Sosial şəbəkə istifadəçisi: Xaker xidməti adı ilə aldadılmışam

”Pulumu alandan sonra məni blokladılar”

Source:


”Pulumu alandan sonra məni blokladılar”

Aynur Məmmədova adlı sosial şəbəkə istifadəçisi xaker xidmətləri təklif edən şəxslər tərəfindən aldadıldığını iddia edib.

O, sosial şəbəkələrin birində xaker xidmətləri təklif edən səhifə olduğunu və müəyyən məbləğ qarşılığında istənilən adamın telefonunu izləyə biləcəyini elan etdiyini deyib.

“Mən bu xidmətdən istifadə etmək istədim. Səhifəyə yazdım, cavab gəldi ki, istənilən köməyi edə bilər. Təbii müəyyən məbləğ qarşılığında. Razılaşdıq. Görüşüb danışmaqdan imtina etdi ki, mən xakerəm, üzümün tanınmasını istəmirəm, gizli qalmalıyam. Pulu poçt vasitəsilə göndərməyimi istədi. Göndərəndən 3 saat sonra məni blokladı, bir də cavab ala bilmədim”.

Aynur Məmmədova aldadıldığını, bunun başqa kimsənin başına gəlməməsi üçün məsələni ictimailəşdirmək istədiyini söyləyib.

Aynur Məmmədova 155 manatının alındığını söyləyir. Deyir, pulu Bakıdakı poçtlardan birindən Bərdə rayonuna göndərib:

“Bərdədən isə həmin vəsaiti Nurlan Fuad oğlu İsmayılov adlı şəxs alıb. Özünü sosial şəbəkələrdə xaker kimi təqdim edən bu insan pulu alandan sonra nömrəsini dəyişdi, “Whatsapp” ünvanını sildi”.

Aynur Məmmədovanın söylədiyi “Xaker_telefon_izlə” səhifəsi insanlara müxtəlif xidmətlər təklif edir. Qarşı tərəfin xəbəri olmadan telefon yönləndirmək, qarşı tərəfin xəbəri olmadan ön kamerasını açmaq, e-mail, “Facebook” və s. adreslərini sındırmaq və s. kimi. Səhifədə bütün bu xidmətlərin ödənişli olduğu da vurğulanıb.

Aynur Məmmədova deyir ki, pulu martın 2-də göndərib. Göndərilmə ilə bağlı qəbzi də saxlayır. Deyir, aldadılması ilə bağlı artıq polisə də müraciət edib, iş araşdırılır:

“Saxtakarların tezliklə cəzalandırılacaqlarına ümid edirəm”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Xaker_telefon_izlə” səhifəsində qeyd edilən əlaqə telefonuna zəng edib. Dəstəyi açan, özünü Etibar kimi təqdim edən şəxs əvvəlcə xaker xidməti göstərdiklərini söyləyib. Barəsində olan şikayət barədə eşitdikdən sonra isə belə bir xidmət göstərmədiklərini, Aynur Məmmədovanın yalan söylədiyini deyib:

“Hamısı şər-böhtandır. Üstəlik, bir şikayət varsa, ona polis baxmalıdır. Siz öz işinizlə məşğul olun”.

Aynur Məmmədovanın müraciət etdiyi 21-ci polis bölməsindən isə bildirilib ki, hər gün yüzlərlə şikayət qəbul edirlər. Hər halda belə bir şikayət gəlibsə, mütləq araşdırılacaq, qarşı tərəf işə cəlb ediləcək. Günahkarlar cəzasını alacaq”.

Ana səhifəXəbərlərSosial şəbəkə istifadəçisi: Xaker xidməti adı ilə aldadılmışam