Hazırda ölkədə COVID-19 pandemiyası ilə əlaqədar 2 günlük sərt karantin rejimi tətbiq edilir. Milyonlarla insan 2 günlük tam ictimai izolyasiya rejimində evdə qalmalıdır. Bu rejimin gələcəkdə təkrarlanması təklifləri səsləndirilir.
Bəs hazırkı sərt karantin rejimi nə dərəcə effektiv həll üsuludur?
Bu analitik yazımda bu suala cavab tapmağa çalışmış və həmçinin problemin həlli üçün sadə "3W" həll üsulu təklif etmişəm. Təhlil göstərir ki, hazırkı sərt qapanma əks effekt verərək virusun yayılma sürətini 2 dəfə artıra bilər.
Hazırkı dünyada rəqəmlər və təhlil üzərində qurulmayan layihələrin uğur qazanma ehtimalı kiçikdir. “Starcount” şirkətinin analitiki Clive Humby hələ 2006-cı ildə deyib ki, "Data is the NEW OIL" (Rəqəmlər müasir neftdir). Bu səbəbdən karantin rejimi də tətbiq olunmazdan əvvəl riyazi təhlil və modellər əsasında onun effektivlyinin qiymətləndirilməsi vacibdir.
Aşağıdakı kiçik analizi nəzərdən keçirək.
Tutaq ki, hər hansı bir supermarketə həftənin 7 günü ərzində cəmi 7000 müştəri daxil olur.
Şənbə və bazar günlərinin pik günlər olduğunu nəzərə alıb fərz edək ki, həftənin 5 iş günü hər gün supermarketə 800 nəfər, 6-cı və bazar günləri isə hər gün 1500 nəfər daxil olur (5×800 + 2×1500 =7000)
Tutaq ki, supermarketin xidmət ərazisi 1000 kv.m-dir və səhər saat 9:00-dan gecə 24:00 kimi işləyir. Məlumdur ki, iş günləri pik saatlar axşam 18:00- 24:00 arası olan saatlardır. Fərz edək ki, iş günləri alış-verişə gələn 800 müştərinin 300-ü axşam 18:00-a kimi, qalan 500-ü isə axşam 18:00-dan gecə 24:00 kimi gəlir.
Əsas sualımızı verək. Karantin rejiminin strateji məqsədi nədir? İnsanların ictimai qapalı yerlərdə minimum 2 metr sosial məsafəni saxlaması doğrudurmu?
Bu, o deməkdir ki, bir insan hər hansı anda ətrafında 2 metr radiusu olan dairədə tək olmalıdır. Həndəsədən bilirik ki, 2 metr radiusu olan dairənin sahəsi S=П×R^2 düsturu ilə 12.5 kv.m edir. Deməli, bir insana qapalı yerlərdə 12.5 kv.m sahə icazəsi var. Bu qaydaya uyğun olaraq hesablasaq, bu supermarket sosial məsafənin qorunması üçün eyni anda maksimum 80 müştəri qəbul edə bilər (1000 kv.m/ 12.5 kv.m = 80)
İndi isə gəlin "həftəsonu EvdəQal" rejimi tətbiq olunmazdan əvvəl və sonra bu supermarketdə bu normanın (max 80 nəfər) səviyyəsini yoxlayaq.
1) Bu rejim tətbiq olunmazdan əvvəl (normal həyat):
İş günləri: (1-5 günlər)
9:00-18:00 arası = 300 müştəri / 9 saat = 1 saata 33 müştəri ( <80, normadan çox aşağı) 18:00-24:00 arası = 500 müştəri / 6 saat = bir saata 83 müştəri (>80, normadan cüzi yuxarı)
Həftəsonu (6 və bazar) isə
1500 müştəri / 15 saat = bir saata 100 müştəri (>80, normadan azca yuxarı)
2) Bu rejim tətbiq olunandan sonra:
Həftəsonu evdə qalmaq qadağası qoyduqdan sonra şənbə və bazar günləri marketə gələ bilməyən 3000 müştəri (1500× 2gün) bazarlığını məcburən iş günləri axşam 18:00-24:00 arası olan saatlarda etməyə məcbur olub. Bu isə bu saatlarda alverə gələnlərin sayını 500-dən 1100-ə qaldırır (500 + 3000 müştəri /5 gün = 1100). Nəticədə 18:00-24:00 arası saatlarda marketdə hər saata orta hesabla 183 müştəri (1100/ 6 saat) düşür. Bu isə normadan (80 müştəri) 2 dəfədən çoxdur.
Beləliklə, "həftəsonu EvdəQal" rejimindən sonra iş günləri 18:00-24:00 arası supermarketdə SOSİAL MƏSAFƏ tələbi 2 dəfə azalmış (pisləşmiş) olacaq.
Başqa sözlə, əgər supermarket sosial məsafənin qorunması məqsədilə hər saatda 80 müştəri (1000 kv.m/ 12.5 kv.m = 80) qəbul etməli idisə, "həftəsonu EvdəQal" tələbinin tətbiqindən sonra 2 dəfədən çox, yəni 183 müştəri qəbul etməyə məcbur olacaq (183 > 80).
Bu isə sonda VİRUS-un 2 dəfə sürətlə yayılması demək deyilmi?
Odur ki, bu problemi milyonlara kütləvi qadağalar qoymaqla yox, problemi detallı analiz etmək, əsas risk daşıyan sahələri müəyyənləşdirmək və yalnız bu sahələrə spesifik limitlər və qadağalar qoymaqla daha effektiv həll etmək olar. Bir neçə yüz iri biznes və xidmət mərkəzlərinə nəzarət etmək milyonlarla insana evdə nəzarət etməkdən qat-qat asan və effektiv olardı.
Əks halda təcrübədən bildiyimiz kimi "One-size-fits-all" strategiyalar effekt vermir və çox zaman iflas olur. Türkiyədə, Rusiyada və s.ölkələrdə effekt verən yanaşma bizdə verməyə bilər və ya əksinə.
Sadə 3W strategiyası (Where, Why, When) ilə bu problemin daha effektiv həllini tapa bilərik. 3 açar sualımız olacaq:
1) Ən çox kütlə harda toplaşır? 2) Nə üçün? 2) Hansı saatlarda?
Bu suallar ətrafında aparılan analizlərə əsaslanıb hər bir KATEQORİYA üzrə limitlər və qadağalar qoymaq lazımdır. Hesab edirəm ki, ən potensial və şiddətli YOLUXMA MƏNBƏLƏRİ 1) Supermarketlər, 2) Mall-lar və 3) Restoranlardır.
Bu sahələri isə aşağıdakı kimi tənzimləmək olar.
Məsələn, bir supermarketin sahəsi 1000 kv.m-dirsə o zaman bu ticarət müəssisəsinin eyni anda 1000 kv.m /12.5 kv.m = 80 nəfəri təhlükəsiz formada qəbul etmək imkanı var. Yəni eyni anda bu obyektin daxilində maksimum 80 nəfər müştərinin olmasına icazə verilə bilər. Eyni qaydada digər sahələr üçün limitləri hesablamaq olar. Bu yanaşma bizə imkan verir ki, hər bir OBYEKTƏ onun texniki pasportunda göstərilən işlək sahəsinə uyğun LİMİTLƏR qoyaq.
Bu metodu tətbiq etməklə İQTİSADİ və PANDEMİYA problemləri arasında optimal nəticə əldə etmək olar. Əks halda hazırkı qadağa nəinki iqtisadi durğunluq yarada, həmçinin epidemiyanın qarşısını almaq üzrə əks-effekt verə bilər.
Bəs bu strategiyanı necə tətbiq etmək olar?
Bildiyimiz kimi virusun yayılmamasına 100% nail ola bilmərik, buna nail olmaq qeyri- mümkündür və bunun üçün çalışmaq da əbəsdir. Virus yayılmasın deyə iqtisadi aktivliyi zəiflətmək səhv qərar olardı. Bizə İQTİSADİ aktivlik ilə PANDEMİYA arasında optimal balans əldə etmək lazımdır.
Bu mənada bütün mağazalara, ticarət mərkəzlərinə, salonlara və s. xidmət sahələrinin hamısına limitlər qoymaq effektiv üsul deyil. Effektiv üsul statistik rəqəmlər və analiz əsasında əhalinin ƏN ÇOX səfər etdiyi YERLƏR, bu yerlərə vizitlərin SƏBƏBLƏRİ və belə səfərlərin PİK saatları müəyyən edilməsi və yalnız bu yerlərə və müştəri qruplarına qadağa və limitlər tətbiq olunması ilə əldə oluna bilər.
Məsələn, ehtimal var ki, əhalinin 90%-dən çoxu ərzaqları supermarketlərdən alır və əhalinin ən azı 50%-i müasir Mall-lara gedir. Buna görə də Bakıda və digər iri şəhərlərdə bu kimi obyektlərin siyahısı hazırlanmalı, onların pik saatları müəyyənləşdirilməli və bunların əsasında bu mərkəzlərə müştəri axınını idarəetmək və nəzarət etmək üçün vahid mexanizm hazırlanmalıdır. Məsələn, Bakıda hər ay on mninlərlə müştəri qəbul edən supermarketlərin və Mall-ların sayı minlərlə deyil, ən çox halda bir neçə yüz (100- 500) arası dəyişə bilər ki, bu da elə böyük həcm deyil.
Hesab edirəm ki, insanların ən çox baş çəkdiyi iri biznes obyektlərinə nəzarət və limitlər qoymaqla biz təxminən əhalinin 70%-dən çoxunu nəzarətə ala bilərik. Başqa sözlə, milyonlarla insanı evdə saxlamaqdansa milyonlarla insanın səfər etdiyi bir neçə yüz iri mərkəzləri tanımaq və onlara nəzarət etmək bütün mənalarda qat-qat faydalı qərar olardı. Milyonlarla insanın evdə saxlanılması həm də iqtisadiyyatın alıcı qüvvəsinin (Purchasing Power) həmin günlərdə bloklanmasıdır. Bundan qat-qat faydalı metod isə cəmi bir neçə mərkəzi nəzarətə almaq olmazdımı?
Bu mərkəzlərə qadağalar və limitlər necə qoyula bilər?
Yuxarıda göstərildiyi kimi, hər bir obyektin eyni anda qəbul edə biləcəyi maksimum müştəri sayı müəyyənləşdirildikdən sonra müştərilər obyektə növbə əsasında buraxılacaqlar. Məsələn, bu say 100-dürsə, eyni anda obyektin ərazisində 100-dən çox müştəri olmayacaq. Binanı tərk edən müştərilərin sayına uyğun yeni müştərilər binaya daxil ola biləcəklər. Məsələn, aşağıdakıları tətbiq etməklə bu prosesi həyata keçirmək olar
1) Hər bir müştəriyə binaya daxil olmaq üçün gündə bir dəfə olmaqla maksimum 2 saatlıq icazə verilməsi 2) Binanın girişində canlı nəzarət və müasir radar sistemi ilə giriş-çıxışın tənzimlənməsinin təşkili 3) Binada olan müştərilərin sayını bilmək və tənzimləmək üçün girişdə bar-kodlardan istifadə edilməsi
Qeyd edim ki, bu prosesi həyata keçirmək və ona nəzarət etmək ilkin vaxtlarda çətin ola bilər, amma zamanla onu təkmilləşdirmək mümkündür. İlkin zamanlarda nəzarəti həyata keçirmək üçün polis nəfərlərinin dəstəyindən istifadə etmək olar.
Bundan başqa, dövlətin müvafiq orqanlarının dəstəyi ilə qısa zamanda bu biznes müəssisələrinə mobil tətbiqlərin hazırlanmasına nail olmaq olar, hansı ki, yuxarıda qeyd olunan prosesin online formada daha asan qeydiyyatı və nəzarətini həyata keçirməyə dəstək ola bilər.
Sonda qeyd edim ki, Dünya Səhiyyə Təşkilatının və digər araşdırma mərkəzlərinin hesablamalarına görə,dünya COVID-19 ilə hələ uzun bir yol getməyə hazır olmalıdır. Bizim də hamı kimi bu virusdan birbaşa və asan yolla xilas olmağımız çətin görünür. Odur ki, bu problemin həlli iqtisadi və səhiyyə məqsədlərini optimal birləşdirə biləcək uzun müddətli strategiyanın hazırlanmasını tələb edir.
Rəşad Ataşov