Polisimizi təbrik arzusu

Barmaqlıqlar arxasında sevinmək

Source:

Mən də istərdim ki, normal, hətta normalın üstündə bir ölkəm ola, mən onun uğurlarına, naliyyətlərinə sevinəm, bayramlarını qeyd edəm.

Dünən də bayram idi. “Şanlı” polislərimizin peşə bayramı. Türkün sözü, gönül istər ki, bütün Azərbaycan polis heyətini təbrik edə, uğurlar diləyə, gün ərzində qarşıma çıxan bütün polislərə gülümsəyərək: “Bayramın mübarək, mənim polisim!” deyəm.

Amma… Təəssüf ki, əmmalarla bol olan bir ölkədə, bu istəyimin də qarşısında, ortasında və sonluğunda böyük hərflərlə yazılmış ƏMMAlar durur. “Mənim polisim, məni qoruyur” şüarını zorla bizə yeritdikləri bir zəmanədə, xalq olaraq əksəriyyət polis xofu ilə doğulur, böyüyür və belə yaşamağa davam edir.

Bir körpəni ki, üç, dörd yaşlarında beyninin yeni-yeni formalaşan bir çağını düşünək. Onu nədənsə çəkindirmək, qorxutmaq, uzaqlaşdırmaq üçün, valideyinləri nə deyir? “Eləmə, yoxsa polisi çağıracam, gəlib, səni aparsın” deyib, qorxutmağa çalışırlar. Nəticədə uşaq böyüdükcə, o “polis fobiyasını” beynindən atmaq asan olmur.

Əksinə, o, ölkədəki bərbad təhsil sisteminin qurbanına çevrilərək orta və ali məktəblərdə təhsil almasına baxmayaraq, hüquqlarından bixəbər olur və nəticədə istənilən məqamda polisdən qorxur, çəkinir, uzaq durmağa çalışır. Halbuki, əksəriyyət hüquqlarını bilsə, cinayət və qayda pozuntusu törətdiyi halda belə, polisin onu qorumaq kimi bir vəzifəsinin olduğunu dərk etməlidir. Polis “xoxan” deyil. Polisin borcu, məni, səni, bizi qorumaqdır.

Yaxın tariximiz isə təəssüf ki, əksini göstərir.

Məhv etdikləri təhsil sisteminə rəğmən, ölkədə savadlı, bacarıqlı, cəsarətli və vicdanlı gəncliyin yetişdiyini görüb, təşvişə düşən rejim, Azərbaycan polisinin əli ilə işıqlı gənclərimizi döydürməkdən, həbs etməkdən, şərləməkdən çəkinmədi. Bütün hallarda polisin əli nahaqdan diktatura çirkabına batdı: siqaret çəkməyən gəncləri narkotiklə, bayramda fişəng belə atmayan gəncləri isə “molotov kokteyli” ilə şərləyərək, həbsxanalara saldılar.

Kimisi Arazının dünyaya gəlməsi xəbərinə barmaqlıqlar arxasında sevinmək məcburiyyətində qaldı, kimi atası İbrahim bəyin ölümünə günahsız yerə yatdığı kameranın küncünə sıxılaraq, ağladı. Kimisi gül kimi Nərgiz balası dünyasını dəyişdiyi, bütün ölkə olaraq hamının yas içində olduğu, evinə axın etdiyi bir vaxtda, övladının dəfninə gəlmək üçün süründürüldü, süni maneələrlə üz-üzə qaldı.

Kimini iki azyaşlı körpəsindən, qardaşı ilə səhv salıb, şərləyərək ayırdılar, “Nənəmin dərmanlarını içdim ki, bəlkə atamı yuxuda görərəm” deyən beş yaşlı Atillanın göz yaşlarını hər gün axıtmasına bais oldular.

Çox təəssüf ki, bütün bu olanlarda “şanlı polisimizin” rolu ən üst səviyyədə gerçəkləşdi. Çox təəssüf..

Amma mən yenə də, təbrik edirəm. Həqiqətən, gözəl peşə seçmisən komandir, amma yanlış ölkədə.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəPolisimizi təbrik arzusu