Milli Məclis bir neçə qanuna dəyişiklik edəcək
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur. Qanunun 11-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi və Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi inzibati və yardımçı vəzifələrin təsnifatından çıxarılır.
Hazırda inzibati və yardımçı vəzifələrinin təsnifatında Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin, Prezident Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin, Milli Məclisin Aparat rəhbərinin, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi var. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Milli Məclisin oktyabrın 31-də keçiriləcək növbəti plenar iclasında Əmək və Miqrasiya məcəllələrinə, “Əmək pensiyaları haqqında”, “Yaşayış minimumu haqqında”, “Təhsil haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və digər qanunlara dəyişiklik də daxil olmaqla 35 məsələ daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd edilir ki, elmi işçilər 5 ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidir. Bu, məcəllənin işçilərin attestasiyasının keçirilməsi qaydaları və şərtlərini nəzərdə tutan 65-ci maddəsinə təklif olunan əlavə maddə ilə bağlı layihədə nəzərdə tutulub.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna ediləcək dəyişikliyə əsasən, dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir. Layihəyə görə, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur.
Miqrasiya Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, Azərbaycan vətəndaşı olan və olmayan, o cümlədən əcnəbi olan bir qrup şəxsin ölkədən çıxması məhdudlaşdırılır. Təklif edilən əlavəyə görə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs cəzasının qalan hissəsini çəkib qurtaranadək ölkədən çıxışı məhdudlaşdırılır.