Prezident Əliyevin sınaq ili

Sınaq ili həm də seçki ilidir – təkcə parlament seçkisi deyil, həm də dünyagörüşü seçkisi. Prezident artıq özünü təkcə mədəni və etnik qruplara deyil, həm də rəqiblərə, hətta barışmaz rəqiblərə qarşı yüksək dərəcədə tolerantıq nəzərdə tutan multikulturizm tərəfdarı elan edib

Source:


Sınaq ili həm də seçki ilidir – təkcə parlament seçkisi deyil, həm də dünyagörüşü seçkisi. Prezident artıq özünü təkcə mədəni və etnik qruplara deyil, həm də rəqiblərə, hətta barışmaz rəqiblərə qarşı yüksək dərəcədə tolerantıq nəzərdə tutan multikulturizm tərəfdarı elan edib

Azərbaycan prezidenti İlham Əliyev elan edilməmiş bir həftəlik məzuniyyətdən Bakıya qayıtdıqdan sonra yanvarın 10-da hökumətin ötən ilin yekunlarına və bu ilin perspektivlərinə həsr olunmuş ənənəvi “yeni il” iclasını keçirib. Prezident 2014-cü ili uğurlu, 2015-ci ili isə ölkə üçün sınaq ili kimi səciyyələndirib.

2014-cü ilin müsbət qiymətləndirilməsi iqtisadi göstəricilərə və dünyada mürəkkəb vəziyyətdə və regional qeyri-sabitlik şəraitində siyasi sabitliyə əsaslanıb.

“Ötən il dünyada və regionda baş vermiş bir sıra proseslərə baxmayaraq, Azərbaycan yüksək inkişaf templərini davam etdirib, xalqımız 2014-cü ildə təhlükəsiz şəraitdə yaşayıb”, deyə o bildirib.

Ötən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, iqtisadiyyatın 3 faizlik artımını, o cümlədən neft qiymətlərinin azalması fonunda qeyri-neft sektorunun 7 faizlik artımını qeyd edən prezident inflyasiyanın aşağı (1,4%) olmasından, əhalinin pul gəlirlərinin artmasından (4,8%) məmnunluğunu ifadə edib.

O, manatın sabitliyini və dövlətin 50 mlrd. dollardan çox valyuta resursları olduğunu qeyd edib.

Statistik məlumatlar göstərib ki, iqtisadiyyata investisiyalar əvvəlki illərlə eyni həddədir. 2014-cü ildə iqtisadiyyata 27 mlrd. dollar investisiya edilib, bunun 16 mlrd. dollarını daxili investisiyalar təşkil edir.

Ötən il “təhlükəsiz həyat” məsələsinə diqqət çəkən prezident, bəlkə də, Yaxın Şərqdə səhnəyə yeni radikal qüvvənin – “İslam Dövlətinin” çıxmasını və Rusiya ekspansionizminin bərpası təhlükəsi yaradan Ukrayna böhranını nəzərdə tuturdu.

“Yeni il” müşavirələrinin keçirildiyi dövr ərzində ilk dəfə Əliyev yaxın gələcəklə bağlı narahatlığını bildirib, 2015-ci ili “sınaq ili” kimi səciyyələndirib. Həqiqətən, 2014-cü ilin ikinci yarısı həm iqtisadi, həm də siyasi mənada cari vəziyyətdə iz buraxmış xoşagəlməz təmayüllər gətirib. Neft qiymətlərinin iki dəfə ucuzlaşmasını, dövlətin gəlirlərinin azalmasını, Rusiyada dərinləşməkdə olan iqtisadi böhranı, Azərbaycana pul köçürmələri tranzaksiyalarının xeyli azalmasını, əhalinin ödəmə qabiliyyətinin azalması fonunda sosial gərginliyin artmasını, islam terrorizmi arealının genişlənməsini buraya aid etmək olar.

Amma, görünür, prezident üçün gündəliyin ən önəmli məsələsi Azərbaycanın siyasi və iqtisadi sahədə demokratik islahatlarla bağlı beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi məsələsinin uzanmasıdır. Bu mövzunun təxirə salınması müddəti vətəndaş fəallarının rezonans doğuran həbsləri və yalnız ilin sonuna qədər müttəfiqinin repressiv dəcəlliklərinə qarşı güzəştlə yanaşan ABŞ ilə açıq-aşkar qarşıdurmalarla yadda qalan 2014-cü ildə, demək olar ki, başa çatıb.

atıb. 2015-ci il ərəfəsində səslənən hədələyici çağırışlar və hətta sanksiya hədələri öhdəliklər mövzusuna dəvətə dəlalət edir. Dövlət Departamentinin mətbuat katibi Ceff Ratke dekabrın 29-da Əliyevin 87 məhbusun, o cümlədən 10 siyasi məhbusun əvf edilməsi haqqında sərəncamını doğru addım adlandıraraq, fundamental azadlıqlarını həyata keçirdiklərinə görə həbs olunmuş şəxslərin azad edilməsini davam etdirməyə çağırıb.

Prezidentin qarşısında sınaq ili fonunda ictimai konsensus əldə etmək üzrə çətin vəzifə durur. İctimai dialoqun müəyyən konturları ötən ilin sonlarında özünü büruzə verməyə başladı, onlar bu ildə də davam və inkişaf etdirilməlidir. Onlara Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadr dəyişiklikləri çağırışını, insan hüquqları üzrə üçtərəfli komissiya yaradılmasını, Prezident Administrasiyasının siyasi partiyalarla məsləhətləşmələrə başlamasını aid etmək olar.

Ölkənin kursuna nəzərəçarpan təsir göstərə biləcək xarici təşəbbüslərdən 2014-cü ildə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozunun anons etdiyi, tərəflərin bu ilin yazında təmtəraqlı şəkildə imzalayacağı Azərbaycan-Aİ “Strateji müasirləşmə haqqında” sazişi qeyd etmək lazımdır.

Xaricdən nə qədər soyuqqanlı görünsə də, Əliyevin ardıcıl olaraq iki ildir ki, yanvarın ilk ongünlüyündə öz məzuniyyətini bölərək hökumətin iclasını keçirməsi onun 2015-ci il üçün narahatlığını göstərir. 2014-cü ildə yanvarın 9-da, 2013-cü ildə yanvarın 15-də, 2012-ci ildə yanvarın 16-da, 2011-ci ildə yanvarın 14-də, 2010-cu ildə yanvarın 18-də, 2009-cu ildə yanvarın 16-da və s. Qeyd etmək lazımdır ki, 2011-ci ildən etibarən neft hasilatının azalması ilə əlaqədar ölkə üçün iqtisadi vəziyyət o qədər də yaxşı olmadı. Bu, 2012-ci ilin yekunlarına görə ÜDM artımında ikirəqəmli göstəricilərdən 0,1 faizə qədər sürətli azalmada öz əksini tapdı. Bu zaman rejim yüksək funksionerlər vasitəsilə ətalətli şəkildə iqtisadiyyatın inhisarlaşması, həmçinin qatı tənqidçilərindən meydanı təmizləmə siyasəti həyata keçirirdi, bununla da prezidentin bəhs etdiyi sistemin təhlükəsizliyini təmin edirdi.

Amma neftin bir bareli 90 dollardan hesablanan neftdən asılı büdcə fonunda neft qiymətlərinin azalmaqda davam etməsi və öhdəliklər haqqında getdikcə daha tez-tez səslənən xatırlatmalar bu siyasəti davam etdirməyə imkan vermir. Sınaq ili həm də seçki ilidir – təkcə parlament seçkisi deyil, həm də dünyagörüşü seçkisi. Prezident artıq özünü təkcə mədəni və etnik qruplara deyil, həm də rəqiblərə, hətta barışmaz rəqiblərə qarşı yüksək dərəcədə tolerantıq nəzərdə tutan multikulturizm tərəfdarı elan edib.

Ana səhifəXəbərlərPrezident Əliyevin sınaq ili