Zibilliyə atılan salofanlar, şüşə qablar, kitab-dəftərlər onun üçün çörək mənbəyidir. Zibil qablarından asılan quru çörəklər də ona pul qazandırır. Bir kilosunu 10 qəpikdən satır.
“Bundan (əlindəki səbəti göstərir) nə qədər yığasan ki, biri heç 100 qram gəlmir. Nə qədər yığasan ki, 5 manat pul olsun. Bu arabaya da o qədər şey getmir. Lambir 40 qəpikdir. Onu da tullamırlar. Maşının arxasına yığıb özləri təhvil verir ki, benzin puludur, 5- 3 manat artıq qazansınlar. Dəftər-kitabın kilosu 5-6 qəpikdir. Nə qədər yığasan ki, 5-3 manat pul qazanasan”- Məmməd Əzizov deyir.
Məmməd Əzizov deyir ki, 12-13 yaşından zibilliyi saf-çürük edir. Rayonda yaşayan atasına, qohumlarına pul göndərir, özü də gecəsi 2 manat olan kirayə evlərdə gecələyir. Səhər tezdən işə başlayır. Doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi yoxdur deyə nə məktəb oxuyub, nə iş tapa bilir. Sənədlərini düzəltmək istəyəndə də deyir, rüşvət istəyirlər.
“Üstündən iyi gələndə, öz-özünə nifrət edirsən ki, bu nədir?! Kimsə gətirib tökür, sən də yığırsan. Bir nəfər gəlib yanından keçəndə üff eləyir, amma xəbəri yoxdur əziyyət çəkib gəlmisən. “Nə pis iy gəlir bundan?” deyirlər. İy gələr də, zibil eşirəm”.
Gecə qarşısına çıxan polislər onu dilənçi sanır. İndiyə qədər həbs olunduğu günlərin sayını itirib. Deyir, azadlığından savayı polislər onun qazancını da əlindən alırlar.
“Halal pulumuzu qazanırıq, ona da imkan vermirlər. Polis əməkdaşları harada tutsalar, incidirlər. 5-3 manat pul istəyirlər. Araba ilə fırlanırıq, çaypulu istəyirlər. İmkan vermirlər ki, yaşamağa”.
“Mənimki həyat deyil”- deyir. Şikayətlərini demək üçün də ünvan tapmır.
“Mən prezidentə nifrət edirəm. Allaha and olsun, mən şəxsən nifrət edirəm. Elə prezident olunca olmamağı yaxşıdır. Camaatın balalarını bədbəxt edirlər. Ayağa qalxanı vurub şikəst eləyirlər. Nə qədər uşaqları tutdular. Haqlı söz deyəndə tutub adamı içəri basırlar”.
O da əli-ayağı təmiz işə gedib qayıtmaq istəyir. Amma hələ ki, bu onun üçün əlçatmaz arzudur.