Keçmiş katibə dələduzluq yolu ilə vətəndaşlardan 100 min manat almaqda təqsirləndirilir
Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən SOCAR-ın əməkdaşı Bənövşə Süleymanovanın məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edərək, B.Süleymanovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 13-də davam etdiriləcək.
Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.
Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.