2018-ci ilin aprelin 11-də baş tutan növbədənkənar prezident seçkilərində bir il 2 ay ötür. Bu seçki də əvvəlkilər kimi ölkənin siyasi düzəninə yenilik gətirmədi. Əvəzində onun təşkilinə ayrılan vəsaitin xərclənməsi ilə bağlı çoxlu sual cavabını gözləyir. Məsələn, keçən dəfə sayı gizli saxlanılan səsvermə kabinələrının alınmasına 6,3 milyon manat xərcləyən MSK bu il yenidən 10916 ədəd ikigözlü səsvermə kabinəsinin hazırlanması məqsədilə satınalma proseduruna başlayıb. Amma vaxtından əvvəl keçirilən bu seçki prosesi üçün dövlət büdcəsindən ayrılan on milyonlarla manat vəsaitin necə xərcləndiyi ilə bağlı suallar yaradan təkcə bu məqam deyil.
Bu ilin sonunda Azərbaycanda növbəti seçkilər keçiriləcək. Bələdiyyə seçkilərində iştirak etməklə bağlı siyasi partiyalar niyyətini hələ elan etməsələr də, Mərkəzi Seçki Komissiyası tam hazırlıq vəziyyətindədir. MSK artıq seçkinin təşkili üçün tələb olunan satınalmalara start verilib. Komissiya o qədər tələsir ki, mart və aprel aylarında səsvermə kabinələrinin alınması məqsədilə elan edilən təkliflər sorğularında (satınalma metodlarından biri –
red
.) iddiaçılara sənədlərlə tanış olub təklif verməkdən ötrü əvvəlcə 2, apreldə isə 4 gün vaxt verilmişdi. Nəticələr isə hələ də açıqlanmayıb. Satınalma planına görə, bu il 10916 səsvermə kabinəsi alınacaq.
1 milyon manata pərdə və prezident seçkilərinin maliyyə “pərdəarxası”
Dövlət satınalmaları portalında son prezident seçkilərinin keçirilməsi üçün təşkil olunan müsabiqələrin nəticələri yerləşdirilib. MSK həmin məlumatları bir ildir ki açıqlamırdı. Halbuki, qanuna əsasən, satınalma müqaviləsi barədə məlumat onun imzalanmasından sonrakı 5 gün ərzində dərc olunmalıdır. Əks halda, satınlamanın təşkilinə cavabdeh şəxsləri 1.500 manatdan 2.000 manatadək cərimə cəzası gözləyir. Hər halda İnzibati Xətalar Məcəlləsi dövlət vəsaitlərindən istifadə edən qurumlar belə xəbərdar edilir.
Məntəqələrdə seçkiyə hazırlıq və çap işləri ilə bağlı MSK 2018-ci ilin yanvar-aprel aylarında 30-dək satınalma müqaviləsi bağlayıb. Müqavilələrin ümumi dəyəri 18.606.229 manatdır. Ümumiyyətlə isə, komissiya il ərzində 22.126.365 manat məbləğində 60-dək müqavilə bağlayıb. Buraya “Mercedes-Benz GLS 400 4 Matic” (167.500 manat), “BMW 530i” (110.000 manat), 2 ədəd “Nissan Altima” (118.000 manat) və başqa minik avtomobilləri də daxildir. Amma bu, MSK-nın xərclədiyi pulların heç də hamısı deyil. “Dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmana əsasən, prezident seçkisinin təşkili üçün MSK-ya 55.136.429 manat – 2013-cü ildəkindən 10,4 milyon manat çox ayrılmışdı.
Sumqayıtdakı 42 saylı Seçki Dairəsinin məntəqələrindən birinin yerləşdiyi mədəniyyət evində deyirlər ki, bir qayda olaraq, seçki başa çatandan bir neçə gün sonra seçici kabinələri səliqə ilə sökülərək aparılır. Hara? Bunu məntəqədə bilmirlər.
Sayı açıqlanmayan səsvermə kabinələrinin alınmasından ötrü 2018-ci ildə “ORBIT-ST” MMC ilə 6.330.952 manat 52 qəpik məbləğində müqavilə bağlanıb. MSK həmin kabinələr üçün “Public Goods” MMC-dən 1.092.275 manat dəyərində parça, “Biznes-Qrup” MMC-dən isə 863.266 manatlıq lampa və akkumulyatorlar satın alıb. MSK-nın məlumatına görə, seçicilər 5641 məntəqədə səs verirlər. Əgər bütün məntəqələrdəki səsvermə kabinələrinin yeniləndiyini qəbul etsək, o zaman onların bir ədədi dövlət büdcəsinə orta hesabla 1.468 manat 97 qəpiyə başa gəlib.
MSK seçici siyahılarının yerləşdirildiyi stendlərin (1.964.700 manat), daşınar seçki qutularının və onların kilidinin (668.540 manat) hazırlanmasını, generatorların təmiri üçün tələb olunan malların (50.821 manat), ofset, təbaşirli və ağ kağızın (691.244 manat), batareya və elektrik uzadıcısının (928.811 manat), gözəgörünməyən mürəkkəb və detektorun (624.013 manat) satın alınmasını da bu 3 şirkətin arasında bölüb.
“ORBIT-ST”, “Public Goods” və “Biznes-Qrup” şirkətlərinin adları dövlət satınalmaları portalında 2018-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC, müdafiə və səhiyyə nazirlikləri üçün 358.133 manat dəyərində tikinti materialları, ehtiyat hissələri, dəftərxana ləvazimatı və təsərrüfat mallarının təchizatçısı kimi təqdim olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) deyirlər ki, dovlət satınalmaları portalının yenilənməsi işləri hələ tamamlanmayıb. Bu səbəbdən ehtimal etmək olar ki, bu qurumlar adı çəkilən şirkətlərin son illər ərzində tərəfdaş olduğu dövlət müəssisə və təşkilatlarının heç də tam siyahısı deyil.
Kənddə yaranıb, MSK-ya tərəfdaş olan şirkətlər
Vergilər Nazirliyinin elektron xidməti “ORBIT-ST”, “Public Goods” və “Biznes-Qrup” şirkətlərinin istehsalçı olmadığını bildirir. “ORBIT-ST” MMC Hacıqabul rayonunun Navahi kəndində, “Public Goods” MMC Sabirabad rayonunun Qalağayın kəndində, “Biznes-Qrup” MMC isə Qubanın Alpan kəndində, hər birinin nizamnamə kapitalına 5 manat qoyulmaqla 2016-2017-ci illərdə dövlət qeydiyyatına alınıb. Vergilər Nazirliyinin məlumatına görə, “Orbit-ST” MMC (direktor – Elmar Vaqif oğlu Ələkbərov) 10 may 2019-cu il tarixinə dövlət büdcəsinə 319.866 manat, “Public Goods” MMC (direktor – Məzahir Əhməd oğlu Əliyev) – 79.415 manat, “Biznes-Qrup” MMC (direktor- Kamran İslam oğlu Şərifov) isə 85.749 manat vergi borcu ödənilməmiş qalır.
Məzahir Əhmədov 2017-ci ilin fevralın 28-də yaradılan daha dörd şirkətin: “Modern NN” MMC, “Amanda SV”, “Capital VV” MMC və “Quality Goods” MMC-nin direktorudur. Bu şirkətləriin isə dövlət büdcəsinə 15.408 manat vergi borcu var. Araşdırmalarımız M. Əhmədovun kimliyini üzə çıxarmadı. Elə Vergilər Nazirliyində də bildirirlər ki, onlar da Məzahiri tapa bilmirlər. Şirkətin vergi ödəyicisi kimi qeydiyyatda olduğu Lokal Vergilər Departamentində deyiblər ki, M.Əliyevin dövlət reyestrinə daxil edilmiş telefon nömrəsi aktiv deyil. Araşdırma gedişində onun kimliyini müəyyən etmək mümkün olmayıb. Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində bildiriblər ki, M.Əliyev barədə məlumatlar
“vergi və şəxsi hayata dair məlumat olduğundan təqdim olunması qanunvericiliyə uyğun deyil”
.
MSK-nın təchizatçıları arasında vergi borcunun məbləğinə görə birincilik “Concept-Co” MMC-yə məxsusdur. 2017-ci ilin dekabrında Sumqayıtda yaradılan və 10 manat kapitalı olan bu şirkətin dövlət büdcəsinə borcu 22 may 2019-cu il tarixi vəziyyətinə 2 milyon 860 min manata çatırdı. Bu şirkətin direktoru əvvəlcə Kürdəmir rayonunun 62 yaşlı sakini Sabir Firdun oğlu Səfərov olub. Sonradan onu İlkin Ağadadaş oğlu Ağadadaşov əvəz edib. MSK-nın apardığı seçicilər siyahısında isə İlkinin adı yoxdur. Əvəzində o məlumdur ki, “Concept-Co” şirkəti MSK-ya 763 min manat dəyərində təşviqat lövhələri, məntəqə seçki komissiyalarının ad göstəricilərini satıb, əldə etdiyi gəlirdən isə vergi ödəməyib.
Seçkiyə 2 ay qalmış…
MSK-nın sirli tərəfdaşları arasında Arif Qüdrət oğlu Hacıyevin direktor olduğu 3 şirkət (“Optimal-Servis-HA” MMC, “Extremal-H” MMC və “Sintra-H” MMC) də var. Onlar prezident seçkisində əsas təchizatçılardandır və növbədənkənar seçkilərin elan olunmasına 4 gün qalmış. fevral ayının 1-də təsis edilib. Bu şirkətlərə müxtəlif malların alınmasına (perforasiyalı kağız, kartric, zərf, bloknot, qovluq, qələm, plastik qovluq, vəsiqəqabı, canta) və xidmətlərin (mühasibat proqramlarına və kompyuterlərə texniki qulluq) göstərilməsinə görə MSK 311.760 manat pul ödəyib. MSK-dan başqa “Optimal-Servis-HA” və “Sintra-H” şirkətləri Cəlilabad Müalicə Diaqnostika Mərkəzini, Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasını və Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyini dəftərxana ləvazimatı və digər mallarla təchiz edib.
A.Hacıyev “Samanta-V” MMC və “CEVIZ” MMC-nin də rəhbəridir. Bu şirkətlərlə eyni ünvanda (Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 23) həmin tarixdə (1 fevral 2018-ci il) daha bir neçə şirkət (“NF-2018” MMC, “GM Company” MMC, “SZN-2014” MMC, “MNC-2016” MMC və “Henan” MMC ) dövlət qeydiyyatına alınıb. Bunlardan birinin (“SNZ-2014” MMC) MSK-ya il ərzində 49.885 manatlıq kartric satdığı bildirilir.
İnzibati Xətalar Məcəlləsinə görə, ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə vəzifəli şəxslər 2.000 manatdan 3.000 manatadək məbləğdə cərimə edilir. Lakin indiyədək AİBNDX hər hansı müsabiqə komissiyası üzvünün məsuliyyətə cəlb olunması barədə ictimaiyyətə məlumat verməyib.
Bu işlə prokurorluq məşğul olmalıdır
Hüquqşünas Əkrəm Həsənov deyir ki, MSK da daxil olmaqla istənilən dövlət təşkilatının bu cür mənşəyi bəlli olmayan şirkətlərin xidmətindən istifadə etməsi bütövlükdə rəsmi qurumların fəaliyyətinə kölgə salır:
“Məlumdur ki, dövlət satınalmaları həyata keçirilərkən bir sıra hallarda belə əyinti və pozuntulara yol verilir. Düzdür, yeni yaradılmış şirkət satınalmalarda iştirak edə bilməz” də deyə qadağa yoxdur – əgər şərtlər imkan verirsə, təbii ki, iştirak etməsinə maneə yoxdur. Lakin tanınmayan şirkətlərin daim satınalımalarda qalib çıxması müəyyən şübhələr yaratmalıdır. Həm də təkcə sıravi vətəndaşlarda deyil, hüquq-mühafizə orqanlarında. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bu tipli pozuntuların sistemli və xroniki hal almasını korrupsiya kimi qiymətləndirmək olar”.
Hüquqşünas deyir ki, dövlət satınlamalarında tanınmayan şirkətlərdən istifadə olunması həm də həmin qurumlardakı savadsızlıqdan irəli gəlir.
“Ədəbi personaj Şerlok Holms deyirdi ki, ondan yaxşı cinayətkar çıxardı, çünki cinayətkarları təqib edir və onların cinayəti necə ört-basdır etdiyini bilir. Amma əsərdə detektiv Holms özü belə hansısa dəlili gizli yolla əldə etməyə çalışarkən iz qoyur. Elə bizim məmurlar da o qədər qeyri-peşəkar və savadsızdırlar ki, hətta belə bir işləri də “ağılla” görə bilmirlər”.
MSK-nın satınalmalarında olan şübhəli məqamlara gəlincə, Əkrəm Həsənov bununla Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin maraqlanmalı olduğunu deyir.
“Çünki buradakı problemlər sistem xarakterlidir”
, – hüquqşünas vurğulayir.
“Şikayət etdik, müsabiqənin ləğv olunduğunu dedilər. Amma…”
Yeni yaradılan şirkətlər MSK-nın satınalmalarında rahatlıqla qalib elan olunmaqlarına baxmayaraq, 2013-cü ildən informasiya texnologiyaları sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Neyron Teknolocis” MMC-nin baş direktoru İsmayıl Ələkbərov şirkətinin bu qurumun satınalmasında iştirak edə bilmədiyini deyir:
“
Bu ilin fevral ayında MSK proqram təminatı və kompyuterlərə texniki xidmət göstərilməsi üçün kotirovka sorğusu elan etdi. Amma təkliflərin verilməsi üçün müəyyən etdiyi müddət cəmi bir neçə saat idi. Odur ki, nəzarət orqanına şikayət etdik. Bizə AİBNDX-də bildirdilər ki, satınalma proseduru ləğv olunub. Amma belə olub-olmadığını bilmirik. Çünki MSK yeni müsabiqə elan etməyib. Axı məntiqlə fevraldan bəri MSK-nın kompüterlərinə qulluq olmalı idi”
, – deyə sahibkar düşünür.
İ. Ələkbərovun şübhəsi əsassız deyilmiş. Satınalmaların dövlət reyestrinə görə, barəsində söhbət gedən bu xidmət üzrə kotirovka sorğusu fevralın 7-də elan olunub və iddiaçılara müraciət etmək üçün növbəti gün, günorta saat 4-dək vaxt verilib. Amma müsabiqə ləğv olunmayıb: müqavilə elə həmin gün bağlanıb. MSK 7.100 manat dəyərində olan bu işi 2019-cu ilin ilin yanvar ayının 9-da yaradılan “Resvel Trade” MMC-yə tapşırıb. Natiq Mayıl oğlu Həşimovun rəhbərlik etdiyi “Resvel Trade” şirkəti qısa zamanda Səhiyyə Nazirliyinə daxil olan müxtəlif təşkilatlarla 4 müqavilə bağlaya bilib. O, eyni gündə Bakıda yaradılan daha 4 şirkətin direktorudur.
MSK-nın Media və ictimail əlaqələr şöbəsində “nə üçün açıq tender deyil, təkliflər sorğusu metodundan istifadə olunur” məzmunlu informasiya sorğusunu cavabsız qoyublar. Elə səsvermə kabinələrinin satın alınması məqsədilə keçirilən müsabiqənin nəticələri barədə sual da açıq qalıb.
MSK-nın seçki planı
Bu ildən etibarən MSK satınalma planlarını açıqlamağa başlayıb. Təchizatçılara məlumat verilib ki, qurum 160 ton ofset kağızı, 250 kiloqram təbaşirli kağız, 1500 kq ağ yazı kağızı, 2000 ədəd dəmir seyf və 16 adda dəftərxana ləvazimatı və avadanlığı alacaq.
Maraqlıdır ki, MSK satınalma müsabiqələrində açıq tender metodundan ümumiyyətlə istifadə etmir. Dəyəri 50 min manatdan yuxarı olan satınalmalarda tender deyil, təkliflər sorğusu tətbiq edir. Hərçənd, satın alınan əksər mal və xidmətlər “Dövlət satınalmaları haqqında” qanunun açıq tender proseduru ilə tənzimlənən normaya uyğundur. Digər metodların tətbiqinə yalnız Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı əsasına icazə verilir. Qanuna əsasən, təkliflər sorğusu metodu o halda tətbiq olunur ki, qurum malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilməsin, yaxud satınalmaya təcili tələbat yaransın. Seçkinin keçirilməsinə isə 7 ay qalır. Hüquqşünas Əkrəm Həsənovun fikrincə, nəzarət orqanın MSK-ya ucdantutma icazələr verməklə, satınalma gedişində yol verilən pozuntulara da şərik olur.
Xidmətin rəizi Zahid İsayev MSK-nın təşkil etdiyi təkliflər sorğusu və bağladığı birbaşa müqavilələrə qurumun hansı əsaslarla icrazə verdiyi, bu satınlamalardan verillən şikayətlər, eləcə də MSK-nın keçirdiyi satınalma müsabiqələri ilə bağlı verdiyi irad və təkliflər barədə ona ünvanlanmış informasiya sorğusuna birbaşa cavab verməkdən yayınıb. Cavab məktubunda deyilir:
“
Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən, satınalma metodunun seçilməsi, tenderin əsas şərtlər toplusunun hazırlanması, elanın dərc edilməsi, iddiaçılardan daxil olan təkliflərin, qiymət kotirovkalarının qiymətləndirilməsi, satınalma müqaviləsinin bağlanması və satınalma prosedurları haqqında hesabatın tərtib edilməsi satınalan təşkilat və onun tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətinə aiddir.
Göstərilənləri nəzərə alaraq, sorğunuzda göstərilən məsələlərin tam, ətraflı və mahiyyəti üzrə cavablandırılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən aidiyyatı üzrə müraciət etməyiniz tövsiyə olunur”.
Ekspertlərsə deyirlər ki, qanunvercilikdə bu metodla satınalma prosedurunun təşkili sürəcinin dəqiq əksini tapmaması müsabiqə komissiyalarına sui-istifadə üçün imkanlar yaradır. Məsələn, MSK son prezident seçkisində təkliflər sorğusunun bir neçəsində iştirak etmək üçün iddiaçılara cəmi bircə gün vaxt vermişdi.
Bəs MSK-nın bu “özfəaliyyəti” nə vaxtadək davam edəcək? Hesablama Palatasında informasiya sorğusuna cavab olaraq bildiriblər ki, “
Milli Məclisə hesabatlı olan bu qurum yaranan vaxtdan (2001-ci il) ta indiyədək onun iş planlarında dövlət büdcəsindən MSK-ya, o cümlədən seçkilərin keçirilməsi ilə bağlı ayrılmış vəsaitin istifadəsinin auditi nəzərdə tutulmayıb. Palata burada bir dəfə də olsun kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirməyib”.
Palatanın hesabatlarına görə, onun auditorları son dövrlər Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində, Şəmkir rayon mərkəzi xəstəxanasında, BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyində, Ağcabədi rayon Mədəniyyət İdarəsində yoxlamalar aparıblar və müəyyən pozuntular aşkar ediblər.