Saday Şəkərli məhkəmədə vəsatət verib
Mayın 5-də Bakı Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirlib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
İclasda Saday Şəkərlinin vəkili Fəxrəddin Mehdiyev vergilər naziri Fazil Məmmədovun və onun keçmiş müavini,hazırda prezident İlham Əliyevin köməkçisi olan Namiq Əliyevin şahid qismində dindirilmələri barədə vəsatət verib. Prokur vəsatətin təmin edilməməsini istəyib. Hakimlər yerində müşavirə edərək vəsatətin təmin olunmaması barədə qərar qəbul ediblər. Proses mayın 11-də davam edəcək.
Rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O, ittihamları qəbul etmir və yazdığı yazılara görə həbs olunduğunu bildirir.