Pəncərəsiz, qapısız məktəb

“Barmaqla sayılı yaxşı məktəblər var ki, onu da ya SOCAR təmir edib, ya da hansısa imkanlı şəxs”

Source:


“Barmaqla sayılı yaxşı məktəblər var ki, onu da ya SOCAR təmir edib, ya da hansısa  imkanlı şəxs”

Gürcüstanın Marneuli rayonunun Sarvanlı kəndində azərbaycanlılara təhsil verən məktəbin birmərtəbəli binasını görünüşcə palçıqdan tiklimiş tövlələrdən yalnız qapısındakı lövhə və dam örütüyünə sancılmış bayraq fəqləndirir. Sinif otaqlarının sınıq-salxaq qapılarından və divarlarındakı oyuqlardan içəri görünür.

Məktəbin həyətində odun daşıyan məktəblilər pəncərəsiz otaqları isitməyə çalışırlar.


“Başımıza yuxarıdan qum, torpaq tökülür”

Nuran Əliyev də bu məktəbin 3-cü sinif şagirdidir. Balaca qollarına yığdığı odunu sinif otağına aparır:


“Bütün qışı odun sobası yandırıb, sinifimizi isidirik. Ayna sınıqdır deyə isinmir, külək üfürür”.

Məktəbin müəllimələri danışırlar ki, bina 70-ci illərin tikilisi olduğundan çoxdandır ki, uçub dağılır.

“Oturduğumuz yerdə başımıza yuxarıdan qum, torpaq tökülür. Artıq divarlar da dağılıb gedir. Qapılar  bərbad gündədir deyə nə qədər odun yandırsaq da, otaq qızmır. Elə bil küləyin, soyuğun ortasında, bayırda soba qalayıbsan. Nə fərqi var?! ” – deyə, müəlllimə Mahirə Əliyeva gileylənir.

Hazırda Gürcüstanda Azərbaycan dilində təhsil verən 84 orta məktəb var. Həmçinin gürcü dilli məktəblərin 36-sında Azərbaycan dili şöbəsi fəaliyyət göstərir.


“Gürcü məktəblərində hətta mərkəzi istilik sistemi belə var”

“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyir ki, Gürcüstandakı Azərbaycan dilli orta məktəblərin əksəriyyəti uyğunlaşdırılmış və ya köhnə binalarda yerləşir:

“Azərbaycan məktəblərinin təxminən 80 faizi çox bərbad haldadır. Heç təhsil ocağına oxşamır. Barmaqla sayılı yaxşı məktəblər var ki, onu da ya SOCAR təmir edib, ya da hansısa  azərbaycanlı imkanlı şəxs. Amma bizim araşdırmalarımız zamanı məlum olub ki, ən ucqar kəndlərdə belə yerləşən gürcü məktəblərində hətta mərkəzi istilik sistemi belə var. Mən hesab edirəm ki, bu fərq, etnik azərbaycanlılara qarşı diskriminasiyanın aydın göstəricisidir”.


“Bu payız 5 sinif bağlandı”

Marneulinin gürcülər yaşayan kəndlərindəki orta məktəblər də normal şəraitdədir. Sarvanlı məktəbinin müəlliməsi Asiya Abbasova deyir ki, şəraitsizlik üzündən azərbaycanlı şagirdlərin bir qismi qonşuluqdakı gürcü məktəblərinə gedir:

“Valideynlər uşaqlarını bizim məktəbdən çıxarıb, qonşu kəndlərdəki daha yaxşı şəraitli gürcü məktəblərinə aparırlar. Ötən tədris ili ilə müqayisədə uşaqların sayı azaldığından, bu payız 5 sinif bağlandı. Sinif sayı azaldıqca, bizim dərs saatlarımız da, maaşımız da azalır. Valideynlər deyir: “Sarvanlı məktəbi toyuq damına oxşayır”. İstəyirlər ki, uşaqları yaxşı məktəbdə təhsil alsın”.

Son beş illə müqaisədə Sarvanlı kənd məktəbində şagirdlərin sayı yarıdan çox azalıb. Bu tədris ilində məktəbdə cəmi 130 nəfər oxuyur.

Gürcüstan Elm və Təhsil Nazirliyinin məlumatına görə, Sovetlər dönəmində ölkədə 168 Azərbaycan dilində təhsil verən orta məktəb olub. Sonralar onların sayı azalaraq 84-ə enib.Mütəxəssislər hesab edir ki, Azərbaycan dilli məktəblərin tədricən bağlanmasının səbəblərindən biri də şəraitsizlik, binalarının köhnə olması, şagird və müəllim heyətinin tədricən azalması ilə bağlıdır.


“Büdcə vəsaitləri səmərəli xərclənmir”


Sarvanlı sakini Nazilə Alıyeva da V sinifdə oxuyan qızını onlardan bir az uzaqda yerləşən Algeti kənd məktəbinə göndərir:

“Dördüncü sinifədək öz məktəbimizdə oxudu. Qışı xəstələnməsin deyə məktəbə getməyə qoymurdum. Bir həftə evdə qalıb sağalırdı, məktəbə gedib yenidən xəstələnirdi. Üstəlik məktəb elə gündədir, orda təhsil almaq olar?! Algetidə şərait yaxşıdı, qızımı məktəbə səhərlər yoldaşım maşınla aparır, sonra da mən gedib gətirirəm. Gürcü dilini zəif bilir deyə çətinlik çəkir, amma yavaş-yavaş öyrənir”.

Gürcüstan Elm və Təhsil Nazirliyinin ictimai əlaqələr departamentinin rəhbəri Natali Asatiani isə bildirir ki, ölkənin təhsil sistemində heç zaman etnik ayrıseçkilik və diskriminativ münasibət mövcud olmayıb:

“Əgər hansısa ayrıseçkiliyə yol verilərsə, buna dərhal reaksiya verilər. Gürcüstanın dövlət məktəblərinin hamısı təhsili eyni proqram üzrə  həyata keçirir və onların maliyyələşməsi də eyni qaydada aparılır. Qeyd edim ki, qeyri-gürcü məktəbləri və bölmələri dil ehtiyacları baxımından daha çox maliyyə alırlar”.

“Göyərçin” qeyri-hökümət təşkilatının sədri Səbinə Talıbova isə hesab edir ki, Azərbaycan dilli məktəblərin şəraitinin yaxşı olmamasının səbəblərindən biri də büdcə ayırmalarının səmərəli xərclənməməsindədir:

“Nazirlik bütün orta məktəblərə hər şagird sayına görə il ərzində minimum 400 lari pul ayırır. Məktəb rəhbərliyi bu vəsaitləri şagirdlərin təhsil məsələlərinə, eləcə də məktəbin təmir işlərinə yönəldə bilər. Təəssüf ki, bizim müşahidələrə görə, gürcü məktəblərində direktorlar bu işdə daha həvəslidirlər, nəinki Azərbaycan dilli təhsil ocaqlarında. Görünür bu məsələdə nəzarətin gücləndirilməsinə ehtiyac var”.

Ana səhifəXəbərlərPəncərəsiz, qapısız məktəb