İnanclı fəal seçim qarşısında qaldığını deyir
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən biri, Samir Babayev deyir ki, ona heç bir aidiyyəti olmayan narkotiki üzərinə götürməsi üçün polis idarəsində başını divara vururdular. Onun sözlərinə görə, onu narkotik və silah seçimi qarşısında qoymuşdular. Bu barədə o, öz məhkəməsində ifadə verərkən danışıb.
Samir Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia olunur ki, onun üzərindən 9.6 qram narkotik maddə tapılıb. Lakin Samir Babayev özünü təqsirli bilmir, həmin narkotiki cibinə polislərin atdığını deyir. Onun sözlərinə görə, həbsinin səbəbi Müsəlman Birliyi Hərəkatının üzvü olmasıdır.
2 dekabr 2022-ci ildən həbsdə olan Samir Babayev məhkəmədə ifadəsində danışıb ki, həmin gün işə gedəndə evinin yaxınlığında yolda saxlanılıb. Onu əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar. Orada 5-10 dəqiqə saxlayandan sonra Sabunçu Eayon Polis İdarəsinə gətiriblər.
İnanclı fəal deyir ki, polis idarəsinə də elə öz maşınıyla gətirilib, amma avtomobili idarə edənlər polislər olub. Onu isə arxa oturacaqda əyləşdiriblər:
“Hər iki tərəfimdə polislər oturmuşdular. Yolda da məni vurdular, təhqir edirdilər. Polis idarəsində olanda “Bandotdel”dən (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) bir nəfər gəldi. Mənə başa saldı ki, “zakazdı, sən getməlisən, xoşluqla boynuna al. Ya silah, na narkotik”. Dedim ki, heç birini götürən deyiləm. Stolun üstünə narkotik qoydular. Əvvəldən əlim qandallıydı. Qandalı açdılar ki, əlimi uzadım narkotiki göstərim, bunlar da çəkiliş eləsinlər. Dedim ki, eləyən deyiləm. Məni çox döydülər. Başımı divara vururdular, özümü təpikləyirdilər. Cibimə narkotiki özləri qoyub, özləri də götürüblər. Mənim əlimi açandan sonra dedilər ki, “çıxart cibindəkini”. Dedim ki, əl vurmuram, özünüz çıxarın”.
Samir Babayev deyir ki, işgəncələrə baxmayaraq, onun razılaşmadığını görüb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bir nəfərlə videogörüntü vasitəsilə əlaqə yaradıblar.
O, işgəncə verən polislər arasında Rasim adlı şəxsin adını çəkib.
Samir Babayevin vəkili Fariz Namazlı məhkəmədə bildirib ki, müvəkkili haqqında həbs qərarı veriləndə Sabunçu Rayon Məhkəməsində hakim onun üzərində olan xəsarətlərə, işgəncə haqda şikayətlərinə laqeyd yanaşıb. Vəkilin sözlərinə görə, halbuki, şəxsin işgəncə şikayəti varsa, yaxud özü onun üzərində xəsarət izləri görürsə, bunun araşdırılmasından ötrü tədbir görmək hakimin vəzifəsidir.
“Təəssüf ki, mən müdafiəçi kimi bu işə qoşulanda bir xeyli vaxt keçmişdi. Mən müraciət etdim. Amma üstündən bir ay keçmişdi deyə, işgəncə izləri də qalmamışdı”, – vəkil bildirib.
Samir Babayevin məhkəməsi iyunun 7-də davam edəcək.
Samir Babayev bundan öncə də iki dəfə inzibati qaydada həbs olunub. Hər iki həbs qərarı üzrə şikayəti Avropa Məhkəməsinin icraatındadır.
Müsəlman Birliyi Hərəkatından Meydan TV-yə bildirilib ki, təşkilat üzvlərinə qarşı təqiblər davam edir. Məlumata görə, bugünlərdə hərəkatın daha bir üzvü Rövşən Əliyev saxlanılıb:
“Mayın 12-də günorta azyaşlı oğlu ilə avtomobilində olan zaman Rövşən Əliyevə mülki geyimlilər yaxınlaşıb və onlarla getməsini tələb ediblər. Deyib ki, heç olmasa, imkan versinlər, uşağı evə qoysun. Onların nəzarəti altında uşağı evə qoyub, ondan sonra Rövşən Əliyevi götürüb aparıblar. Sonradan 14-cü bölmədən bir neçə polis onun evinə gəlib, telefonunu aparıb. O vaxtdan da buraxılmayıb”.
20 Yanvar faciəsinin ildönümündə Müsəlman Birliyi Hərəkatının 6 üzvünə 30 sutka inzibati həbs cəzası verilmişdi ki, onlardan biri də Rövşən Əliyev idi.
Sözügedən 6 nəfərdən Alik Aslanov və Mayıl Kərimov da son vaxtlar narkotik ittihamıyla həbs olunan yüzlərlə dini inanclının sırasındadır.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, hazırda təşkilatın 50-yə yaxın üzvünün həbsdə olduğu bildirilir. Onlardan təxminən 35 nəfəri son 6 ay ərzində həbs edilib və əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb.