Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizaları təyin edilib
Baş Prokurorluq Bakıda polislərin döyülməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a daxil olan məlumatda bildirilib ki, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.
Fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ-2107” markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq, sürücü yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar massivində avtomobilini saxlayıb.
Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetiriblər.
V.Abbasov aldığı xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib, C.Ağayevə isə ambulator tibbi yardım göstərilərək evə buraxılıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nətiəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.