Parlament məhkəmələrdə nümayəndəlik institutunu ləğv edən qanunu qəbul etdi

Vəkil: “Bu hüquqa tamamilə ziddir”

Source:
Məhkəmə, arxiv foto
Məhkəmə, arxiv foto


Vəkil: “Bu hüquqa tamamilə ziddir”

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Hüquqşünas Samirə Ağayeva məlum dəyişikliyin mənfi təsir edəcəyini və qanunun qüvvəyə minməsi ilə bu sahədə xaosun yaranacağını iddia edir.

Samirə Ağayeva
Samirə Ağayeva

Meydan TV-yə danışan S.Ağayeva bildirib ki, Azərbaycanda vəkillərin sayı çox azdır, bununla bərabər nümayəndələrə də çıxış qadağası qoyulur.

“Belə olduqda vətəndaşlar tam müdafiəsiz qalacaq. Müsbət tərəfi yalnız qeyri-hüquqşünasların məhkəmələrdə iştirakının qadağan edilməsi sayıla bilər. Amma Nümayəndəlik İnstitutunun tam ləğvi tamamilə hüquqa ziddir. Təsəvvür edin ki, maliyyə çatışmazlığından fiziki, hüquqi şəxslər məhkəmə proseslərində vəkil tuta bilmirlər. Belə olduqda adətən nümayəndələr pulsuz xidmət göstərirlər”, – S.Ağayeva deyib.

Vəkil Xalid Bağırov isə düşünür ki, layihənin qəbulu hüquqi sahədə tamamilə bərbad vəziyyət yaradacaq.

Hüquqşünas Xalid Bağırov
Hüquqşünas Xalid Bağırov

“Nəticədə vətəndaşlar problem yaşayacaq və korrupsiya “çiçəklənəcək”. Hüquqi yardımın olmaması korrupsiyaya dəstək verən amildir. Vətəndaş hüquqlarını müdafiə edə bilməyəndə məcbur olur rüşvət verir. Bax, belə mənzərə yaranacaq”, – X.Bağırov bildirib.

Hüquqşünasların kəskin tənqid etdiyi qanun layihəsi oktyabrın 20-də Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilsə də, sonradan qanun layihəsinin natamam işlənməsi səbəbindən parlamentin gündəliyindən çıxarılmışdı.

Ana səhifəXəbərlərParlament məhkəmələrdə nümayəndəlik institutunu ləğv edən qanunu qəbul etdi