Pasport

Bir neçə il əvvəl ölməz Daneliyanın “Pasport” filminə baxanda, içimi bürüyən sıxıntının səbəbini anlamamışdım

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Bir neçə il əvvəl ölməz Daneliyanın “Pasport” filminə baxanda, içimi bürüyən sıxıntının səbəbini anlamamışdım. Əslində, normal idi bu vəziyyət, film olduğunu, rejissor, sssenarist xülyası olduğunu bildiyim, hadisələrin gerçəkdən baş vermədiyinə əmin olduğum halda belə, ekranda faciə, ədalətsizlik, insanların aldanması mənə olmazın pis təsir edir.

Pasport filmində də qəhrəmanın düşdüyü çıxılmazlıq, dolaşıqlıq, axtardığı yollara baxdıqca, dəhşətli dərəcədə pis olurdum.

Əgər film bitəndə kimsə mənə desəydi ki, bir neçə ildən sonra bu qəhrəmanın taleyindən daha betəri səni gözləyir, yəqin elə oradaca ürəyim dayanar və yerimdəcə ölərdim. Belə bir şeyi təsəvvür etməyə belə gücüm çatmazdı həmin an.

Amma müdriklər demişkən, doğrudan da, ən pis çətinliklər ən güclü adamları tapır.

…İki ay əvvəl indi yaşadığım ölkəyə gələndə, təyyarəyə minən kimi şən və şirindil stüradessa qucağımda oğlumu görüb, ona bəzəkli bir üzlük bağışladı. Bu, pasport üzlüyü idi. Büruzə verməsəm də, hədiyyə mənim üçün çox acı idi, çünki iki yaş yarımlıq oğlumun hələ də pasportu yox idi və mən bu iki il yarımı ona pasport almaq uğrunda mübarizəyə xərcləmişdim.

Üzlüyü aldıq. Yolboyu mən bu boş üzlüyə baxır və düşünürdüm. Bu qıza necə izah edəydim ki, vətəndaşı olduğum ölkə, bir uşaqdan onun valideynlərinin qisasını alır? Mən o stüradessaya necə deyəydim ki, bu üzlük boş qalacaq, çünki oğlumun pasportu yoxdur, ona necə izah edəydim ki, bu təyyarəyə gömrükdən bizi keçirən BMT əməkdaşlarının köməyi ilə minmişik?!

Mən əlimdə üstü balaca balinaya oxşayan təyyarə şəkilli, mavi üzlüyə baxır, bir qolumla oğlumu sıxır və ağlamaqdan özümü güclə saxlayırdım. Əslində, hər şey artıq geridə idi, mən iki ildən çox bir müddəti Gürcüstanda əsir kimi qalan, ordan çıxara bimədiyim, qeyri-leqal vəziyyətə düşmüş oğlumu jurnalist təşkilatlarının uzun-uzadı çəkdiyi zəhmət sayəsində çıxara bilmişdim. Amma o iki ildə keçirdiyim hisslər, düşdüyüm vəziyyətlər, bir-birinin ardınca puç olan ümidlərimi xatırladıqca, get-gedə ağlamamaq mənim üçün çətinləşirdi.

O iki il ərzində mən hansı seçimlər arasında qoymamışdım özümü və balamı? Hər gün onun üzünə baxdıqca, vəziyyətinindən heç nə anlamayan, öz uşaq həyatını yaşayan oğlumun qarşısında nə qədər günahkar hiss etmişdim özümü. Ona baxır və düşünürdüm, görəsən mən öz ölkəmə nə pislik etmişəm ki, özüm bir yana, günahsız körpəni belə cəzalandırmaq gəlib ağıllarına? Milyonlarını talamışam bəlkə, oğullarını qırğına vermişəm, pulunu sorduğum nefti dənizdən çıxaran fəhlələri dənizdə boğmuşam, nə etmişəm axı?

Mən bunları düşünür və iki ildən çox bir müddətdə fikrimdən keçən çıxış yollarını yada salırdım. O yollar Daneliyanın qəhrəmanın axtardığı yollardan çox da fərqlənmirdi. O yollar ağlıma gələndə vəziyyətimin ağırlığı məni güclü olmağa məcbur edə bilirdi. Amma indi, hər şey arxada qalandan sonra, yumşalan əsəblərim və bədənim daha məni dinləmirdi.

Üzlüyü evdə bir yerdə gizlətdim ki, gözümə dəyib, hər dəqiqə unutmaq istədiklərimi mənə xatırlatmasın.

Bu gün oğlum yaşadığım ölkənin pasportunu aldı. Üzlüyü gətirib, pasportu onun içinə saldım.

Son iki il yeddi ayda ilk dəfədir ki, boğazım düyünlənmədən nəfəs alıram…

Ana səhifəMənim FikrimcəPasport