Naxçıvandan və Biləsuvar keçid məntəqələrindən heç bir rüsum ödəmədən həmin vətəndaşlar aldıqları malları ölkəyə gətirə biləcəklərmi, bax bu sual açıq qalır
Oktyabrın 22-də ölkə başçısı İlham Əliyevin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” fərmanı 2 günün müzakirə mövzusuna çevrilib. Fərmana əsasən, Azərbaycana gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilə bilər.
Ancaq fərmana yanaşma müxtəlifdir. İqtisadçı Qubad İbadoğlu fərmanın gömrükdə rüşvəti zəiflədəcəyini hesab etsə də, həmkarları fərqli düşünür.
İqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, bu fərmanın icrası orta və kiçik sahibkarlara ciddi ziyanı ola bilər. Ekspertin qənaətincə, fərman işlək hal alarsa, əsasən məişət avadanlıqları ilə məşğul olan sahibkarların dövriyyəsi xeyli azalacaq.
“Kiçik və orta sahibkarlığa müsbət tərəfi Gürcüstanlı və Türkiyəli sahibkarlara olacaq. Onların dövriyyəsində müəyyən dərəcə də artım olacaq”,- Cəfərli belə hesab edir.
İqtisadçının sözlərinə görə, fərmanın yeganə müsbət tərəfi vətəndaşlar şəxsi istehlak üçün əvvəl 1500 ABŞ dollarına kimi mal gətirirdilərsə, indi bu 10000 ABŞ dollarına kimi qaldırılıb.
O, vətəndaşların qazanclı çıxa biləcəklərini deyir: “Vətəndaşlar Azərbaycanda baha satılan bir çox malları şəxsi istehlakı üçün xarici ölkələrdən ucuz qiymətə ala biləcəklər. Ölkədə məişət avadanlıqları bahadır. Qız köçürmək istəyən atalar Bakıdan aldığı mebeli Türkiyədən iki-üç qat ucuz ala biləcəklər”.
Natiq Cəfərli fərmanda çox ciddi boşluqlar olduğunu da deyir. Bu boşluqların gələcəkdə gömrüklə vətəndaşlar arasında qarşıdurmaya səbəb olacaq: “Bir fiziki şəxs olaraq bu fərmandan irəli gələn öhdəlikləri neçə dəfə yerinə yetirə bilərik? Mən neçə dəfə vətəndaş olaraq Türkiyədən 10000 ABŞ dollarına mebel gətirə bilərəm? Həftədə, ayda yoxsa ildə bir dəfəmi? Gömrük işçisi necə sübut edəcək ki, vətəndaş ikinci-üçüncü dəfə eyni malı satmaq üçün ya şəxsi istehlak üçün gətirir?”
Natiq Cəfərli fərmanda dəqiqliyə ehtiyac olduğunu, siyahının tam açıqlanmasının vacibliyini vurğulayır.
“Şəxsi istehlak ifadəsinin çox yayğın bir ifadədir. Burda diş fırçasından tutmuş, kompüterə qədər hər şey şəxsi istifadəyə daxildir. Bu sıralamanı necə həyata keçirəcəklər, bu qaranlıq məsələdir”.
Ekspertin sözlərinə görə, fərman dövlət tərəfindən tam dəqiqləşərsə, insanlar öz haqlarını müdafiə edə biləcəklər. Əks halda gömrük işçiləri fərmandakı boşluqlardan istifadə edib, vətəndaşlardan əlavə vəsait tələb edə biləcəklər.
İqtisadçı Məhəmməd Talıblı fərmanın biznes sferasına əhəmiyyətli təsir göstərəciyini düşünmür. O, qərarların fiskal məqsəd daşıdığını deyir.
“Ölkənin xarici ticarət dövriyyəsi əhəmiyyətli sürətlə aşağı düşür, Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfertlər azalır, qeyri-neft sektorundan daxilolmalar xeyli zəifləyib. Belə bir iqtisadi şərtlər daxilində ölkədə qeyri-neft sektorundan daxilolmaları artırmaq bir zərurətə çevrilir. Bu zaman isə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsi hesabına onların büdcə daxilolmalarına şərait yaratmaq vacib bir xətt olaraq meydana çıxır. Bu addım daha çox həmin zərurətdən doğub. Bir halda ki, qərarın məqsədi daha çox kiçik və orta sahibkarlıq üçün yaranmış maneələri aradan qaldırmağa hesablanıb, o zaman qeyd olunan məbləğ həcmində idxaldan böyük gəlir götürmək mümkün deyil. Birinci səbəbi idxal olunan malların məbləğinin aşağı həddə olması ilə bağlıdır. Tutaq ki, Naxçıvandan və Biləsuvar keçid məntəqələrindən heç bir rüsum ödəmədən həmin vətəndaşlar aldıqları malları ölkəyə gətirə biləcəklərmi? Bu sual açıq qalır. Üçüncüsü, sahibkarlığın problemi yalnız gömrük proseduraları da deyil axı… Ucuzlu maliyyə resurslarına çıxış imkanının olmaması, istehsalatda və idxalda inhisarçılığın birmənalı olması, dövlət qurumlarının sahibkarla inzibati müdaxiləsi və s. digər səbəblər onların inkişafını xeyli ləngidir”.