Pensiya və müavinətlər gecikdirilir

”Gecikən müavinətlərin hamısı ayın sonunacan hesablara köçəcək”

Source:


”Gecikən müavinətlərin hamısı ayın sonunacan hesablara köçəcək”

Əlilliyi olan şəxslər onlara verilən aylıq pensiya və müavinətlərin gecikməsindən şikayətçidir. Dekabrın müavinətini yanvarda alan Güldanə Baxışova deyir ki, əslində  müavinətlət ötən ay bayrama görə bir az da tez verməli idi, amma gecikdirdilər:


“122 manat nədir ki, onu da gecikdirirlər?”

2-ci qrup əlilliyi olan Güldanə Baxışova deyir ki, bəlkə də bu gecikmə onlar üçün adi haldır. Heç düşünmürlər ki, 122 manat əlilliyi olan şəxslər üçün nə qədər önəmli məbləğdir:

“Odur ki, bizim şikayətlənməyimiz çoxuna gülməli gələ bilər. Ancaq vəziyyət ağırdır. Kirayədə qalan, iş görə bilməyən adamlarıq. Vaxtında verilməyən o pula görə bizi küçəyə də ata bilərlər. Xahiş edirik, bizim müavinətləri gecikdirməsinlər”.

Əlilliyi olan “Facebook” istifadəçilərinin yaratdığı “Əngəlsiz həyat üçün” adlı qrupda da müavinətlərin gecikməsindən gileylənirlər. Bildirirlər ki, son aylar pensiya və müavinətləri gecikir. Bunun səbəbini rəsmi qurumlardan öyrənə bilmirlər:

“Odur ki, problemimizi burada müzakirəyə çıxarırıq. Bəlkə jurnalist dostlar aidiyyatı qurumlardan bunun səbəbini öyrənə bildilər”.

Zaur Hacılı yazır ki, bir neçə aydır pensiyasını 7-10 gün gec alır və ya onun üçün aylıq nəzərdə tutulmuş müavinətin yarı hissəsi köçürülür:

“Bu, artıq intensiv xarakter aldığından açıq şəkildə yazmaq qərarına gəldim. Mən adətən pensiyamı ən gec ayın 21-22-si alırdım. 3-4 aydır ki, 7-10 gün gecikdirirlər. Məsələn, ötən ay dekabrın 27-si köçmüşdü”.

Bəziləri problemləri ilə bağlı aksiya keçirməyi təklif edir, kimi də səbrli olmağa və bir neçə müddət gözləməyə çağırır.

Xəyalə Yusif isə deyir ki, adətən müavinəti ayın 13-də köçürdü. Son aylarda növbəti ayın əvvəli alır.

Rafiq Əliyev ayda 66 manat müavinət alır. Deyir, həmin müavinətin yarısını köçürüblər, yarısından isə xəbər yoxdur.

Meydan TV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məsələ ilə bağlı sorğu göndərib. Nazirliyin 142 saylı çağrı xidmətindən bildirildi ki, son aylar büdcə ilə bağlı problem yaranıb. Vəsaitin köçürülməsi gecikdiyindən, pensiya və müavinətlərin bir qismi köçürülüb və yaxud gecikib:

“Gecikən müavinətlərin hamısı ayın sonunacan hesablara köçəcək. Müvəqqəti çətinlikdir”.

Ana səhifəXəbərlərPensiya və müavinətlər gecikdirilir