Qusar sakini: “Dövlət Notariat Arxivi də alqı-satqı müqaviləsini tapmayıb”
“Mənə və ailəmə məxsus olan pay torpağının bir hissəsi 2006-cı ilə saxta sənədlərlə başqasına satılıb. Sonradan torpaq daha iki əldən keçib. İş orasındadır ki, illərlə bizim bundan xəbərimiz olmayıb, torpaqda əkin işlərimizi davam etdirmişik. Hətta 2017-ci ilədək “Kapitalbank” vasitəsilə əkin təsərrüfatımıza görə subsidiya da almışıq”.
Bəylər Kürəbəyov Meydan TV-yə danışır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 5,64 ha pay torpağı ayrılıb. Ailə həmin torpaqda əkin işləri görərək dolanırmış. 2006-cı ilin mayında Torpaq və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsinin 1,22 ha hissəsi də daxil olmaqla, Tofiq Hacıyevə ümumilikdə 100,6 ha torpaq sahəsinə dair Dövlət Aktı verib. Həmin sənədin əsası kimi Qusar Rayon Məhkəməsinin 11.04.2006-cı il tarixli, 2-291 saylı Qətnaməsi və 2005-2006-cı illərdə rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin reyestr nömrələri göstərilib. Ancaq Bəylər Kürəbəyov deyir, onun nə məhkəmə qətnaməsindən, nə də notariat kontorda bağlanmış alqı-satqı müqaviləsindən xəbəri olub.
“Ortada nə məhkəmə qətnaməsi, nə də alqı-satqı müqaviləsi var”
“Bizə bildirilib ki, torpağın bir hissəsi Qusar Rayon Məhkəməsinin 2-291/2006 saylı mülki iş üzrə çıxardığı qərardadır. Guya mən o mülki işdə tərəflərdən biri olmuşam. Arxivə verdiyimiz sorğu nəticəsində məlum oldu ki, 2-291/2006 saylı mülki iş yoxdur, həmin iş nömrəsi altında nikahın pozulması işinə baxılıb. Yəni Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkaların qeydiyyatında Albert Kürəbəyovun tərəf olduğu 2-291 saylı mülki iş mövcud deyil. Belə olan halda ortaya sual çıxır – bu torpaq hansı məhkəmə qərarı ilə Tofiq Hacıyevə verilib? O məhkəmə qərarı hələ də ortada yoxdur. Notariat kontorda isə mənim imzamla hər hansı alqı-satqı müqaviləsi rəsmiləşdirilməyib”, – şikayətçi deyir.
Dövlət Notariat Arxivi də müqaviləni axtarıb tapmayıb
Kürəbəyovların vəkili onlara məxsus torpağın bir hissəsinin alqı-satqısına dair Qusar rayon dövlət notariat kontorunda 30.12.2006-cı il tarixdə 4Ə4-780-798, 26.01 2006-cı ildə 4Ə-1-80-83, 14.02.2006-cı il tarixdə 4Ə-2-208-230, 29.04.2006-cı il tarixdə 4Ə-3-483-485, 06.05.2006-cı il tarixdə 4Ə-535-570 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin olub-olmaması ilə bağlı Dövlət Notariat Arxivinə müraciət edib. Arxivdən verilən cavabda bildirilib ki, Qusar rayon dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş qeyd olunan müqavillərin arxiv nüsxəsinə baxış keçirilərkən, sözügedən müqavilələrin Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilib. Müraciətdə qeyd edilən 4Ə-530 və 4Ə-535 reyest nömrələri ilə təsdiq edilmiş müqavilələr isə arxivə təhvil verilməyib.
“Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia qaldırmalıdır”
İndi Tofiq Hacıyev özü də həyatda yoxdur ki, Albert Kürəbəyov məsələni onunla aydınlaşdırsın:
“İş orasındadır ki, vaxtilə saxtakarlıqla torpağımın bir hissəsinə sahiblənmiş o adam dünyasını dəyişib. Ölməmişdən əvvəl torpağı “Aqrarqo” MMC-yə, həmin şirkət isə “Aqrosity” MMC-yə satıb. Hazırda torpaq sahəsi sonuncu MMC-nin istifadəsindədir. İndi mən kimin yaxasından yapışım, bilmirəm. Deyirlər ki, biz vicdanlı alıcıyıq, bizə Çıxarışla satılıb, almışıq”.
Albert Kürəbəyov Qusar Rayon Prokurorluğuna müraciət edib. Ona məxsus torpaq sahəsinin bir hissəsinin saxta məhkəmə qətnaməsi ilə satılaraq, həmin sənəd əsasında Çıxarış verilməsinin araşdırlımasını istəyib. Ancaq bu ilin yanvarında prokurorluq torpaq münasibətlərindən yaranan mübahisələr üzrə işə məhkəmələr baxdığını qeyd edərək, cinayət işi başlanmasının rədd edilməsinə dair qərar çıxarıb.
Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaş Çıxarışı verən quruma – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı məhkəmə iddiası qaldırmalıdır: “Torpağın hazırkı sahibi vicdanlı alıcı hesab olunur, vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia qaldırmalıdır”.