Ekspertlər cəzaçəkmə müəssisələrində baş verən ölüm hallarına münasibət bildiriblər
Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki nəfərin öldürülməsi, bir neçə nəfərin isə ağır yaralanması barədə xəbərlər yayılıb. Həbsxanada döyülərək öldürülən dustaqlardan biri 23 yaşlı Nurani İbrahimovdur. Mərhumun atası Fuad İbrahimov mediaya oğluna işgəncə verildiyini, döyülərək öldürüldüyünü deyib. Eyni zamanda mərhumun morqdakı fotoları da sosial şəbəkələrdə, mediada yayılıb. Buna baxmayaraq baş verən hadisə ilə bağlı mediaya və cəmiyyətə məsul orqanlar tərəfindən heç bir açıqlama verilməyib. Meydan TV əməkdaşı baş verən hadisəyə görə ictimaiyyət nümayəndələrindən münasibət öyrənib.
Hüquqşünas Əsabəli Mustafayev deyir ki, Penitensiar Xidmətdə baş verən hadisə ilk belə hadisə deyil. Təəssüf doğuran həm də odur ki, buvaxta qədər baş verən hadisələrlə bağlı obyektiv araşdırma aparılmayıb:
“Əvvəllər də belə hadisələr dəfərlərlə baş verib. Lakin bu faktların heç biri üzrə səmərəli araşdırma aparılmayıb. Yeni ölümün əsl səbəbi, zorakılıq əlamətləri varsa, bu zorakılığı törətmiş şəxsin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi təmin edilməyib. Ona görə də belə hadisələrin baş verməsi davam edir. Hesab edirəm ki, zərərçəkmiş tərəfindən vəkilin iştirakı araşdırmanın ədalətliliyini təmin edə bilər. Əgər vəkil olsa, araşdırmanın səmərəli olmamasından Avropa Məhkəməsinə şikayət vermək olar. Bundan başqa, vəkil ictimaiyyəti araşdırmanın gedişatı ilə bağlı məlumatlandıra bilər. İctimai rəy isə araşdırmanın səmərəliliyinin təminatında bir amil ola bilər. Əks təqdirdə, güman edirəm ki, qısa bir araşdırma aparılacaq, cinayət işinin başlanmasından imtina olunacaq və bununla da gələcək ölümlərə bir daha imkan yaranacaq”.
Vəkil Xalid Bağırovun fikrincə, cəzaçəkmə müəssisələri qapalı müəssisələr olduğunundan orda baş verən hadisələrlər bağlı ictimaiyyətə dərhal məlumat verilməlidir ki, cəmiyyətdə bu barədə ətraflı məlumatlar olsun:
“İlk əvvəl nəzərə alınmalıdır ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri dövlətin zor aparatına daxil olan orqanlardır. Onların müəyyən bir texniki vəsaitləri var ki, zor tətbiq etmək imkanları var. Və həm də qanunla onlara bu aparatlardan istifadə etmək səlahiyyəti verilib. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Penitensiar Xidmət müəssisələri elə bir strukturdur ki, onlar cəmiyyət üçün təbiətinə görə kifayət qədər qapalıdırlar. Belə bir şəraitdə dövlətin güc tətbiqetmə mexanizmini müəyyən qədər sui-istifadəsinin qarşısının alınması üçün ictimai nəzarət kifayət qədər güclü olmalıdır. Bu, həm də, ümumiyyətlə, hüququn yanaşmasıdır. Belə strukturlarda baş verən zorakılıq, ölüm hadisələrinə gəldikdə isə beynəlxalq hüquqa görə əgər hansısa bir şəxs dövlətin tam nəzarətində həlak olursa, hər hansı bir xəsarət alırsa, dövlət bu xəsarətlərin və bu ölümün obyektiv izahını verə biləcək sübutlar gətirməli, açıqlamalar verməlidir. Bu, dövlətin birbaşa vəzifəsidir. Bir daha qeyd edirəm ki, Penitensiar Xidmət qapalı müəssisə olduğu üçün belə bir açıqlamanı dövlət vermək məcburiyyətindədir. Çünki əks halda dövlət həmin ölümlərə görə məsuliyyət daşımalı olacaq”.
Xalid Bağırov deyir ki, beynəlxalq hüquq hətta jurnalistlərə də imkan verir ki, bu məsələnin üzərinə getsinlər və gündəmdə saxlasınlar. Jurnalistlər güclərini səfərbər edib bu məsələyə ictimai diqqəti artırmalıdırlar.
Milli Məclisin deputatı Zahid Oruc isə hesab edir ki, bu sahədə yeniliklərə ehtiyac var.
“Penitensiar sistemdə, doğurdan da, yeniliklərə çox ciddi ehtiyac var. Faktiki olaraq cəzaçəkmə müəssisələrinin bir qismini yeniləsək də, oradakı davranış qaydalarında, qanunvericiliyin tətbiqində hələ də xeyli çatışmazlıqlar qalmaqdadır. İctimai nəzarət sistemi müxtəlif qüvvələrin ora getməsi, ayrı-ayrı yerləri ziyarət etməsi, müxtəlif məhbuslarla görüşməsi ilə özünü göstərsə də, faktiki olaraq hələ beyinlərdə müəyyən sovet dövründən qalan mənfi miras yaşamaqdadır. Bunlar elə hesab edirlər ki, adamları azadlığı ilə yanaşı həm də insanlığından, insan haqlarından məhrum etmək hüququna malikdirlər. Bu isə yanlışdır. Adamlara nə qədər qəddarlıq tətbiq etsən, o, onu geri qaytaracaq. Unutmayaq ki, həmin məkanların, həmin yerlərin adı islah əmək düşərgələridir. Bu, o deməkdir ki, ora düşən insan əməyi ilə islah olunmalıdır. Amma bir çox halda adamlar məhbəsdən yeni cinayət növlərinə yiyələnməklə çıxırlar. Və bu, cəmiyyət üçün təhlükə törədir. Demək ki, islah olunmurlar. Əksinə, oradakı şərait onların müxtəlif qanunsuzluqlara sanki vadar edir”.
Zahid Oruc deyir ki, cəzaçəkmə müəssisələrində baş verənlərlə bağlı ona da mürəciət edən vətəndaşların sayı çoxdur:
“Mən deputat kimi, Penitensiar Xidmətdəki qanunsuzluqlarla bağlı çoxlu məktublar, müraciətlər alıram. Başadüşüləndir, vətəndaşlardan bəziləri ola bilsin ki, çalışsın çörəyin arasında, konserv qutusunda, narkotik vasitə, telefon keçirsin. Bu, ola bilər və var. Bunu inkar etmək olmaz. Amma bütün hamını potensial düşmən elan edəndə və hamının üstünə total nəzarət sistemi tətbiq edəndə biz, doğurdan da, arzuladığımız o Qərb standartına yaxınlaşa bilmərik. Finlandiyadan Belçikaya qədər olan həbsxanalar, hətta özəl həbsxanalar bunun üzərində qurulub ki, insanın insan amilini önə çəksin. O, azadlığından məhrum olub. Bunu edəndə cəmiyyət həqiqətən də o cəzalandırma sistemindən udur. İndi isə bizim gerçəkliyimizdə başqa problemlər də var. Düşünürəm ki, bir tərəfdən sovet dövründən qalmış bütün həbsxanaları sökmək lazımdır. Bu, hələ də bizim üçün sovet izləridir. Hələ də bir çox adamlarda basqılar o repressiya dövrünün sindromlarını xatırladır. Bir yandan da orada mənfi tarixçə var. Gələn yeni səhifədən başlamaq istəmir. Elə istəyir ki, köhnəni davam etdirsin. Bu isə qüsurlara səbəb olur. Kimin ki, yaradıcı yanaşması var, qarşısındakına təbəəsi kimi, qulu kimi yanaşmır, orada çox normal münasibətlər hökm sürür. Harda ki, o hesab edir ki, yumruğu və ya ayrı-ayrı başqa vasitələr idarəçiliyin həlqəsidir, orada biz həmin problemləri görürük. Ona görə də bu ölüm hadisələri çox mənfi haldır bizim üçün və düşünürəm ki, ədliyyə orqanları bu məsələlərlə bağlı real tədbirlər həyata keçirəcəklər”.