PEN-klub Çingiz Abdullayevi tanımadığını deyir

Yazıçı “PEN-klub Azərbaycan”ın prezidenti olduğunu iddia edir, qurum isə Azərbaycanda nümayəndəliyinin olmadığını bildirir

Source:

Yazıçı “PEN-klub Azərbaycan”ın prezidenti olduğunu iddia edir, qurum isə Azərbaycanda nümayəndəliyinin olmadığını bildirir

“Neftçi”nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev ötən həftə media nümayəndələri ilə görüşdə özünü Azərbaycan futbolunun xilaskarı kimi təqdim edib.  Azerisport.com saytının yazdığına görə, xalq yazıçısı deyib: “Bu yaxınlarda Azərbaycanda faciə baş verdi, jurnalist öldürüldü. Bu, böyük rezonansa səbəb olub. Hadisənin futbolla bağlı olduğunu hər yerdə bilirlər. Mən Azərbaycan PEN-klubunun prezidentiyəm. PEN-klub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdır. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda PEN-kluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. Son hadisəyə gəlincə, beynəlxalq PEN-klub məndən tələb etdi ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəkim ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar. Onlar təzyiq edərək “Qəbələ” ilə “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük”.

Korner.az Çingiz Abdullayevin dedikləri ilə bağlı araşdırma aparıb. Saytın yazdığına görə, öncə qurumun saytında axtarış aparıb və Çingiz

Abdullayevin adına rast gəlinməyib. Bundan sonra Pen-kluba sorğu göndərib.  Sorğuda yazılıb: “Sizin qurumun Azərbaycan nümayəndəliyinin prezidenti iddia edir ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı müzakirə aparıb, UEFA-nın qarşısında klublarımızın cəzalandırılması tələbini qoymaq istəmisiz. Amma Çingiz Abdullayevin ciddi-cəhdlərindən sonra bu istəyiniz baş tutmayıb. Bunu nə məqsədlə edirdiz və sizin, ümumiyyətlə, UEFA və ya digər ali qurumlar qarşısında bu cür (cəzalandırmaq) tələb qoymaq səlahiyyətiniz varmı?”

Pen-klubun Şöbələr və komitələr rəhbəri Pol Fineqanın Korner.az-ın əməkdaşına göndərdiyi cavab məktubundan isə bəlli olur ki, qurumun Azərbaycanda heç nümayəndəliyi yoxdur: ”

Hörmətli Elvin.


Mәktubunuz üçün tәşәkkür edirik.


Tәәssüflә qeyd etmәliyәm ki, ortada yanlış anlaşılma var. PEN International-ın hazırda Azərbaycanda heç bir nümayəndəliyi yoxdur. Bundan başqa, mәn Çingiz Abdullayevlә heç vaxt kontaktda olmamışam vә bu insanla, ümumiyyәtlә, tanış deyilәm.


Әgәr Siz kimdәnsә Azәrbaycan PEN-in nümayәndәsi olması haqqında iddia eşitmisinizsә, xahiş edirәm, mәnә bildirin, mәn onlarla danışacağam.


Hörmәtlә, Pol Fineqan,


PEN International”

“PEN-Klub Azərbaycan”ın vitse-prezidenti Natiq Rəsulzadə isə saytın yazdıqlarına öz Facebook səhifəsində cavab verib:

“İdman saytlarından birində yer almış yazıda müəllif Çingiz Abdullayevin rəhbəri olduğu “PEN-KLUB Azərbaycan”ı az qala saxta təşkilat kimi qələmə verib. Mən bu yazı ilə tanış olduqdan sonra özümə sual verdim ki, necə olur ki, mən bu illər ərzində mövcud olmayan təşkilatın vitse-prezidenti olmuşam. “PEN-Klub Azərbaycan” təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 25 ildir fəaliyyət göstərir. Təşkilatın prezidenti Çingiz Abdullayev, vitse prezidenti isə mənəm. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi. Məhz “PEN-Klub Azərbaycan”nın Rabitə Nazirliyi ilə həyata keçirdiyi unikal proqram sayəsində azərbaycanlı yazıçılar öz əsərlərini bizim saytımızda Azərbaycan və rus dillərində nəşr etməklə pul qazana bilirlər. 3 il öncə “PEN-Klub Azərbaycan” 2 azərbaycanlı yazıçının – Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdən azad olunmasına nail oldu. İranın rəhbər şəxslərindən biri Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşündə də bu faktı xüsusi qeyd etmişdi. Saxta təşkilat buna nail ola bilərdimi? Beynəlxalq PEN-Klub-un mövqeyinə gəlincə: “PEN-Klub Azərbaycan” bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindir, çünki bu qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına ziddir. Biz Azərbaycana və onun yazıçıları, ziyalılarının maraqlarına xidmət edirik. Mən jurnalistə informasiyanı təqdim etməyin elementar qaydalarını xatırlatmaq istəyirəm. Bu “araşdırma”nın müəllifi bizim mövqeyimizi öyrənməyə lüzum görməyib. Bu, qeyri-peşəkarlıqdır. İstərdik ki, əcnəbi mövqeni böyük məmnuniyyətlə öyrənən jurnalist, şayiələrə münasibətdə daha məsuliyyətli davransın. Bununla yanaşı mən belə bir təşkilatın və orada fəaliyyət göstərən insanların nüfuzunu “qaralamaq” istəyən azərbaycanlı jurnalisti heç vaxt başa düşə bilmərəm və belə mövqe nümayiş etdirmək ən azı ayıbdır. O, “PEN-Klub Azərbaycan”a qeyri-obyektiv münasibət göstərən İngiltərə PEN-Klubunun bu mövqeyini tənqid etsəydi, bu vətənpərvər jurnalistin uğuru olardı.”

Ana səhifəXəbərlərPEN-klub Çingiz Abdullayevi tanımadığını deyir