Siyavuş Novruzov qanuna dəyişikliklər təklif edir
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədə maliyyə hesabatı verməyən partiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edən S.Novruzov bəyan edib ki, hesabat verən partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.
“Biz “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etdik. Orada partiyaların Mərkəzi Seçki Komissiyasına konkret hesabat verilməsi nəzərdə tutulub. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər, bəziləri isə ümumiyyətlə hesabat vermirlər. Digərləri xaricdən müxtəlif yerlərdən qrantlar alır, heç bir maliyyə hesabatı vermir. Ona görə bununla bağlı yenə dəyişiklik etməliyik”, – S.Novruzov deyib.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir.