“Məndən Vəkillər Kollegiyasına şikayət olunub”
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkil Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib.
Bu haqda məlumatı vəkil özü bildirib.
O, şikayətin səbəblərini bilmədiyini söyləyib:
“Şikayətin məzmunu ilə tanış deyiləm. Vəkillər Kollegiyasının İntizam Komissiyasından əlaqə saxladılar. Bildirdilər ki, haqqımda şikayət var. Gedib şikayətlə tanış olacağam”.
Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Bu yaxınlarda vəkil Y.İmanov “Nardaran işi” üzrə məhbuslardan Abbas Hüseynovun avqustun 8-də Qobustan həbsxanasında işgəncəyə məruz qalması ilə bağlı açıqlama vermişdi. Bildirmişdi ki, Abbas Hüseynov onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döydüklərini söyləyib. Daha sonra həbsxananın rəisi Avtandil Ağayev öz otağında onu əlləri qandallı vəziyyətdə dəyənəklə döyüb.
Penitensiar Xidmət “Nardaran işi”də tutulan məhbuslara işgəncə verilməsi ilə bağlı iddiaları təkzib etmişdi.
Vəkilin açıqlamalarından sonra Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də həbsxanada A.Hüseynova baş çəkmişdi.
Vəkillərdən Vəkillər Kollegiyasına müraciət onların cəzalandırılması ilə nəticələnir. Qanunvericiliyə görə, belə müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə kollegiyadan kənarlaşdırıla bilər.
Son bir neçə ildə vəkillər – Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.