Əsgər Ağazadə ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə istintaqı yekunlaşıb
İctimai fəal Sənay Yağmura (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin 5 il azadlıqdan məhrum edilməsi haqda hökmdən həm onun özünün, həm də zərərçəkmiş tərəfin verdiyi şikayətə xeyli vaxtdır ki, Bakı Apelyasiya Məhkəməsində baxılır. Əsgər Ağazadə bəraət, Sənay Yağmur isə əksinə, ona verilmiş cəzanın ağırlaşdırılmasını istəyir.
Apelyasiya şikayətlərinə Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası qismən məhkəmə istintaqı aparılmaqla baxır. Məhkəmə prosesi qapalı keçirilir.
Mayın 17-də keçirilən məhkəmə iclasında araşdırmaların yekunlaşdığı bildirilib. Hakim məhkəmə istintaqının başa çatdığını elan edib və çıxışlar mərhələsi başlayıb.
Prokuror çıxışında deyib ki, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin olunmamasını, ona bəraət verilməməsini istəyir.
Zərərçəkmiş tərəfin şikayətinə – cəzanın ağırlaşdırılması tələbinə gəlincə, dövlət ittihamçısı bu haqda konkret fikir söyləməyib. Deyib ki, bu məsələni məhkəmənin mülahizəsinə buraxır.
Bu iş üzrə məhkəmə prosesi mayın 24-də davam edəcək.
Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Yasamal Rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.
Təxminən bir il sonra zərərçəkmişin anası Zümrüd Yağmur mətbuat konfransı keçirərək, məsələni ictimailəşdirib. Bundan sonra Baş Prokurorluğun rəhbərliyi işi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.