Telefon danışığında üçtərəfli sazişlərin kompleks həyata keçirilməsi də müzakirə olunub
İyulun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə baş tutduğu bildirilir.
Kremlin yaydığı məlumatda tərəflərin Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən “Laçın dəhlizi” boyunca maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasını müzakirə etdiyi deyilir.
Bundan əlavə, bildirilib ki, söhbət zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlər kompleksinin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyətini vurğulayıblar.
“Rusiya Prezidenti həmçinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasında əməli yardım göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, – deyə Kremlin məlumatında vurğulanıb.
Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.