İlham Şaban: “Büdcədə neftin qiymətinin 85-90 dollar əksini tapması böyük məsələ deyil, əsas büdcə vəsaitlərinin rasional istifadəsidir”
“Bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir”.
Bu bəyanatı hökumətin 2014-cü ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş iclasında çıxışında prezident İlham Əliyev səsləndirib.
“Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin”, – deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, “hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq”.
İlham Əliyevin fikrincə, dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb və digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir.
“Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər – sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq”, – deyə Əliyev neft mövzusunu yekunlaşdırıb.
Deyilənləri Meydan TV-yə şərh edən neft üzrə mütəxəssis İlham Şaban bildirdi ki, prezident maraqlı məqamlara toxunub: “O, dünya bazarında neftin qiymətinin endiyini və Nazirlər Kabinetinin buna hazır olmasının vacibliyini söylədi. Eyni zamanda, hökumət üzvləriylə məsələnin müzakirə predmeti olduğunu əlavə etdi. Çox güman ki, Nazirlər Kabinetində gələn ilin büdcəsiylə bağlı prezidentə göndərilən layihə müzakirə olunub. Xüsusən prezidentin “bu məsələlər bir də müzakirədən keçməlidir” söyləməsi diqqətdən yayınmamalıdır. Belə başa düşdüm bu məsələlər hələ yekunlaşmayıb. Azərbaycan tipli ölkələrin parlamentində büdcə müzakirələri o qədər də uzun çəkmir, ona görə tələsməyin mənası da yoxdur. Bu baxımdan hökumət pauza verir, dünya bazarında neftin qiymətinin hansı istiqamətdə gedəcəyini gözləyir. Gördünüzmü, prezident “neftə təsir edən amillər” ifadəsini də işlətdi. Söhbət siyasi və iqtisadi proseslərindən gedir”.
İlham Şabanın sözlərinə görə, prezidentin “biz buna hazır olmalıyıq” açıqlaması artıq məmurlara mesajdır: “Bu, o deməkdir ki, büdcədə neftin qiymətinin 85-90 dollar əksini tapması böyük məsələ deyil, əsas problem onun icrasıdır. Yəni büdcə vəsaitlərinin rasional istifadəsidir. Məsələn, bir büdcə təşkilatı asfalt çəkir, 3 ay sonra başqa büdcə təşkilatı təkrar həmin işləri görürsə, bu, büdcənin üstünə düşən əlavə xərc və yük deməkdir. Əgər rasional işləyəcəklərsə, neftin qiymətinin 10 faiz enməsi büdcəyə xüsusi təsir etməyəcək, bax, əsas məsələ budur. İlham Əliyev də “biz buna hazır olmalıyıq” deyəndə bu məsələni nəzərdə tutub”.
Ekspert 2015-ci ilin çox məsuliyyətli il olduğunu xatırladaraq dedi ki, gələn il Avropa Olimpiya Oyunları keçiriləcək, həm də Neft Fondundan neft-qaz layihələrinə böyük xərcləmələr ili olacaq: “Bütün bunlar dövlət əhəmiyyətli layihələr olduğundan zamanında həyata keçirilməlidir. Həmin məmurlar saat mexanizmi kimi işləməlidir ki, cəmiyyət bu layihələrin həyata keçdiyini sezsin. Belə şeylər məmurların üzərində ciddi nəzarət olanda baş verir. Hər halda hökumətin apardığı siyasətdən asılı olaraq biz bunu görəcəyik”.