişdi, lakin yenə də AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və məhkəmənin sorğusuna cavab vermədiyi üçün iclas qeyri-müəyyən vaxta təxirə salındı. Belə ki, hakim Babək Pənahov AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi Aynur Qənbərovanın ölkədən çıxışına qadağa qoyulmasına əsas verən sənədlərin verilməsi üçün 28 mart 2016-cı il tarixdə sorğu göndərib. Bu günə qədə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi həmin sorğunu icra etməyib və nümayəndəsini ümumiyyətlə məhkəmyə göndərməyib. Hesab edirik ki, məhkəmənin sorğusuna və məhkəmə prosesinə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin belə münasibət düzgün deyil. AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi nə üçün Aynur Qənbərovanın ölkədən çıxışına məhdudiyyət qoyduğunu izah etməlidir”,_deyə vəkil qeyd edib.
Elçin Sadıqov sonda qeyd edib ki, məhkəmə onlara sorğuya cavab verilən kimi, məhkəmə iclası təyin ediləcəyini və bu barədə məlumat veriləcəyini söyləyib.