Prezidentin səhifəsindən “qovulanlar”

Foto: Prezident İlham Əliyevin sosial şəbəkə hesabından screenshot

“İstifadəçiləri ayrı-seçkiliyə məruz qoymaq, bloklamaq olmaz”

İctimai fəallar, jurnalistlər prezident İlham Əliyevin sosial şəbəkə hesablarında bloklanıblar.

Bir müddət öncə ictimai fəal Bəxtiyar Hacıyev bu iddia ilə İlham Əliyevi məhkəməyə vermişdi. Səbail Rayon Məhkəməsi Bəxtiyar Hacıyevin iddia ərizəsinə baxmaqdan imtina etmişdi.

İctimai fəal məsələni yenidən gündəmə gətirib.

O deyib ki, prezidentin rəsmi “Facebook” səhifəsində təkcə o, yox, xeyli ictimai fəal və jurnalist bloklanıb.

“Bu addım dövlət hesabına saxlanılan resursda ifadə azadlığının pozulması və diskriminasiyadır. Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) çox perspektivli işdir. Əvvəlcə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət olunacaq, sonra apelyasiya, daha sonra isə AİHM-ə gedəcək. Uzağı 1 aya yekunlaşacaq prosesdir”, – deyə Bəxtiyar Hacıyev bildirib.

İctimai fəal Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyevin şəxsi arxivindən

İctimai fəalın həmin postunun altında xeyli insan bloklandığını yazıb.

Onlar prezidentin səhifəsini aça bilmədiklərini qeyd ediblər.

Daha kimlər bloklanıb?

İctimai fəal Rəbiyyə Məmmədova da bloklananlar sırasındadır.

O deyir ki, açığı niyə bloklandığını bilmir. Heç yaxın zamanlaradək İlham Əliyevin “Facebook” səhifəsinin olduğundan da xəbərsiz imiş:

“Bloklanmağımın səbəbini bilmirəm. Ehtimal edirəm ki, potensial təhlükə kimi görüblər. Sosial şəbəkələrdə yaratmağa çalışdıqları mifi doğrularımızla yox edə bilərik”.

Rəbiyyə Məmmədova hesab edir ki, bloklanmaq onun hüququnu pozub:

“Çünki dövlət rəsmilərinin sosial şəbəkələrdəki profilləri dövlət büdcəsi hesabına maliyyələşir. Onların xərcləri büdcədən, həmçinin onun da verdiyi vergi hesabına formalaşdığı üçün bloklanmağı hüququnun pozulması kimi dəyərləndirir. Məhkəməyə müraciət edəcəyəm. Hazırda məsləhətləşmə aparırıq, böyük ehtimal yaxında müraciət edərəm”.

Rəbiyyə Məmmədova
Source: Rəbiyyə Məmmədovanın “Facebook” səhifəsindən

“Azərbaycanda bu işə ədalətli baxacaq məhkəmə yoxdur”

Gənc fəal İlkin Rüstəmzadə də prezidentin “Facebook” səhifəsində bloklandığını yeni öyrənib.

Deyir ki, ictimai fəal Bəxtiyar Hacıyevin postunu oxuyandan sonra yoxlayıb və səhifəni aça bilməyib:

“Bəxtiyar Hacıyev yazmışdı. Girib baxdım ki, mən də bloklanmışam. Məncə, bu, insan hüquqları pozuntusudur. Açığı çox da üzülmədim. Mən onsuz da prezidentin səhifəsində indiyədək heç vaxt şərh yazmamışam. Fikirlərim olanda deməyə yazmağa başqa tribunalar var”.

İlkin Rüstəmzadə bununla bağlı məhkəməyə müraciət etməyi düşünmür. Çünki o, Azərbaycan məhkəmələrinə güvənmir:

“Azərbaycanda bu işlə bağlı ədalətli qərar verəcək məhkəmə yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi perspektivi isə mənasız bir şeydir. Artıq xeyli müddətdir ki, AİHM Azərbaycandan olan şikayətlərə dırnaqarası baxır. Ən bəsit hüquqların pozuntusuyla bağlı işləri qəbuledilməz sayır”.

İlkin Rüstəmzadə
Foto: İlkin Rüstəmzadənin arxivindən

Prezidentin səhifəsində vətəndaşların bloklanması

Hüquqşünas Xalid Ağəliyev deyir ki, dövlət qurumlarının informasiya çatdırmaq, xidmət göstərmək məqsədilə yaratdıqları bütün imkanlara hamının bərabər çatım şəraiti olmalıdır.

Onun sözlərinə görə, fərqi yoxdur, bu onlayn resursdur, ya digərləridir: “Çünki belə imkanların yaradılması ictimai vəsaitlər hesabına başa gəlir. Həm də həmin imkanlar məhz ictimai maraqlar naminə yaradılır. Bir nəfər bu imkanlardan yararlanır, digərinə isə məhdudiyyət tətbiq edilirsə, bu, doğru deyil”.

Hüquqşünas bildirib ki,  belə məhdudiyyətlər ilk növbədə Konstitusiya ilə təminat altına alınan bərabərlik, məlumat azadlığı, müraciət etmək hüquqlarına uyğun deyil: “Düzdür, Azərbaycanda belə durumlarla bağlı məhkəmə təcrübəsi yoxdur. Ancaq bununla bağlı son illərdə ABŞ-da məhkəmə təcrübəsi formalaşıb. Buna Böyük Britaniya və digər Avropa ölkələrinin yerli məhkəmələrinin təcrübəsində də rast gəlinir. Təcrübəyə görə, vəzifəli şəxslərlə, rəsmi xidmətlərlə bağlı sosial media hesabları hər kəsin bərabər yararlanmasına imkan verməlidir”.

Xalid Ağəlıyevin şəxsi arxivindən

Xalid Ağəliyev deyir ki, istifadəçiləri düşüncələrinin məzmununa görə ayrı-seçkilyə məruz qoymaq, bloklamaq olmaz. Belə məhdudiyyətlər ifadə azadlığı hüququ ilə bir araya sığmır.

İlham Əliyevin “Tramp təcrübəsi”

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Trampın da “Twitter” səhifəsində bəzi istifadəçilər bloklanmışdı.

Hüquqlarının pozuntusu iddiası ilə onlar məhkəməyə müraciət etmişdi. Əvvəlcə Amerika Ali Məhkəməsi Trampın blokladığı “Twitter” istifadəçilərinin qaldırdığı işi rədd etmişdi.

Apelyasiya şikayəti verən istifadəçilər bildirirdilər ki, prezidentin “Twitter” hesabı ictimai resursdur və bloklanmaları hüquq pozuntusudur.

Prezident heç kimi bloklaya bilməz

İkinci məhkəmə prosesindəki qərar ayrı-ayrı şəxslərin siyasi baxışlarına görə bloklanmasının ABŞ konstitusiyasının pozuntusu yönündə olub.

Məhkəmə qərar verib ki, Donald Tramp “Twitter”-də heç kimi bloklaya bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsi də dövlət məmurunun sosial şəbəkədə vətəndaşı bloklaması ilə bağlı işə baxıb.

Məhkəmənin “Markes Portuqaliyaya qarşı” qərarında qeyd edilir ki, hətta qanuni əsaslarla rəsmi şəxslərin sosial şəbəkə səhifələrinə məhdudiyyət müdaxilələri varsa, yerli qanunvericilikdə bunun əsaslandırılması olmalıdır.

Ana səhifəSiyasətPrezidentin səhifəsindən “qovulanlar”