Azərbaycan Ordusunun hərbçisinin qəfil infarktdan öldüyü bildirilir

Mayor Müşfiq Əliyev – Foro: Manset.az

Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Müşfiq Əşrəf oğlu Əliyev vəfat edib.

Bu barədə noyabrın 20-də yerli mediada məlumat yayılıb.

Məlumata görə, hərbi hissələrdən birində xidmət edən mayor qəfil ürəktutması nəticəsində dünyasını dəyişib.

Müşfiq Əliyevin nəşi Bakıda dəfn olunub. 

Bildirilir ki, o, uzun illər Azərbaycan Ordusunda xidmət edib. Atası Əşrəf Əliyev də uzun müddət polis orqanlarında çalışıb.

Hərbi qulluqçunun neçə yaşında olduğu, hadisənin dəqiq harada və nə vaxt baş verdiyi açıqlanmayıb.

Müdafiə Nazirliyi hadisə və ölümün səbəbi barədə rəsmi açıqlama verməyib.

2026-cı ildə hərbçi ölümləri

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, 2026-cı il yanvarın 1-dən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr, 5-i intihar, 1-i isə ehtiyatsızlıq nəticəsində ölüb. Daha 9 hərbçinin ölüm səbəbi açıqlanmayıb. Həyatını itirənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, 4-ü isə digər güc strukturlarının hərbi qulluqçuları olub. Müqayisə üçün, 2025-ci ildə qeyri-döyüş şəraitində azı 43 hərbçi ölüb.

Oktyabrın 4-dən sonra da hərbçi ölümləri barədə məlumatlar yayılıb. Noyabrın 8-də Naxçıvanda əsgər Elnar Tağıyev həyatını itirib, noyabrın 20-də isə mayor Müşfiq Əliyevin vəfat etdiyi bildirilib. Bu iki hadisə əvvəlki statistikaya əlavə edilərsə, 2026-cı ildə qeyri-döyüş şəraitində ölən hərbçilərin məlum minimum sayı 46-ya çatır. Oktyabr və noyabr aylarının bütün hadisələrini əhatə edən yenilənmiş ümumi hesabat hələ açıqlanmayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycan Ordusunun hərbçisinin qəfil infarktdan öldüyü bildirilir