Paşinyan: Ermənistan Qarabağ probleminin həlli istiqamətindəki danışıqlarda irəliləyiş gözləmir

Bu fərmanı bütün siyasi dairələr tənqid edib

Source:

“Dağlıq Qarabağ danışıqların tərkib hissəsi olmalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanla danışıqlara başladığı zaman heç bir irəliləyişə ümid etmədiyini söyləyib.

“Biz heç vaxt ümid etməmişik ki, bu danışıqlar hansısa ciddi nəticələr verə bilər,” – Paşinyan Berlində alman media orqanı “Deutche Welle”- yə müsahibəsi zamanı qeyd edib.

Paşinyan son günlər baş verən müsbət dəyişiklikləri ön danışıqlar kimi dəyərləndirib.

“Qarabağ probleminin həlli üçün rəsmi danışıqlara hələ başlamamışıq. Biz sadəcə görüşürük, danışıqlar prosesilə bağlı fikir mübadiləsi aparırıq. Xarici işlər nazirlərimiz növbəti mümkün görüşümüz üçün danışıqlar aparırlar ki, bu görüş tərəflər üçün daha anlaşıqlı olsun,” – Paşinyan deyib.

Uzun sürən durğunluqdan sonra Ermənistanla Azərbaycan arasında onillərlə davam edən Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün danışıqlar yenidən canlanıb.

Son altı ayda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev üç dəfə görüşüblər. Bütün görüşlər qeyri-rəsmi və digər tədbirlər çərçivəsində keçirilsə də, həmin müzakirələr ölkələrin xarici işlər nazirləri arasında keçirilən dörd görüş ilə yanaşı, tərəflər arasında cəbhə xəttində zorakılığın azaldılmasına, eləcə də il ərzində ən müsbət ritorikaya, xüsusilə də xalqların yaxınlaşmasıyla bağlı razılaşmaya səbəb olub.

Paşinyan vurğulayıb ki, problemi çözmək bir sıra konkret məsələlərin həlli olmadan mümkün olmayacaq. O hesab edib ki, Dağlıq Qarabağ danışıqların tərkib hissəsi olmalıdır.

“Mən açıq şəkildə vurğulamışam ki, danışıqlara Ermənistan Respublikasının adından qatıla bilərəm. Axı münaqişə Dağlıq Qarabağla bağlıdır. Bəs Dağlıq Qarabağı kim təmsil edəcək? Dağlıq Qarabağ əsas tərəflərdən biridir,” – Paşinyan vurğulayıb.

“Deutche Welle”-nin jurnalisti Paşinyanın bu mövqeyini Rusiyanın “Ukraynanın Donbas əyalətində Rusiyayla deyil, mövcud separatçılarla danışıqlar aparılmalıdır” mövqeyi ilə müqayisə edərkən, Paşinyan iki konfliktin müqayisəolunmaz dərəcədə fərqli olduğunu dilə gətirib.

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda sülhə daha çox meylli hakimiyyət başçısı kimi tanınsa da, Dağlıq Qarabağın danışıqların bir tərəfi olaraq təqdim etməklə əslində sələflərindən çox da fərqlənə bilmir.

Ermənistandakı dəyişiklikləri digər çevrilişlərlə müqayisə etmək olmaz

Paşinyan həmçinin Ermənistandakı inqilabi dəyişikliyin digər post-sovet məkanında baş verən rəngli çevrilişlərlə eyni sırada hallanmasına qarşı çıxıb.

“Bizim demokratik inqilabla digər inqilabları müqayisə etmək mənimçün qəbuledilməzdir. Ən azı ona görə ki, bizim inqilabda geo-politik kontekst olmayıb. Heç bir xarici qüvvə bu inqilabda iştirak etməyib və bizim daxili siyasi işlərimizə müdaxilə etməyib. Bu, çox önəmlidir,” – Paşinyan deyib.

“Deutche Welle”-nin “Rusiya digər inqilablara bu qədər dözümsüz yanaşdığı halda niyə Ermənistandakı çevirilişə bu qədər səbrlə və neytral yanaşır” sualını cavablayan Paşinyan deyib: “Çünki bizim inqilabda heç bir xarici qüvvə iştirak etməyib. Bu, birbaşa Ermənistanın daxili işi idi və heç bir xarici qüvvənin imkanı belə olmamışdı, bizim daxili siyasi işlərimizə qarışsın. Hər zamankı kimi erməni xalqı bir olub və bir olacaqdır”.

Ermənistanın hökumət başçısı ölkədəki demokratiyanın davamlı olmasını demokratik seçimlərlə əlaqələndirib: “Bu, sadəcə mənim dəyərləndirməm deyil, bu, həm də beynəlxalq ictimaiyyətin dəyərləndirməsidir”.

Ermənistan-Almaniya münasibətləri

Paytaxt Berlinə səfəri zamanı Kansler Angela Merkellə görüşən Paşinyan Ermənistanla Almaniya arasındakı iqtisadi-siyasi münasibətləri də müzakirə edib. Paşinyan Avropa Birliyi və Almaniyanın Ermənistanda son aylarda icra edilən islahatları dəstəklədiyini söyləyib.

“Alman hakimiyyəti maraqlıdır ki, Ermənistanda demokratik və institusional dəyişikliklər baş versin və demokratiya institusional olaraq qarantiya altına alınsın,” – Paşinyan deyib.

Qərblə münasibətləri intensivləşdirməyə çalışan Paşinyan bu qərbyönümlü siyasətin Rusiyayla münasibətlərə təsir etməyəcəyini də bildirib.

“Deutche Welle”-nin jurnalistinin “bu iki stulda oturmaq siyasəti Ukraynanın eks-prezidenti Viktor Yanukoviçdə alınmadı, siz bunu necə reallaşdıracaqsınız” sualına Paşinyan gülərək belə cavab verib: “Biz iki stulda oturmağa çalışmırıq. Mənim bir stulum var və mən bu stulda otururam. Bizim iki stulda oturmaq kimi bir məqsədimiz də yoxdur. Bütün ölkələrin, o cümlədən də Almanyanın çoxtərəfli münasibətləri var. Biz də bu yolda irəliləyirik. Biz bütün ölkələrlə münasibətlərimizi inkişaf ettirməyə çalışırıq”.

Paşinyan onu da qeyd edib ki, Ermənistanın qarşısına qərb ölkələri tərəfindən Rusiyayönümlü Avrasiya İqtisadi Tərəfdaşlıq Təşkilatıyla Avropa Birliyi arasında seçim qoyulmayıb və o qərbin bu addımını “çox önəmli bir fakt” olaraq dəyərləndirib.

“Bizim həm Avrasiya İqtisadi Tərəfdaşlıq Təşkilatıyla, həm də Avropa Birliyiylə münasibətlərimiz şəffafdır,” – Ermənistanın Baş naziri vurğulayıb: “Biz bir tərəfdaşla əməkdaşlığımızı genişləndirib, digərini asqıya almağa çalışmırıq”.

Ermənistan hazırda Avrasiya İqtisadi Tərəfdaşlıq Təşkilatının İqtisadi Komissiyasına sədrlik edir.

Ana səhifəXəbərlərPaşinyan: Ermənistan Qarabağ probleminin həlli istiqamətindəki danışıqlarda irəliləyiş gözləmir