Prokuror Qiyas İbrahimova 9 il iş istədi

Vəkil: ”İşdə adı və imzası olan vəkil uzun müddətdir heç bir işə çıxmır”

Source:


Vəkil: ”İşdə adı və imzası olan vəkil uzun müddətdir heç bir işə çıxmır”

Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimovun məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Ənvər Seyidovun sədrlik etdiyi iclasda Qiyas İbrahimovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. O bildirib ki, işdə olan sənədlərdən birində vəkilin imzası var, lakin həmin sənəddə adı qeyd olunan və imzası olan vəkil uzun müddətdir heç bir işə çıxmır. Vəkil bunu araşdırdığını deyib və bununla bağlı ekspertiza təyin olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda məhkəmə istintaqının tamamlanması elan edilib. Prokuror çıxış edərək, Q. İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil Elçin Sadıqov isə çıxış üçün vaxt istəyib. Proses 25 oktyabrda davam edəcək.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram, onunla birlikdə saxlanılan Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Xətai rayon Məhkəməsi hər iki gənc fəal barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Qiyas İbrahimov məhkəmədə Heydər Əliyevin abidəsini yazdığına görə həbs olunduğunu deyib.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.

Qiyas İbrahimov və Bayram Məmmədovdan buna görə Heydər Əliyevin abidəsi qarşısında üzr istəmək tələb olunub. Etiraz edən gənclər işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Ana səhifəXəbərlərProkuror Qiyas İbrahimova 9 il iş istədi