Müraciətə imza atanların içərisində bundan xəbərsiz olanlar var
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisi ölkə başçısı İlham Əliyevə və Baş prokuror Zakir Qaralova müraciət ediblər. Yayılan müraciətdən sonra bir qrup media rəhbəri xəbəri təkzib edib. Avropa.info xəbər portalının redaktoru Ruslan Bəşirli öz facebook səhifəsində yazıb: “Hörmətli dostlar, hörmətli jurnalistlər! Futbolçu Cavid Hüseynovla bağlı edilən müraciətdə anlaşılmazlıq nəticəsində mənim də adım gedib. Bir çox sayt mənim adımı artıq o siyahıdan çıxarıb. Qalanlarından da xahiş edirəm, adımı çıxarsınlar. Yenə də deyirəm, bu, bir anlaşılmazlıq olub”.
Millət vəkili Aqil Abbas Meydan Tv-yə bildirib ki, müraciətə millət vəkili kimi yox, qəzet rəhbəri kimi qol çəkib: “Mən müraciətə millət vəkili kimi imza atmamışam. Rasim Əliyevə böyük bir haqsızlıq olub. Amma Rasim Əliyev jurnalist kimi yox, facebookda yazdığı statusuna görə öldürülüb. Onu öldürənlər ən ağır cəzaya layiq görülməlidirlər. İstintaq müəyyənləşdirməlidir ki, Cavid Hüseynovun nə qədər günahı var”. Millət vəkili Cavid Hüseynovla bağlı prezidentə müraciət etməyin məhkəməyə müdaxilə olmadığını bildirir: “Necə olur ki, Leyla, Arif Yunusları, Xədicə İsmayılı həbs edəndə Avropanın müraciəti məhkəməyə müdaxilə sayılmır, amma indi jurnalistlərin bir futbolçunu müdafiə etməyi müdaxilədir?”
Siyahıda adı çəkilən jurnalist Aqil Camal inform.az saytına açıqlamasında bildirib ki, bir hadisə ilə iki işıqlı, perspektivli gənci itirdik. O deyir ki, dövlət qurumları olan yerdə münasibətlər hüquqi müstəvidə tənzimlənməlidir. “ Cavid Hüseynov – Fəxr yerimiz, iftixar ünvanımız bir anda, qınaq, ittiham obyektinə çevrildi. Təhqir varsa, bunun da hüquqi cəzası var. Tanınmış, ünlü insanlar isə xırda hisslərlə yaşamamalı, tənqidə, təhqirə dözümlü yanaşmalıdırlar. Baxın, dünyaya siyasətçilər, dövlət xadimləri, sənətçilər, idmançılar haqqında nələr yazırlar, necə videolar, karikaturalar çəkirlər, şəkillərini montaj edirlər… Yəni, dünyada belədir. Sən də bir məşhur olaraq ya üzdə olmağı qəbul edəcəksən, ya da kəndinə dönüb qürurunun keşiyində duracaqsan, çomaqla. Hər dəfə ictimai cizgisi olan insanla bağlı belə hadisələr baş verəndə, ondan öz mənfəətləri üçün istifadə edənlər ortaya çıxır. Bu hal yenə də təkrarlandı. Daha bir jurnalist peşə fəaliyyətinə görə öldürüldü”.
Aqil Camal futbolçu Cavid Hüseynovun atasının şəhid olmağı ilə bağlı fikirlərə də münasibət bildirib. “Cavidin atası döyüşüb şәhid olanda, indi onu ittiham edənlərin çoxunun dәdәsi hardasa gizlәnmişdi. Axı, Cavidin atasının şəhid olması, onun müdafiəsi üçün hüquqi və mənəvi əsas yaratmır. Ötən il Bakıda məscid partladan PKK terrorçusu Namiq Nəsibovun da atası şəhiddir, üstəlik Milli Qəhrəmandır. Yəni, bu imtiyaz başqa birisinin həyatına son qoymağa haqq vermir. Bununla belə, çox arzulayıram ki, Cavidin bu işin sifarişçisi olduğu üzə çıxmasın. Çünki heç kim karyerasının yüksələn vaxtında, hər kəsin sevgisini qazandığı bir dönəmdə belə zərbə alıb, çəkdiyi əziyyətləri heçə döndərmək istəməzdi”.
Aqil Camal öz Facebook səhifəsində də bu barədə yazıb: “Əziz dostlar, bu gün bəzi saytlarda futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin müraciətində mənim də adım qeyd olunub. Bildirmək istəyirəm ki, müraciətin təşəbbüsçüləri dünən mənimlə əlaqə saxlayıblar. Müraciətin mətnini istəmişəm, göndərilməyib. Bu gün isə belə bir xəbərin yayıldığını haqqında məlumat aldım. Dəqiqləşdirəndə, bildirdilər ki, müraciəti çatdırmaq imkanı olmayıb… Media qurumlarından adımı həmin siyahıdan çıxarmalarını xahiş edirəm.
Gundeminfo.az -ın rəhbəri Razi Abasbəyli müraciətə imza atan jurnalistləri sosial şəbəkədə tənqid edəndən sonra adının da həmin siyahıda olmasından xəbər tutub. O deyir ki, müraciətdən xəbəri olmayıb və adını ora kimin daxil etdiyini bilmir: “Sayt rəhbəri olaraq bəyan edirəm ki, bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb və ortada olan yanlışlığın müraciət müəllifləri tərəfindən ən qısa zamanda aradan qaldırılacağına ümid edirik. Həmçinin əmin olduğumuzu bildiririk ki, əgər kimsə qanunların icazə verdiyi şəkildə hansısa məhbusu zaminə götürmək istəyirsə, bu, ya onun yaxın ailə üzvləri, ya həmkarları olmalıdır. Həmkarımızın öldürülməsi faktına görə, bizlərin belə bir müraciətə imza atması etik görünmür. Bütün həmkarlarımızdan bizim mövqeyimizi anlayışla qarşılamalarını rica edirik”.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli də məsələ ilə bağlı facebook səhifəsində yazıb. Bildirib ki, ona Nəsimi Şərəfxanlı müraciət edib, Mahir Rüstəmli əlavə edir ki, müraciətdə mədhiyyə hissəsi çoxdur və o, bir sıra məqamlarla razı deyil: “Jurnalist fikir bildirdiyinə görə heç bir halda fiziki təzyiqə məruz qalmamalı, öldürülməməlidir! Avqustun 9-da idman jurnalistləri adından yayılan və qoşulduğum müraciətin bu şəkildə olan ana tezisinə sadiqəm. Bir çox dostların fikrincə, müraciətdə “reket” jurnalistikası ilə məşğul olanların da adı var. Doğrudan da, belədirsə, məsuliyyət müraciəti hazırlayanların üzərindədi. Mən uzaqbaşı idman jurnalistikasında “reketliklə” məşğul olanların adını bilirəm. Saytların, ictimai-siyasi xarakterli qəzetlərin “anatomiyası” haqda mühakimə yürütməkdə isə çətinlik çəkirəm. Zaminə buraxılmaq adamı məsuliyyətdən azad etmir. Cavidin üzərində iki maddə var, üstəlik, istintaq cinayətin futbolçunun təhriki ilə törədilməsi fərziyyəsini araşdırır. Cavid ictimai əhəmiyyətli fiqurdu, zaminə (ev dustaqlığına) buraxılsa da, istintaqdan yayına, harasa qaça bilməz. Qəti şəkildə əminəm ki, həmkarımızın ölümündə hansısa şəkildə iştirak edibsə, layiq olduğu cəzanı alacaq. Və Prezident zaminə buraxmağa razılıq versə belə, heç şübhəsiz, istintaqın bu yöndə mülahizələrini öyrənəcək”.