Təvəkkül Qurbanovun üzləşmə protokolları ilə ilkin izahatı arasında ziddiyyət üzə çıxıb
Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi keçirilib. Prosesdə Pərviz Həşimli ilə birgə həbs olunan və ona qarşı ifadə verən Təvəkkül Qurbanov vəkillərin suallarını cavablandırıb.
Meydan TV-nin prosesdə olan əməkdaşının verdiyi məlumata görə, suallara verilən cavablar əsasında bəlli olub ki, Təvəkkül Qurbanovla Pərviz Həşimlinin görüşü təsadüfən olub. Yəni, onların telefonlarında bir-birinin telefon nömrələri olmayıb.
Daha sonra vəkillər Təvəkkül Qurbanovun üzləşmə protokolları ilə ilkin izahatı arasında ziddiyyəti sadalayıblar.
Təqsirləndirilən Pərviz Həşimli vəsatət qaldırıb, mənzilindəki video-kameraların yaddaş kartının məhkəmədə nümayiş olunmasını istəyib. O, bildirib ki, əgər bu nümayiş olsa, onun mənzilinə silahların MTN tərəfindən qoyulması məlum olacaq.
Məhkəmə əvvəlki vəsadətlərlə birgə sonuncunu da araşdıracağını söyləyərək, prosesi təxirə salıb.
Növəti iclas mayın 1-də keçiriləcək.