Polis sosial şəbəkələrdə haker xidməti təklif edən şəxsləri saxlayıb

200 nəfərə yaxın insan aldadılıb

Source:


200 nəfərə yaxın insan aldadılıb

“İnstagram” sosial şəbəkəsində insanlara yalan vədlər verərək onları dələduzluq yolu ilə aldadan və pullarını mənimsəyən şəxs polislər tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən “Report”a

bildirilib

ki, əməkdaşları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

“Bizə “İnstagram” sosial şəbəkəsində “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.

Əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən etdik ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.

Əməliyyat-axtarış tədbiri nəticəsində “xaker_telefon_izle” səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib. N.İsmayılov pulu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib.

N.İsmayılov ifadəsində “İnstagram”da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.

Martın 12-də Aynur Məmmədova adlı sosial şəbəkə istifadəçisi Meydan TV-yə müraciət edərək haker xidmətləri təklif edən şəxs tərəfindən aldadıldığını

söyləmişdi

:

“Mən bu xidmətdən istifadə etmək istədim. Səhifəyə yazdım, cavab gəldi ki, istənilən köməyi edə bilər. Təbii müəyyən məbləğ qarşılığında. Razılaşdıq. Görüşüb danışmaqdan imtina etdi ki, mən xakerəm, üzümün tanınmasını istəmirəm, gizli qalmalıyam. Pulu poçt vasitəsilə göndərməyimi istədi. Göndərəndən 3 saat sonra məni blokladı, bir də cavab ala bilmədim”.

Aynur Məmmədova 155 manatının alındığını söyləmişdi. O, pulu Bakıdakı poçtlardan birindən Bərdə rayonuna göndərib:

“Bərdədən isə həmin vəsaiti Nurlan Fuad oğlu İsmayılov adlı şəxs alıb. Özünü sosial şəbəkələrdə haker kimi təqdim edən bu insan pulu alandan sonra nömrəsini dəyişdi, “Whatsapp” ünvanını sildi”.

Aynur Məmmədovanın söylədiyi “Xaker_telefon_izlə” səhifəsi insanlara müxtəlif xidmətlər təklif edir. Qarşı tərəfin xəbəri olmadan telefon yönləndirmək, qarşı tərəfin xəbəri olmadan ön kamerasını açmaq, e-mail, “Facebook” və s. adreslərini sındırmaq və s. kimi. Səhifədə bütün bu xidmətlərin ödənişli olduğu da vurğulanıb.

Aynur Məmmədova deyib ki, aldadılması ilə bağlı artıq polisə də müraciət edib, iş araşdırılır.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Xaker_telefon_izlə” səhifəsində qeyd edilən əlaqə telefonuna zəng edib. Dəstəyi açan, özünü Etibar kimi təqdim edən şəxs əvvəlcə xaker xidməti göstərdiklərini söyləyib. Barəsində olan şikayət barədə eşitdikdən sonra isə belə bir xidmət göstərmədiklərini, Aynur Məmmədovanın yalan söylədiyini deyib:

“Hamısı şər-böhtandır. Üstəlik, bir şikayət varsa, ona polis baxmalıdır. Siz öz işinizlə məşğul olun”.

Ana səhifəXəbərlərPolis sosial şəbəkələrdə haker xidməti təklif edən şəxsləri saxlayıb