O, ittihamları qəbul etmir və həbsini siyasi sifariş hesab edir
Noyabrın 12-də saat 11:00-da Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Pərviz Həşimlinin işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 7 iyul 2014-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verilmiş kassasiya şikayətinə baxılacaq.
Məlumatı vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.
Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Məhkəmə onu Cinayət Məcəlləsinin 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi), 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) maddələri ilə təqsirli bilib.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, ittihamları qəbul etmir və həbsini siyasi sifariş hesab edir.