Baş redaktor dindirilməyə çağrılacağını istisna etməyib
“Ayna-Zerkalo” qəzetlərində axtarış aparılıb. Bu barədə qəzetlərin baş redaktoru Elçin Şıxlı modern.az-a bildirib. Baş redaktor kompyuterlərinin aparıldığını da söyləyib: “10 gündür “Ayna-Zerkalo” redaksiyasında da axtarış aparılıb, baxış keçirilib. Biz səs salmamışıq. Məsələn, mənim kompyuterimi aparıblar. Nə yoxlayırlar, hələ bilmirəm. Belə şeylər var. Sadəcə olaraq işlərini görsünlər, görək nə olur”.
Elçin Şıxlı dindirilməyə çağrılacağını da istisna etməyib: “Amma hələ Baş Prokurorluqda dindirilməyə dəvət edilməmişəm”.
O, Rauf Mirqədirovla bağlı hansı müdafiə tədbirlərinin görüləcəyinin tədqiqatın gedişatından asılı olacağını deyib: “Məsələn, Ukrayna Jurnalistlər Birliyindən dəstək məktubu gəlib. Rauf Mirqədirovun atası da Prezidentə müraciət edib. Hələ ki səs-səmir yoxdur. Deyəsən, müraciətlərin əhəmiyyəti bir o qədər hiss olunmur. Amma hər halda bir o qədər də səs-küy salmadan əlimizdən gəldiyi qədər işlərimizi görməliyik”.