Permanent ikiüzlülük və ya İlhamənin ölümü

Şərq “nəzakəti” ya nə?

Source:


İlhamə Quliyevadan bu günlərdə yazmayan, deməyən qalmadı. Bu yaxınlarda yazmışdım ki, yekə bir era bitməkdədir və bu era bizim cəmiyyət üçün nə neft erası, nə totalitarizm dövrü, nə də belə əsaslı bir avtoritarizm erası da olmayıb. Bu era olsa-olsa ya “Manıs erası” oldu, ya da bir az akademik-filan tarixçilər üçün daha quru “Düşük era” adlana bilər. Bu erada cəmiyyətdə manıslarla təlxəklərin dominasiyası baş verdi, başqalarının yox. İnsanlar manıslarla təlxəklərə heyran idi bütün bu era dövrü.

İlhamənin ölümündə baş vermiş ajiotajı da yalnız bu təmayülə yozmaq olar, başqa heç yerə.

Nəsə, gərək anlayaq ki, yenə də məsələ İlhamədə-filanda deyil. İlhamə bizim cəmiyyətin heç olmazsa güzgüsü idi və ona baxıb bir kimsənin utanc-filan hissi keçirdiyinin çox az şahidi olmuşam. Bəs niyə belədir, səbəb nədədir?

Bu yaxınlarda şərq şəhərinin birində moskvalı bir xanımla şam edirdik. O da incəsənət sferasından olduğu üçün söhbətimiz alınırdı – müxtəlif ölkələri, müxtəlif həyat tərzlərini müzakirə edirdik. Ona Moskvanı əsla bəyənmədiyimi, oradakı cəmiyyətin böyük əksəriyyətinin “birbaşa ünsiyyətinin” kobudluqdan (хамство) əsla fərqlənmədiyini, və sonda bu cür ünsiyyətin ən azından nəzakətsiz, kobud və sinik bir insan tipi yetişdirdiyini bildirdim. Qeyd etdim ki, bu tip insanın həyat tərzi üçün, ünsiyyətdə dominasiya məhz o kobudluğun üzərində qurulub. İstisnalar əlbəttə ki, var, lakin bu yalnız ümumi təmayülü bir daha təsdiqləryir.

Gülümsədi. Bu tirada heç xoşuna gəlməmişdi. Cavab olaraq sordu:

– Yaxşı, bəs onda sizin “nəzakətli” Şərqdə dominasiya nə üzərindədir?

Fikirləşdim. Səmimi olmaq lazım idi. Ən azından, öz qarşında. Bir növ psixoanaliz üçün.

– İkiüzlülük. Total ikiüzlülük. Bütün sahələrdə. Permanent ikiüzlülük.

Bəli, təəssüf ki, bizim cəmiyyətin aparıcı trendi məhz ikiüzlülükdür. İkiüzlülük bizim cəmiyyətdə bütün sahələrdədir – evdə, işdə, məişətdə, ictimai həyatda, incəsənət sferasında və siyasətdə, qadın-kişi münasibətində və qohumluq əlaqələrində, toyda-yasda, hər yerdə. Və ən başlıcası odur ki, bizim cəmiyyətdə ikiüzlülük çox “səmimi”, rahat və təbii surətdə edilir. Başa düşürəm ki, indicə deyəcəklər – bu yalnız bizə xas olan qüsur deyil, “ümumbəşəri tapıntıdır”.

Xeyr əzizlərim, əlbəttə haqlısınız, amma Üzeyir bəy demiş, “bir o qədər də yox”. Bu sosial şəbəkələr cəmiyyətin bütün paxırlarını açıb qoydu ortaya, müasir texnologiyalara hazır olmayan bütün cəmiyyətlərdə belə olur. Bunları görəndən sonra, vəziyyətin doğrudan da bizim düşündüyümüzdən qat-qat acınacaqlı olduğunu anlayır, az qala bütün illüziyalarını itirirsən…

Kim biləydi ki, dahi Sabirin yazdığı – “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ aftomobil minməyiriz” – başımızda necə pis çatlayacaq. Hərdən düşünürsən ki, təki çıxmayaydılar bu seyrə, minməyəydilər avtomobilə, elə şeirin ardında deyildiyi kimi “yerə gömülmüş” halında qalaydılar. İndi bunlar nəinki avtomobil minir, hətta “seyrə də balonlarla çıxır”, amma çifayda? Çünki evdə dörd divar arasında saxlanılan qıza peşkəş edilmiş planşetə kimsə ismarış yollarsa (zatən bu cihazlar elə buna görə, yəni ünsiyyət üçün yaradılıb), buna görə elə həmin hədiyyəni almış xanım yaxınları tərəfindən nəyə məruz qala bilər, onu artıq düşünmək də istəmirəm. Fantaziyalarınızı işə salın, kötəkdən baltaya kimi olan spektrdə istədiyinizi seçə bilərsiniz. Lap bu yaxınlarda bir 26 yaşlı qaqaş özündən iki yaş böyük (yəni 28 yaşlı qadını!) küçəyə ondan icazəsiz çıxmağına (!) görə bıçaqlayıb (!) reanimasiyaya salmamışdı?

Bu günlərdə rəssam Gündüz Ağayev Parisdən, Notr-Dam kilsəsinin önündən bir foto paylaşdı, altında yazmışdı ki, bu kilsələrdə bir çox zaman musiqi də səslənir, bu məsciddə ola bilərmi? Gündüz orada simfonik-filan musiqi nəzərdə tutmurdu, əlbəttə ki, yox, belə isə bəzi məscidlərdə ilahilər – dini musiqi səsləndirilir. Məsələ əsla bunda deyildir. Bircə o fotonun altında tökülmüş zəhəri, kini-küdurəti, aqressiyanı görəydiniz, bu insana, onun xanımına və təbii ki, “şeytan Qərbə” olan söyüşlər, qarğışlar, küfr – hərəsi bir qəpik. Əvvəl bir düşündüm, mən də yazım ki, əfəndilər, xanım bacılar, vallah bunu heç bu qədər söyməyin yeri də yoxdu, zatən bu adam elə bircə rəssam olduğu üçün “məkruh-məkruh” işlərlə məşğuldu, demək qanı halaldı, başı kəsilməlidi, vəssalam, tay özünüzü niyə öldürürsünüz. Birdəfəlik kəsin başını getsin, daha nəyin söhbətini edib ucuzluğa gedirsiz…

Maraqlısı bu deyil, bunları nə qədər gördük. Ən maraqlısı odur ki, həmin bu söhbətləri edənlərin maksimal çoxu heç biri, heç bir koqnitiv dissonans keçirmədən ehtirasla söyüb-lənətlədikləri Qərbə istənilən yolla mühaciət etmək üçün bütün dəridən-qabıqdan çıxmağa, hər dona girməyə hazırdırlar. Onlar çox gözəl bilir ki, uşaqlarının təhsilini, sağlamlıqları, bir sözlər rahat yaşayış və gələcəklərini təmin edə biləcəkləri yer yalnız oradır, bunu çox gözəl bilirlər, Gündüzü və Qərbi söyməklərinə rəğmən.

Qısası, dəfələrlə yazdığımız kimi, bu “cəmiyyət”, sadəcə başdan-ayağa böyük bir saxtalıq imperatividir, saxtalıq və ikiüzlülük individuumlarımızda artıq bir növ instink halını alıb. Bunu da bir qədər akademik hala salıb – Permanent ikiüzlülük adlandıraq, başqa deyiləcək bir söz qalmadı, xanımlar və cənablar.

P.S. Hə, bir də onu qeyd edim ki, Elman Rüstəmov bir daha deyib ki, 3-cü dəfə devalvasiya olmayacaq. Biləsiz yəni…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəPermanent ikiüzlülük və ya İlhamənin ölümü