Baş nazir deyir ki, sülh sazişinin imzalanmasının vaxtı çatıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtının çatdığını bildirib.
Bu barədə Nikol Paşinyan mayın 14-də Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı danışıb.
Paşinyan deyib ki, demokratiyanın əsl və ən arzuolunan yoldaşı davamlı və sabit sülhdür:
“Hökumətim buna görə məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz, sadəcə, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında Almatı Bəyannaməsinə görə, dövlət sərhədlərinə çevrilən inzibati sərhədləri bərpa etməliyik”.
“Dünyanın kəsişməsi” layihəsinə gəlincə, Paşinyanın fikrincə, bu layihə Ermənistan və Azərbaycanın suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun nəqliyyat və digər kommunikasiyaların bərpa etməsini nəzərdə tutur:
“Biz əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazırıq. Vurğulamaq istəyirəm ki, demokratiya Ermənistan üçün strategiyadır. Biz demokratiyaya inanırıq, demokratiyada yaşayırıq”.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla keçirdiyi mətbuat konfransında Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini açıqlayıb:
“Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra gündəmə danışıqlar üçün yenidən gətiriləsi məsələlər qalmayan bir sənəd olmalıdır”
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.