“3 dəfə qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdik, amma müsbət cavab ala bilmədik”
Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsində müdafiə tərəfinin və istintaqın təqdim etdiyi sənədlərin təhqiqatı aparılıb.
Meydan TV-in prosesi izləyən əməkdaşı bildirib ki, Rəsul Cəfərovun vəkili sənədlərlə bağlı ekspertiza rəyi verən ekspertin məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib.
Rəsul Cəfərov isə bildirib ki, istintaqın irəli sürdüyü mənimsəmə və digər ittihamlar əsassızdır, çünki onun sədrlik etdiyi İnsan Hüquqları Klubu 2010-cu ildə fəaliyyətə başlayıb:
“Həmin vaxt da qüvvədə olan qanunvericiliyə görə, təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsə də, fəaliyyəti qanunsuz sayılmırdı. Üstəlik, 3 dəfə qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdik, amma müsbət cavab ala bilmədik. Axırıncı müraciətdən sonra Ədliyyə Nazirliyini məhkəməyə verdik”.
Bundan sonra dövlət ittihamçısı Mübariz Mirili Rəsul Cəfərova 9 il azadlıqdan məhrumetmə cəzası istəyib
Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.
Müdafiə tərəfi ittihamı rədd edir.
“Amnesty International” təşkilatı Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.