“Evim yoxdu, bu emalatxanada yaşayıram. Bu da hamıya bir az qəribə gəlir ki, Xalq rəssamının evi yoxdur. Heç qeydiyyatım da yoxdur, yaxınlıqdakı Polis İdarəsində qeydiyyatdayam. Həyatdır də, eybi yox”.
Bu sözləri 69 yaşlı heykəltəraş Xanlar Əhmədov deyir. Məbəd hesab etdiyi emalatxanası indi onun həm iş yeri, həm də evidir: “1990-cı ildən buradayam. Mənim emalatxanam məbəddir. Çünki buranın əvvəlki sahibi görkəmli heykəltəraş Fuad Əbdülrəhmanov olub. O, dünyasını dəyişəndən sonra bura mənə nəsib oldu. Düşünürəm ki, Fuad müəllimin ruhu həmişə buradadır. Bu da mənim özümə tələbkarlığımı artırır”.
Xanlar Əhmədov 1946-cı ildə Bakıda anadan olub. Orta məktəbin 7-ci sinfini bitirəndən sonra Əzim Əzimzadə adına Kollecin heykəltəraşlıq fakültəsində oxuyub. Dediyinə görə, Özbəkistanda Rəssamlıq Akademiyasını bitirəndən sonra Bakıya qayıdıb və elə o vaxtdan da sevdiyi sənəti ilə məşğuldur.
Öz gəncliyindən danışan sənətkar deyir ki, sovet hakimiyyəti dövrundə xatirə lövhələrində inqilab edib. İlk dəfə verilən ölçülər və çərcivədən kənara çıxaraq, məşhurların xatirə lövhələrini hazırlayıb: “Qəzənfər Xaliqov, Mehdi Hüseyn, Hüseyin Cavid, Əzim Əzimzadə və bir neçə şəxsiyyətlərin xatirə lövhələrini hazırlamışam. Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın Axundov kitabaxanasının önündəki heykəllərini mən hazırlamışam. Birinci və ikinci fəxri xiyabanda da qəbirüstü heykəllərə müəlliflik etmişəm. Onlardan biri də Əbülfəz Elçibəyin heykəlidir. Hündürlüyü 3m 20 sm olan bu əsər bronza materialından, ətrafı da qırmızı qranitdəndir. Əvvəlcə ailəsi sifariş verdi, sonra dövlət dəstək verdi. Biz də ailəsinin pulunu geri qaytardıq”.
Evinin olmaması onu üzsə də, buna faciə kimi baxmır. Əksinə, düşünür ki, sənətkar üçün ən vacib amil ağlına gələn ideyanı anında gerçəkləşdirməkdir: “Sənətkar gərək emalatxanasında yaşasın. Tutaq ki, mən durub gedirəm Əhmədliyə evimə, ağlıma bir ideya gəlirsə, mən bir də geri qayıdana qədər o fikir ölüb gedir. Bu baxımdan emalatxanada yaşamaq yaradıcılığıma müsbət təsir edir. Hər hansı obraz üzərində işləyəndə mütləq onun şəkillərinə baxıram, ona aid kitablar oxuyuram. Bir də musiqiyə qulaq asıram. Hər şey eskizdən başlayır…”